Fədakar komandiri zirvəyə aparan şərəfli yol
...Laçının müdafiəsi
zamanı fədakarlıq
göstərən Akif Abıyevdən
3 aydan çox xəbər yox idi. Buna görə də anası Bikə narahatlıq keçirir, oğlundan xəbər tutmaq üçün saatlarla televiziyanın qarşısından çəkilmirdi.
Anasının narahatlığı elə bil Akifin
də ürəyinə
dammışdı. Ona
görə də bir dəfə döyüş bölgəsinə
çəkilişə gələn
televiziya işçilərinin
təklifini qəbul edərək mikrofonu alıb dedi:
- Üç aydır ki, anam və
qızlarım məndən
xəbərsizdirlər. Buradan onlara
üz tutub bildirirəm ki, ana, Jalə, qızım, mən salamatam. Nigaran qalmayın. Torpaqlarımızı yağılardan
azad edəndən sonra qayıdacağam...
Döyüş bölgəsindən anası və ailəsinə telekamera vasitəsilə xəbər
verən Laçın
rayon polis taborunun qərargah rəisi, mayor Akif Abıyev idi. O, 1949-cu il dekabrın
28-də Cəlilabad rayonunun
Göytəpə şəhərində
anadan olmuşdu. 1971-ci ildə hərbi
xidmətdən qayıtdıqdan
sonra Bakı şəhərinin Nəsimi
rayonunda DİN-nin gecə milisi xidmətində işləyirdi.
Müəyyən vaxtdan sonra iş yerini Bakı şəhərinin
Nəsimi rayonundan Qaradağ rayon Polis şöbəsinə
dəyişən Akif
Abıyev Qarabağda ermənilərin torpaq iddiasından sonra başladıqları müharibəyə
dözməyib bir yerdə qərar tuta bilmirdi. Buna görə də o, Qarabağın qaynar nöqtələrindən birində
- Laçın Rayon Polis Şöbəsində
işini davam etdirmək qərarını
verdi. Burada müəyyən
müddət Aşağı
və Yuxarı Cicimli, Qazıdərəsi
kəndlərində sahə
müvəkkili kimi çalışan Akif Abıyev həm yerli camaat, həm
də polis yoldaşları
arasında böyük
hörmət qazandı.
Onu tez-tez ya Laçının
ermənilərlə sərhəd
kəndlərində, ya
da Şuşa-Laçın
arasında yerləşən
Qaladərəsi deyilən
ərazidə görmək
olardı. Cəbhə bölgəsində
vəziyyət get-gedə
gərginləşdiyindən, bir-iki kənd istisna olmaqla, rayonun əksər yaşayış məntəqələri
boşaldılmış, sərhəd
boyunca polis postları
qurulmuşdu. Həmin
vaxt 500 nəfərə
yaxın Laçın
polisi və könüllülər rayon ərazisini düşməndən
müdafiə edirdi. Ona görə də burada öncə polis bölüyü, bir müddət sonra isə taboru yaradıldı. Akif
Abıyev taborun qərargah rəisi idi. O, kəşfiyyat
qrupuna rəhbərlik edirdi.
Şuşanın işğalından sonra qara buludlar
Laçının başı üzərində
dolanırdı. Ermənilər bu bədniyyət
arzularını gerçəkləşdirmək
üçün keçən əsrin əvvəllərindən
uzun illər mübarizə aparsalar da, uğursuzluğa
düçar olmuşdular. Təəssüf ki, Laçın
da 1992-ci il mayın 18-də ermənilər
tərəfindən işğal olundu.
1992-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycan ordusunun
apardığı hərbi əməliyyatlar Laçın
uğrunda qələbəyə inamı xeyli
artırmışdı. Bu, döyüşçülərimizin
Qarabağ müharibəsi dövründə göstərdiyi əsl
qəhrəmanlıq nümunəsi idi. Azərbaycanın
hərbi bölmələri rayon mərkəzinin cənub və
şimal hissələrinə nəzarəti ələ
keçirərək ermənilərin bütün
giriş-çıxış yollarını bağlaya
bilmişdilər. Həmin
döyüşlərdə Laçın polis taboru əsl fədakarlıq
göstərirdi.
1992-ci il mayın 29-da Laçın polisləri
Murovdağı aşıb Kəlbəcər tərəfdən
Laçına doğru hərəkət etdi. Bu zaman qərargah
rəisi Akif Abıyev Qorçu kəndinin yaxınlığında gedən döyüşlərdə
yaralandı. O, bir müddət müalicə olunaraq yenidən
döyüşlərə atıldı. Kəlbəcər
istiqamətindən Laçına doğru hərəkət
edən polislər bir-bir kəndləri azad edib postlar
qururdular. Ermənilər itki verə-verə
geri çəkilirdilər. Akif Abıyevin
şücaəti sayəsində sübh tezdən
Bülündüzü kəndi istiqamətində gedən
döyüşlərdə bir neçə erməni qulduru məhv
edildi, qalanları isə "UAZ" maşınını və
xeyli silah-sursatı qoyub qaçdılar. Həmin
maşın, göstərdiyi igidliyə görə, rəhbərlik
tərəfindən A.Abıyevə hədiyyə verildı.
Növbəti dəfə çox mühüm əhəmiyyət
kəsb edən Hoçaz yüksəkliyi istiqamətində
bir neçə gün müşahidələr
aparıldı. Kəşfiyyat qruplarının gətirdiyi
məlumatlar diqqətlə öyrənildikdən sonra bu
istiqamətdə hücum başlandı. Düşmən
əlverişli mövqedə olduğundan gərgin
döyüşlər gedirdi. Milli Qəhrəmanlar -
Oqtay Güləliyev və İsrafil Şahverdiyev, Elşad Qarayev,
Akif Abıyev və digər igid oğlanlarımız çiyin-çiyinə
döyüşərək düşmənə aman vermirdilər.
Döyüşün üçüncü
günü Akif Abıyev yenidən düşmən gülləsinə
tuş gəldi. Bu zaman o, əsl komandir kimi səsləndi:
"Məni vurdular. Siz, möhkəm
dayanın". Güllə
yağışı altında onu döyüş xəttindən
uzaqlaşdıraraq ilk yardım göstərib helikopterlə
Bakıya, hospitala yola saldılar. Döyüşü
davam etdirən Laçın polisləri Zabux kəndinin
üstündən televiziya stansiyasına qədər irəlilədi.
Ancaq sonradan onlara kömək gəlmədi.
O vaxtkı səriştəsiz rəhbərliyin səhvi
ucbatından Laçın yenidən əldən
çıxdı.
Düşmənin işğalından sonra
Laçının polis taboru Füzuli istiqamətində
döyüşü davam etdirdi. Həmin vaxt Akif
Abıyev Cəlilabad Rayon Polis Şöbəsində fəaliyyət
göstərirdi.Yaraları tam sağalmasa da, burada o, yenə səngər
üçün darıxırdı. Ona
görə də rayon polis şöbəsinə ərizə
yazaraq məzuniyyətə çıxıb yenidən
könüllü olaraq Füzuli istiqamətində gedən
döyüşlərə qatıldı. Cəbhə
bölgəsinə ona hədiyyə edilən "UAZ"-la gələn
A.Abıyev döyüşçü dostlarına çoxlu ərzaq
da gətirmişdi. Onu yenidən cəbhə
bölgəsində görən dostları "ağbaş
mayor gəlir" - deyə sevinirdilər. 1994-cü
ilin yanvar-fevral aylarında döyüşçülərimiz
Füzuli rayonunun Bala Bəhmənli, Böyük Bəhmənli,
Alayatı, Cocuq Mərcanlı kəndlərini azad etdi.
Sonra atəşkəs elan olundu və Akif Abıyev dövlət
tərəfindən xarici ölkəyə müalicəyə
göndərildi...
Növbəti müalicədən sonra mayor Akif Abiyev yenə
də Cəlilabad Rayon Polis Şöbəsində fəaliyyətini
davam etdirdi.
O, rayonda hərbi vətənpərvərlik mövzusunda
keçirilən bütün tədbirlərdə iştirak
etməyə çalışardı. İstəyirdi
ki, gənclərimizə cəbhə dostlarının həyat
yolundan danışsın, onlarda vətənpərvərlik
hissini gücləndirsin. Gənclərlə
görüşlərində döyüşkən komandir,
nümunəvi döyüşçü, əsl vətənpərvər
kimi tanınmış Akif Abıyevin
çıxışları onlarda vətənpərvərlik
hissini bir daha gücləndirir, onlara ruh verir və gələcəyə
ümidini artırırdı.
Ölümün
gözünə dik baxmağı bacaran, Vətən
uğrunda şəhid olmağı həyatdan üstün
tutan polis taborunun qərargah rəisi - "ağbaş
mayor" Akif Abıyev 17 il sonra - 2009-cu il yanvarın 28-də
Laçın rayonu uğrunda mübarizədə başından
aldığı zədədən dünyasını dəyişdi.
Onunla fəxr edən Cəlilabad camaatı,
göytəpəlilər həmin gün öz igid oğlunu
böyük ehtiramla son mənzilə yola saldı. Dəfn mərasimində rayon polis şöbəsinin
şəxsi heyəti, Qarabağ döyüşçüləri,
cəbhə yoldaşları, qohumları, yaxınları,
rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Akif Abıyev döyüşçü
dostlarının arasında cismən olmasa da, mənən
bizimlədir.
İstər Cəlilabad rayon rəhbərliyi,
istərsə də yerli ərazi icra nümayəndəliyi və
bələdiyyə Qarabağ müharibəsində həlak
olan Göytəpə şəhidlərinin, o cümlədən
Akif Abıyevin xatirəsini əziz tutur. Hazırda
doğulub boya-başa çatdığı küçə
də polis mayoru Akif
Abıyevin adını daşıyır.
Qədirbilən xalqımız, keçmiş
döyüş dostları heç vaxt onu unutmayır. Bu
yaxınlarda döyüşçü dostları hazırda
Taxtakörpüdə yerləşən Laçın Rayon
İcra Hakimiyyətinə toplaşaraq onun və digər
şəhidlərimizin xatirəsini yad etdilər.
Qanlı-qadalı illərdə Laçın rayon polis
şöbəsinə rəhbərlik edən Akif Səlimov
görüş zamanı Akif Abıyevin qəhrəmanlığından
ürək dolusu danışdı və xüsusi qeyd etdi ki,
laçınlılara qaynayıb-qarışan, hamıdan
qabaq döyüşə atılan Akif Abıyev gənc polislərə
əsl örnək idi. O, var qüvvəsiylə
çalışırdı ki, gənc polislər
döyüş təcrübəsi keçsin, texnikaya və taktikaya
ustalıqla yiyələnsinlər. Bütün əməliyyatlar
zamanı onun göstərdiyi igidlik əsl döyüş məktəbi
idi.
...Akif Abıyev kimi cəsur və fədakar komandirin
keçdiyi döyüş yolu, göstərdiyi şücaətlər
də örnək olaraq daim xatırlanacaq. Vətənpərvərlər
heç zaman unudulmur və yaddan çıxmır. Döyüş yollarından qısa da olsa, söz
açdığımız polis mayoru, tabor komandiri Akif
Abıyev də igid döyüşçülərimizdən
biri kimi daim anılacaqdır.
Süleyman ƏLİSA
Azərbaycan.- 2014.- 18 may.- S.6.