Zaqatalada Ulu Öndərin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş VI Kitab bayramı keçirilmişdir

 

Zaqatala şəhərindəki Dədə Qorqud meydanında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə VI Kitab bayramı keçirilmişdir.

AzərTAc xəbər verir ki, rayon rəhbərliyi, ziyalılar və ictimaiyyətin nümayəndələri əvvəlcə meydanda təşkil olunmuş kitab sərgiləri və guşələrə baxmışlar.

Rayon mərkəzləşdirilmiş kitabxana sisteminin hazırladığı “Zirvədən baxan öndər”, “Mən həmişə səninləyəm, Azərbaycan”, “Əsrin sönməz günəşi”, “Doğma Azərbaycanım”, “Zərifə Əliyeva-91”, “2014-cü il-Sənaye ilidir”, “Qarabağın tarixi”, “Təbiətimizi qoruyaq”, “Qəhrəmanlar unudulmur” və digər mövzularda kitab sərgiləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Bayram tədbirində uşaqların Azərbaycan xalq nağılları əsasında hazırladıqları səhnəciklər, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir. Rayon mərkəzi və kənd kitabxana filiallarının “Bacarıqlı əllər” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgilər tədbir iştirakçılarının marağına səbəb olmuşdur.

Məlumat verilmişdir ki, hazırda Zaqatala rayonunda bir mərkəzi və 56 filial kitabxanası fəaliyyət göstərir. Kitabxanaların fondlarında, ümumilikdə, 408 mindən artıq kitab vardır. Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, son illər kitabxana fondlarına 94 min nüsxə latın qrafikalı ədəbiyyat daxil olmuşdur.

 

Azərbaycan.- 2014.- 17 may.- S.7.