Azərbaycan muzeyləri milli özünəməxsusluğumuzu dünyaya təcəssüm etdirir

 

 

Azərbaycan xalqının ən qədim zamanlardan müasir dövrədək tarixini, həmçinin mədəniyyətinin inkişaf yolunu əks etdirən muzeylər ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliği işində mühüm rol oynayır. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olub respublikamızın bütün bölgələrini əhatə edir.

1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında qəbul olunmuş qərara əsasən, hər il may ayının 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. 1978-ci ildən etibarən dünyanın 150-yə yaxın ölkəsində bu bayram xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Həmin gün dünya ictimaiyyətinin diqqəti hər bir xalqın zəngin mədəni irsinə, incəsənətinə, tarixi keçmişinə yönəldilir, milli özünəməxsusluğu nümayiş etdirmək baxımından əvəzsiz imkanlar açılır.

Müasir dövrdə muzeylərin sosial-mədəni rolunun əhəmiyyətli dərəcədə yüksəlməsi onları beynəlxalq aləmdə mədəni proseslərin fəal iştirakçısına çevirmişdir. Bu gün muzeylər qloballaşmanın neqativ təsirlərinə müqavimət göstərən, keçmişlə bağlı həqiqətləri özündə təcəssüm etdirən, mədəni irsi qoruyan müqəddəs məbəd hesab edilir.

Elmi mənbələrdə göstərilir ki, "muzey" yunan sözü olub, "muzalar məbədi" deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdular. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, qoruyub saxlayan, nümayiş etdirən, tədqiq və təbliğ edən elmi müəssisələr belə adlandırılmışdır. Dünyada ilk muzey Ellin dövründə qədim Misirin paytaxtı İsgəndəriyyə şəhərində yaradılmışdır. Burada 40 mindən çox eksponat - sikkələr, heykəllər, sarkofaqlar, gil qablar, papiruslar və bir-birindən gözəl təsviri sənət nümunələri toplanmışdır.

Hazırda bir sıra ölkələr məhz muzeyləri sayəsində dünya ictimaiyyətinin, xüsusilə elm, siyasət adamlarının, turistlərin  diqqətini çəkir, mədəniyyətlərini qlobal miqyasda təbliğ etmək imkanı əldə edirlər. Dünyada məşhur muzeylər sırasında Parisin Luvr (Fransa), Londonun ViktoriyaAlbert (Böyük Britaniya), İstanbulun Topqapı (Türkiyə), Sankt-Peterburqun Ermitaj (Rusiya) və s. muzeyləri göstərmək olar.

Ölkəmizdə muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus yol keçmişdir. Azərbaycan hökmdarlarının saraylarında, məbədlərdə, həmçinin digər tikililərdə mədəniyyət tariximizin ən müxtəlif dövrlərinə aid qiymətli əşyalar və sənət nümunələri mühafizə edilmişdir. Tarixi və bədii əhəmiyyət daşıyan eksponatların mühüm bir qismi sonrakı dövrlərdə əsas etibarilə şəxsi kolleksiyalarda toplanmışdır. Eyni zamanda, tarixən regionda baş vermiş geosiyasi hadisələr nəticəsində Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin unikal nümunələri yüksək estetik dəyərə malik əsl sənət möcüzələri kimi dünyanın ən məşhur muzeylərinin daimi eksponatları sırasında yer almışdır.

XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın ictimai-siyasi, mədəni fikir həyatında sürətlə cərəyan edən proseslər öz növbəsində muzey işinin təşkilinə təkan vermiş və ölkəmizdə müasir tipli muzeylərin yaradılmasına başlanmışdır. Belə muzeylərdən biri görkəmli maarifpərvər yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında təşkil olunmuşdur.

İlk milli muzeyin yaranması isə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. 1919-cu il dekabrın 7-də "İstiqlal" muzeyinin fəaliyyətə başlaması o dövrün mühüm mədəni hadisələrindən olmuşdur. Muzeyin təsis edilməsi ilə əlaqədar "Azərbaycan" qəzeti 1919-cu il 23 sentyabr tarixli sayında yazırdı: "Sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da vətənimiz Azərbaycanda bir milli muzey təsisidir. Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını "milli muzey" qoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə "İstiqlal muzesi" olmasını əhəmiyyətli görürüz".

Azərbaycan Parlamenti Rəyasət Heyətinin maliyyələşdirdiyi muzeydə tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar toplanmışdı. 1920-ci ilin məlum aprel hadisələrindən sonra "İstiqlal" muzeyinin eksponatları yenidən təşkil olunaraq Azərbaycan Dövlət Muzeyinə verilmişdir. Maddi mədəniyyət nümunələrinin, müxtəlif nadir əlyazma və sənət əsərlərinin toplandığı bu muzeyin müvafiq şöbələri əsasında 1930-cu illərdə artıq bir neçə muzey yaradılmışdır.  Ötən əsrin 70-ci illərindən etibarən respublikada muzey şəbəkəsinin inkişafı daha intensiv şəkil almış və yüzdən artıq muzey yaradılmışdır. Ölkəmizdə tarix-diyarşünaslıq muzeyləri, görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev, xatirə muzeyləri təşkil edilmişdir.

Nizami adına Ədəbiyyat muzeyi, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan Tarixi, Xalq Maarifi muzeyləri bugünədək fəaliyyət göstərir.

Onu da təəssüflə vurğulamaq lazımdır ki, müstəqilliyin ilk illərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi respublikamızda muzeylərin inkişafına ağır zərbə vurmuşdur. Erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalan ərazilərimizdəki tarix-memarlıq abidələri, xatirə-memorial komplekslər və muzey-qoruqlar dağıdılmış, fondlarda mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarları bütünlüklə qarət edilmişdir.

Erməni qəsbkarlarının törətdikləri vandalizm aktları "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Dünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir. Erməni işğalı zamanı Şuşada 8 muzey talan edilmişdir. Ümumilikdə, işğalda qalan ərazilərdə 500-dək tarixi-memarlıq, 100-dək arxeoloji abidə, 22 muzey, 4 rəsm qalereyası düşmən tərəfindən dağıdılmışdır. Hələ keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyinin yerlə-yeksan edilməsi, Şuşa şəhərinin Tarixi Muzeyindən 5 minədək, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyindən 13 minədək, Zəngilan, Laçın Tarix-Diyarşünaslıq muzeylərinin hər birindən 6 minədək, Ağdam Tarix-Diyarşünaslıq Muzeyindən 2 mindən çox, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyindən 3 mindən çox eksponatın qarət edilməsi erməni vandalizminin əsl miqyasını üzə çıxarır. Eləcə də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialından 1000-dən çox, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək, Üzeyir Hacıbəylinin Xatirə Muzeyindən 300-dən çox, Bülbülün Xatirə Muzeyindən 400-dək, Mir Möhsün Nəvvabın Xatirə Muzeyindən 100-dən çox əşya və materiallar düşmən tərəfindən mənimsənilmişdir. Şuşa, Laçın və Qubadlı rəsm qalereyaları dağıdılmış, respublikamızın tanınmış rəssam və heykəltəraşlarının nadir əsərləri qarət edilmişdir. Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın heykəlləri Ermənistan ərazisinə aparılmış, bu abidələrə əxlaq normalarına, beynəlxalq humanitar prinsiplərə zidd olaraq vəhşicəsinə güllələr atılmış, ağır texnika vasitəsilə zədələnmişlər. Sonradan həmin abidələr çox çətinliklə Bakıya gətirilmişdir. Hazırda onlar İncəsənət Muzeyində nümayiş etdirilir. İşğal olunmuş ərazilərdə, ümumilikdə, 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalmışdır.

Ulu öndər Heydər Əliyev xarici səfərlərində, görüşlərində işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni sərvətinin talanması və məhv edilməsi faktlarını diqqətə çatdırmış, erməni vandalizminin üzünü açmışdır. Ötən əsrin 90-cı illərinin  ortalarından başlayaraq ümummilli liderin müvafiq sərəncamları ilə Bakıda (Əmircan qəsəbəsində) xalq rəssamı Səttar Bəhlulzadənin, görkəmli musiqiçilər LeopoldMstislav Rastropoviçlərin, Naxçıvan şəhərində isə Azərbaycan Xalçası Muzeyi və Cəlil Məmmədquluzadənin ev-muzeyi açılmışdır. 1993-cü ildə Azərbaycanda muzeylərin sayı 115 idisə, 1994-cü ildə bu rəqəm 135-ə, 1995-ci ildə isə 145-ə yüksəlmişdi. Əsasən, tarix, diyarşünaslıq, memorial və sənətşünaslıq muzeylərinin sayında artım müşahidə edilmişdir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ildə "Muzeylər haqqında" qanunun qəbulu bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə, fəaliyyətinin hüquqi əsaslarının yaradılmasına geniş imkanlar açmışdır.

Muzey şəbəkəsinin genişləndirilməsi işi son 10 ildə Prezident İlham Əliyevin yürütdüyü mədəniyyət siyasətinin mühüm prioritetlərindən olmuşdur. Ölkə başçısı bu sahəyə daim xüsusi diqqət və qayğı ilə yanaşmış, eyni zamanda bir sıra yeni muzeylərin yaradılmasının bilavasitə təşəbbüskarı olmuşdur. Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir.

Ölkə başçısının "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında", "Müasir İncəsənət muzeyinin yaradılması haqqında", "Bakı şəhərində Neft muzeyinin yaradılması haqqında",   "Azərbaycanda Olimpiya hərəkatı və İdman muzeyinin yaradılması haqqında"  sərəncamları muzey işinə dövlət qayğısının əyani təcəssümüdür.

Ölkə muzeylərinin vəziyyətinin yaxşılaşdırılması tədbirləri bir tərəfdən maddi-mənəvi abidələrimizin mühafizəsinə, digər tərəfdən isə inkişaf edən respublikamızın mədəniyyət ocaqlarının dünya standartlarına uyğun şəkildə həyata qaytarılmasına, bərpa edilməsinə, yaşadılmasına xidmət edir. Prezident İlham Əliyevin 2007-ci il 6 mart tarixli "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" sərəncamı milli mədəni sərvətlərimizin qorunması, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarlarının gələcək nəsillərə çatdırılması işində mühüm keyfiyyət dəyişikliyinə təkan vermişdir.

Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı"nın təsdiq edilməsi haqqında sərəncamı, habelə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Muzey işinə dair məqsədli dövlət inkişaf Proqramı (2008-2011-ci illər)"nın hazırlanması muzey işi sahəsində genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə imkan yaratmışdır. Bu il may ayının 16-da ölkə rəhbəri tərəfindən "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına fəxri adların verilməsi, onların təltif olunması, habelə "Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksində abadlıq-quruculuq işlərinin aparılması haqqında" sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür.

Respublikada muzey şəbəkəsinin inkişafına və muzey işinin hərtərəfli yaxşılaşdırılmasına Heydər Əliyev Fondu da əvəzsiz töhfələr bəxş edir. Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin inşa edilməsi fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın milli-mənəvi irsə həssas münasibətinin ifadəsidir.

Bundan başqa, fondun təşəbbüsü ilə Bakıda (Qala kəndində) açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması da xüsusi qeyd edilməlidir. Muzeydə Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanaraq bərpa olunmuşdur. Bu ərazidə eramızdan əvvəl III-II minilliklərə aid kurqanlar, yaşayış və digər memarlıq abidələri ibtidai görünüşündə olduğu kimi qurulmuşdur.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda yaradılmış Müasir İncəsənət Muzeyi bu gün ölkə ictimaiyyəti tərəfindən daha böyük maraqla qarşılanır.

Muzeyin ekspozisiyasının əsasını XX əsrin II yarısından bu günə qədər Azərbaycan avanqardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Bu ekspozisiya müşahidələr, axtarışlar və insan ruhunun azadlığını təmsil edən rəsm və heykəltaraşlıq əsərləri toplusudur. İncəsənətin ümumbəşəriliyin təcəssümü kimi muzeydə başqa ölkələrin  sənətkarlarının rəsm və heykəltəraşlıq əsərləri də təqdim olunmuşdur: Qərb avanqardının nümayəndələri Pablo Pikasso, Mark Şaqal, Salvador Dalinin əsərləri ayrıca zalda nümayiş etdirilir. Burada həmçinin Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Hüseyn Əliyev, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Elmira Şaxtaxtinskaya, Nadir Qasımov, Oktay Sadıqzadə, Tokay Məmmədov, Toğrul Nərimanbəyov, Ömər Eldarov kimi fiqurativ incəsənətin klassiklərinin kolleksiyaları da var. Müasir İncəsənət Muzeyi müasir dövrün son 70 ilində Azərbaycanın rəssam və heykəltəraşlarının 1000- dən yuxarı incəsənət əsərini təqdim edən şedevrlər dünyasıdır.

Muzey özündə memarlıq və dizaynı, rəssamlıq və heykəltəraşlığı birləşdirən vahid orqanizm kimi nəzərdə tutulmuşdur. Azərbaycan avanqardı parlaqyaşamağa qabil bir olaydır. Bütün dünyanın avanqardçı rəssamları kimi Azərbaycan rəssamları da dünya incəsənəti irsini yenidən dərk edərək, onu öz baxışlarından keçirir, günümüzün ritmləri və durumuna nüfuz edir, məkan və əhatənin enerjisini duyaraq, sirliyeni olanları öz fəhmilə araşdırır, məhdudiyyət və ştampları peşəkarcasına dağıdaraq, hər biri özünəməxsus şəkildə yeni estetik gerçəklik yaradır. Muzeyin daimi ekspozisiyasında məhz bu cür təsviri incəsənət nümunələri nümayiş edilir.

Bu gün Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsi ölkə muzeylərinin dünyada tanıdılması istiqamətində ciddi aparır. Komitənin təşkilatçılığı ilə Bakıda "Oğurlanmış və ya qeyri-qanuni çıxarılmış mədəni irs" Konvensiyası ilə bağlı beynəlxalq konfrans, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının (1954-cü il) 50 illiyinə həsr olunmuş beynəlxalq seminar keçirilmişdir.

Bütün bunlar respublikada muzey işinin xüsusi dövlət qayğısı ilə əhatə olunduğunu göstərir. Hazırda Azərbaycan muzeyləri getdikcə yerlixarici turistlərin sevimli məkanına çevrilir, milli özünəməxsusluğumuzun, mədəniyyətimizin, tariximizin dünyaya təbliğində mühüm rol oynayır.

 

İradə ƏLİYEVA

Azərbaycan.- 2014.- 18 may.- S.5.