Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının sədri İsmayıllı
şəhərində vətəndaşları qəbul etmişdir
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin, şikayət və təkliflərinin həlli üçün operativ tədbirlər görürlər.
AzərTAc xəbər verir ki, əvvəlcədən tərtib olunmuş qrafikə əsasən, növbəti belə bir qəbul mayın 16-da İsmayıllıda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə tərəfindən keçirilmişdir.
İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda İsmayıllı, Qobustan, Şamaxı və Qəbələ rayonlarından olan vətəndaşlar iştirak etmişlər.
Vətəndaşlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinə əsasən, regionlarda yaşayan müəllimlərin qəbul imtahanlarının məzmununu təşkil edən materialların hazırlanması işində komissiya ilə sıx əməkdaşlığa cəlb olunmaları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişi, gənclərin xarici ölkələrdə təhsil imkanları, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və digər məsələlərlə bağlı müraciət etmişlər.
Bütün müraciətlər diqqətlə dinlənilmiş, bəzi məsələlər yerindəcə həll olunmuşdur. Bir sıra məsələlərin araşdırılaraq operativ surətdə həlli üçün konkret tapşırıqlar verilmişdir. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydiyyatı aparılmış, aidiyyəti üzrə müvafiq orqanlara çatdırılması üçün göstəriş verilmişdir.
Vətəndaşlar göstərilən diqqət və qayğıya, qəbul üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan.-
2014.- 17 may.- S.4.