Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Xorvatiyaya rəsmi səfər edir

 

 

Bu gün Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Xorvatiya Respublikasına rəsmi səfərə gedir. Bu barədə jurnalistlərlə brifinq keçirən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

A.Təvəkküloğlu Azərbaycan parlamenti nümayəndələrinin səfər çərçivəsindəki iş planından danışıb. Bildirib ki, Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Xorvatiyanın parlamentində olacaq, ölkənin qanunvericilik orqanının fəaliyyəti ilə yaxından maraqlanacaq. Milli Məclis Sədrinin Xorvatiya parlamentinin spikeri Josip Leko ilə görüşündə parlamentlərarası əlaqələrin bugünkü vəziyyəti və gələcək inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi barədə danışıqlar aparılacaq.

Səfər çərçivəsində Oqtay Əsədovun Xorvatiyanın Prezidenti İvo Josipoviçlə, Baş nazir Zoran Milanoviçlə, Baş nazirin birinci müavini, xarici və Avropa işləri naziri xanım Vesna Pusiçlə və digər rəsmi şəxslərlə bir sıra görüşləri də nəzərdə tutulub. Bu tədbirlərdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr olacaq. Deputatlarımız həmçinin Zaqreb şəhərində Xorvatiya Milli Arxivi ilə tanış olacaq, sonra Dubrovnik şəhərinə gələrək burada bir sıra mədəni proqramlarda iştirak edəcəklər.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Qüdrət Həsənquliyev, Çingiz Əsədullayev, Sahibə Qafarova, Milli Məclis Aparatının  rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Parlament nümayəndə heyətinin Xorvatiyaya səfəri mayın 20-də başa çatacaq.

 

Elgün MƏNSİMOV

Azərbaycan.- 2014.- 18 may.- S.4.