Bakıda gənc rəssamların sərgisi
açılmışdır
Mayın 16-da Baku Modern Art studiyasının, Qalereya 1969 sərgi salonunun və UNESCO-nun dəstəyi ilə Bakıda gənc rəssamların sərgisi açılmışdır.
AzərTAc xəbər verir ki, Qalereya 1969 sərgi salonunda açılan "Günəşli gün" mövzusunda sərgidə 50-dən çox gənc rəssamın əsəri təqdim edilmişdir. Bu əsərlərin müəllifləri 3 yaş yarımdan 16 yaşadək olan uşaqlar idi. Sərgidəki bəzi əsərlər isə balaca rəssamların birgə işbirliyi nəticəsində yaranmışdır.
Əməkdar rəssam Əsmər Nərimanbəyova sərginin ərsəyə gəlməsi barədə danışmışdır. Bildirmişdir ki, bir müddət əvvəl Parisdə UNESCO-nun mənzil-qərargahında 15 uşağın 30-a yaxın rəsm əsərindən ibarət sərgi təşkil edilmişdi. Bu gün isə belə sərgi artıq Azərbaycanda yaşayan gənc rəssamların əsərlərindən təşkil olunmuşdur. Rəssamlığın sirlərini öyrənən bu balaca yaradıcıların sərgisinə Parisdə təşkil edilən sərginin müəlliflərinin də əsərləri gətirilmişdir.
Bu layihə əslində Avropa və Azərbaycanın gənc rəssamları arasında körpü rolunu oynayır. Bu sərgi həm də balaca istedadlara bir-birinin yaradıcı dünyası ilə tanış olmaq imkanı yaradır. Sərginin qəhrəmanları olan bu uşaqlar nəinki öz əsərlərinə yaradıcılıqda özlərinə həmkar saydıqları, özləri kimi balaca rəssamların əl işlərinə də diqqətlə baxmış, bu əsərlər qarşısında fotolar çəkdirmiş və ən əsası bir-biriləri ilə ünsiyyətdə olmuş, dostlaşmışlar. Bu rəsmləri yaradan uşaqlar öz fikirlərini müxtəlif, özlərinə məxsus tərzdə ifadə etsələr də, arzuları eyni idi: Biz sülh istəyirik, yaşasın Azərbaycan!
Azərbaycan.-
2014.- 17 may.- S.8.