İsveçin Linköping Universitetində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı seminar keçirilmişdir

 

İsveçin Linköping Universitetində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, donmuş konfliktin unudulmuş qurbanları” mövzusunda seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, universitetin professor, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutmuşdur.

Əvvəlcə Qarabağ münaqişəsi haqqında film nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə açan, İsveç-Azərbaycan Gənclər təşkilatının rəhbəri Mahirə Muxtarlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və acı nəticələri barədə seminar iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal olunmuşdur.

Sonra çıxış edən Oslo-Azərbaycan Evinin sədri Ramil Əliyev və Skandinaviya Ölkələri ilə Elmi və Mədəni Əlaqələr İctimai Birliyinin rəhbəri Nazim Əhmədli bildirmişdilər ki, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağda yaşayan azərbaycanlılara böyük maddi və ağır mənəvi zərbələr vurulmuşdur. Onları amansızcasına qətlə yetirən ermənilər insanlığa qarşı ən ağır cinayətlər törətmişdilər. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatları keçirmişdilər. Bu təcavüzkar siyasət nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilmişdir. Qeyd olunmuşdur ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılması barədə 822, 853, 874 və 884 saylı qətnamələrinin qəbulundan 20 ildən artıq vaxtın ötməsinə baxmayaraq, Ermənistan təşkilatın bu tələblərinə məhəl qoymadan işğalçılıq siyasətini davam etdirir.

Tədbirdən sonra seminar iştirakçılarının sualları cavablandırılmış, onlara Dağlıq Qarabağ münaqişəsi haqqında kitab və bukletlər paylanmışdır.

 

Rauf Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Stokholm

Azərbaycan.- 2014.- 2014.- 18 may.- S.5.