Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin kollegiya
iclası keçirilmişdir
Mayın 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilmiş kollegiya iclasında ətraf mühitin mühafizəsi və meşələrin inkişafı departamentlərinin, həmçinin onların tabeli qurumlarının bu ilin I rübü ərzində fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
ETSN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda çıxış edən nazir Hüseyn Bağırov ölkəmizdə ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələlərin daim diqqət mərkəzində saxlandığını, dövlət başçısının ətraf mühitin mühafizəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük dəstək verdiyini, bu istiqamətdə iri layihələrin uğurla həyata keçirildiyini və bu layihələrin davam etdirildiyini bildirmişdir.
Kollegiya iclasında Ətraf Mühitin Mühafizəsi Departamenti və onun tabeli qurumları tərəfindən görülmüş işlərin yekunu, “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”na daxilolmaların icra vəziyyəti və qarşıda duran vəzifələr barədə məlumat verilmişdir. Eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyi pozmuş hüquqi və fiziki şəxslərin onlara tətbiq edilən cərimələri ödəməkdən yayınması, hüquq-mühafizə orqanlarına, məhkəmə və məhkəmə icraçılarına göndərilmiş işlərin əksəriyyətinə hələ də baxılmaması təəssüflə qeyd olunmuşdur.
İclasda meşələrin artırılması və bərpası istiqamətində 2014-cü ilin ötən dövrü ərzində görülmüş işlərdən də danışılmış, o cümlədən yol verilmiş nöqsan və problemlər də müzakirə edilmişdir.
Yığıncaqda, həmçinin yerli ərazi ekologiya və təbii sərvətlər şöbələrinin iş fəaliyyətinin səmərəliliyinin artırılması, o cümlədən ətraf mühitin mühafizəsi, ekoloji təbliğat və monitorinq sahəsində həyata keçirilən tədbirlərin yüksək səviyyədə aparılmasının təmin edilməsi, bu sahədə nöqsanların aradan qaldırılması, eyni zamanda, meşələrə qeyri-qanuni müdaxilə hallarına qarşı effektiv mühafizə tədbirlərinin tətbiq olunması və meşə fondundakı açıq ərazilərdə, xüsusən aran rayonlarında geniş massivlərdə əkin işlərinin aparılması barədə aidiyyəti qurumlara göstəriş verilmişdir.
Azərbaycan.-
2014.- 17 may.- S.4.