«Səni kim unudar»

 

 

Akademik Məmməd Cəfər Cəfərovun 1942-ci ildə yazdığı faciəli bir ömür yaşamış XX əsr Azərbaycan romantizminin görkəmli nümayəndəsi M.Hadiyə həsr etdiyi fəlsəfi-publisist essesinə belə bir başlıq seçməsi təsadüfi deyildi. Çünki Məmməd Cəfəronun müasirləri ədəbiyyata gəldikləri gündən öz vətəndaşlıq ideallarını milli sözün, milli bədii düşüncənin yaddaşı zəminində ifadə edirdilər. Tarixi bədii düşüncə ilə çağdaş Vətən eşqi bir axarda qovuşurdu.

XX əsrin 40-cı illərindən başlayaraq təkcə ədəbiyyatşünaslığımızda deyil, ümumən humanitar fikrin problemləri haqqında mötəbər söz səlahiyyətlilərindən biri də Məmməd Cəfər olmuşdur. O, XX əsr ədəbi-bədii fikrimizin çağdaş zamanımızda yaşayan, həm tarixi, həm də müasir elmi-mənəvi məna tutumu qazanan nadir alimlərimizdəndir. Görkəmli elm xadimi mənəvi mədəniyyətimizin  bütün sahələrinə eyni həssaslıq və məhəbbətlə yanaşmışdır. 1960-1980-ci illərdə nəzəri-estetik fikrimizə gələn nəsillərin çoxu Məmməd Cəfərin sənət görüşləri, elm, əxlaq dərsləri zəminində formalaşdıqlarını etiraf edirlər. İstər nəzəri-metodoloji, istərsə də sənətkarlıq baxımından Məmməd Cəfərin yaradıcılıq yolu XX əsr Azərbaycan humanitar fikrinə paralel olmuşonun inkişaf mərhələlərinin mahiyyətini dolğun əks etdirirdi.

Ötən əsrin 40-cı illərində ədəbi prosesdə təqdir və etiraf olunan Məmməd Cəfəri fərqləndirən onun məqalələrindəki analitik düşüncə tərzi ilə xəfif bir romantikanın, fəlsəfi-estetik mühakimənin bir-birini tamamlaması idi. Səməd Vurğunun "filosof-tənqidçi" epiteti ilə səciyyələndirdiyi Məmməd Cəfərin həyat amalı xalqçılıq, milli-istiqlal ideyası idi. Hələ 1940-cı ildə "Ədəbiyyat qəzeti"-nin 28 aprel tarixli nömrəsində çap etdirdiyi məqaləsində yazırdı: "Bakı nefti ilə Paris, Nyu York, London küçələri çil-çırağa çevrildiyi halda Azərbaycan qaranlıq gecələr yolçusu oldu. Rus mütləqiyyəti və İran şahları intereslərinə uyğun olaraq, mənfur Türkmənçay müqaviləsi ilə Azərbaycan xalqı, Azərbaycan ölkəsi iki hissəyə parçalandı, xalqımızın ürəyini parçalayıb ona unudulmaz bir yara vurdular". Akademik Məmməd Cəfərin elm və sənət haqqında görüşlərinin əsasında onun müdrik bir kəlamında ifadə olunmuş fikri dayanırdı: "Sənətə xəyanət etmək xalqa xəyanət etməkdir". Hələ ilk məqalələrində Məmməd Cəfərin müasir ədəbiyyata münasibətində zamanın sınağından keçmiş bir prinsip dayanırdı: "Sənətdəki xəlqiliyin əsasını xalqı bir mütəfəkkir sənətkar kimi duymaqda axtarmaq lazımdır".

Məmməd Cəfər qısa bir zaman çərçivəsində düşünən, lokal fakt və ədəbi hadisə zəminində araşdırma aparan alim deyildi. O, ən qədim dövrdən başlayaraq yaşadığı illərin ədəbi prosesinə qədər inkişaf mərhələlərini əhatə edən konsepsiyalar hazırlayırdı. Xalqın mənəvi yaddaşını, onun millilik, vətəndaşlıq, qəhrəmanlıq və gözəllik barədə görüşlər sistemini müasir ədəbi-ictimai həyatın canlı qüvvəsinə çevirmək M.Cəfərin klassiklər haqqında yazdığı məşhur məqalə və monoqrafiyaların əsas elmi-praktik məzmununu təşkil edirdi. Akademikin bir tənqidçi kimi fərdi üslubunun formalaşması, orijinal çalarlar kəsb etməsi bir tərəfdən də klassik ədəbiyyatın zəngin ənənəsi ilə bağlı idi.

İctimai fikrimizin və ədəbiyyatımızın korifeyləri - Nizami, Nəsimi, Füzuli, M.F.Axundzadə, Sabir, C.Məmmədquluzadə, N.Nərimanov, H.Cavid haqqında yazdığı sanballı əsərlər onun milli klassik irs haqqında nəzəri konsepsiyasının əsasını təşkil edir. O, klassikləri yetişdikləri dövrün ictimai-siyasi mahiyyəti, əxlaqi görüşləri, xalqın maddi və mənəvi vəziyyətinin fonunda öyrənirdi. Nizami, Füzuli və Nəsimidən danışan tənqidçi onların yaradıcılığında alovlanan fikir və qayəni, zamana və mühitə üsyan motivlərinin qığılcımlarını xalqın yaşadığı dövrün konkret hadisələri ilə vəhdətdə götürürdü. Klassiklərdə axtardığı və təqdir etdiyi məfkurə və məsləklə tənqidçi öz dövrünün ədəbi qəhrəmanlarını təmsil etdiyi məfkurəni irs-varis məntiqi ilə izləyirdi. Klassik irsin tədqiqi zamanı müəllifi daha çox klassik poeziyada ictimai görüşlər, xarakter problemi, eşq məfhumunun kəsb etdiyi əxlaqi-fəlsəfi çalarlar, humanizm kimi məsələlər düşündürürdü. Füzulinin yanar eşqindən M.Cəfər yana-yana, poetik-fəlsəfi vüsət və ehtirasla, dərin hiss və həyəcanla danışır, Nəsiminin üsyankar ruhu ilə birləşir. Mirzə Cəlilin "göz yaşları içində gülüşü" incə bir formada onun məqalələrinə orijinal intonasiya aşılayır.

M.Cəfər klassik irsin tarixini həm də bədii-estetik fikrin inkişaf tarixi kimi təhlil edib. "M.F.Axundzadənin ədəbi-tənqidi görüşləri", "Nizaminin fikir dünyası", "Hüseyn Cavid" monoqrafiyaları bədii fikrin inkişaf mərhələlərini dövrün ictimai-fəlsəfi təsisatlar sistemi zəminində öyrənməyin fəlsəfi nümunələridir. O, ədəbi-ictimai tərəqqidə şəxsiyyətin rolunu şərh edən ilk monoqrafiya və məqalələrin müəllifidir. "Mütəfəkkirin şəxsiyyəti", "Hünərvər şair", "Səni kim unudar" üç böyük klassikimizin, M.F.Axundzadənin, M.Ə.Sabirin  M.Hadinin sənəti, şəxsiyyəti ilə yaşadıqları gerçəklik arasında mənəvi konfliktlərin tarixi mənasını güclü publisistik bir üslubda izah edən tədqiqatlardır. Hələ 1942-ci ildə deyilmiş bu fikirlərdə böyük vətəndaşlıq yanğısı ilə alim cəsarəti heyrət doğururdu.

O, M.Hadi haqqında yazırdı: "... həqiqi sənətkarın şəxsi həyat faciəsi zamanın, xalqın faciəsidir. Görünür ki, M.Hadinin həyatı, qəhrəmanı şair olan sarsıdıcı bir tragediyadır. O öz əcəli iləmi ölmüşdür, özü-özünü öldürmüşdür, yoxsa onu öldürmüşlər? Aclıqdan, xəstəlikdən ölmüşdürya hürriyyət düşmənlərinin alçaq fitnə-fəsadlarının qurbanı olmuşdur? Bilmirik. Ancaq onu bilirik ki, Hadinin, o böyük vətənpərvər şairin xalq dühası günəşindən zorla ayrı salınmış tale ulduzu keçmişin, o mənfur qaranlıqlar səltənətinin qalın, qara buludlarla örtülmüş tutqun səmasında axıb gözdən itmişdir".

M.Cəfər klassik poeziyanı müasirlik kontekstində tədqiq edir. Bu poeziyanın lirik qəhrəmanı tarixi gedişatın pillələrində dialektik prosesdə öyrənilir. Ədəbi qəhrəmanın mənəvi intibahı Nizami epoxasından Səməd Vurğun əsrinə qədər geniş üfüqləri birləşdirir. Bu poeziyanın qəhrəmanı sevən, düşünən, zamana, varlığa meydan oxuyan məğrur, yenilməz aşiqdir.

Tədqiqatçı-alim bu cəfakeş aşiqin mənəvi simasını zamanın sərt rüzgarı fonunda xarakterizə edir. "Klassik poeziyada aşiqeşqin fəlsəfi şərhini "Füzuli sevir" və "Füzuli düşünür" məqalələri konkret əhatə edir". (Y.Qarayev)

Azərbaycan bədii fikrinin özünəməxsus cəhətlərindən birilirik qəhrəmanın aşiq dili ilə danışmasıdır. Bunu ədəbi fikrimizin immanent qanunauyğunluqları ilə bağlayan M.Cəfər Füzulidə eşq məfhumunun ifadə etdiyi məzmunu belə aydınlaşdırır: "Füzuli sevir, Füzuli düşünür deməkdir. Aşiq Füzuli mütəfəkkir Füzuli bir vəhdət halında alındığı zaman onu duymaq olur".

Məmməd Cəfərin M.Füzuli haqqında yazdığı məşhur məqalələrində bu böyük şairin bədii-fəlsəfi konsepsiyası, onun poetik dünyagörüşünün millipoetik qaynaqları, bu ecazkar söz sənətini uzun əsrlərin estetik zövq və mənəvi ləyaqət meyarına çevirən yaradıcılıq sirləri heyrətamiz bir ustalıqla aşkar edilir. Eşq məfhumunun Füzuli poeziyasında yerini şərh edən əsərlər siyahısında "Füzuli düşünür" yeni addım idi. M.Köprülüzadə, N.Hikmət, B.Çobanzadə, A.Kolpinarlı, A.Qaraxan və digərlərinin Füzuli eşqinə verdikləri şərhlərə yeni aspektdən yanaşan M.Cəfər tədqiqat işində sxolastik dəyərləndirmənin normalarını rədd edərək ədəbiyyatşünaslığın müasir təcrübəsinə istinad edir. Çünki müasir ədəbiyyatşünaslıq "tədqiqat üsulunda tarixilik prinsipini, həqiqi gerçəkliyi, ictimai-ədəbi fikri doğuran ana torpağın özünü əsas götürür".

Görkəmli alim ədəbi-nəzəri fikrə hazırlıqlı, dünya ədəbiyyatının tarixi təcrübəsinə bələd olan bir müəllif kimi gəlmişdi. Təsadüfi deyil ki, "XIX əsr rus ədəbiyyatı" üç cildlik dərsliyi bu günöz missiyasını yerinə yetirməkdədir. O, yaradıcılığı boyu dünya ədəbiyyatı nümunələrinə müraciət etmişbu məqamda mənsub olduğu böyük ədəbiyyatın nümunələrini müqayisəli dəyərləndirmək niyyətində olmuşdur.

M.Cəfər klassik irsi həmişə müasir gerçəkliyin tələbləri zəminində şərh edirdi. Təsadüfi deyil ki, II Dünya müharibəsi dövrü onun yaradıcılığının ən məhsuldar dövrlərindəndir. Bu illərdə tənqidçi klassik ədəbiyyata, faşizmin antibəşər mahiyyətinin ifşasına, müasir ədəbi proses və ədəbiyyatın nəzəri-estetik məsələlərinə həsr olunmuş onlarca məqalə yazıb. Həmin məqalələr müxtəlif mövzuları əhatə etməsinə baxmayaraq, onların ruhunda vətənpərvərlik duyğusu ön cərgədə dayanır. Coşğun pafos, patetika, romantik intonasiya faşizmə kəskin qəzəb və nifrət hissi onların ümumi cəhəti idi.

Məmməd Cəfərin "Nizami yaradıcılığında humanizm", "Sözlərin hakimi", "Klassik şeirimizdə Nizami yaradıcılığı motivləri" kimi məqalələri, həmçinin "Nizaminin fikir dünyası" monoqrafiyasında aparıcı konsepsiya böyük mütəfəkkir şairin yaradıcılığının məhz intibah estetikasının ifadəsi və daşıyıcısı olduğunu dövriyyəyə  gətirməkdir. Azərbaycan renessansı ötən əsrin 70-ci illərində geniş elmi mübahisə predmetinə çevrilsə də, hələ 1940-cı illərdə bu ideyanın əsasları var idi. Bu hazır qəbul edilmiş nəzəri təlim deyildi, Nizami irsinin təhlili məntiqinə əsaslanırdı. M.Cəfər hələ 1941-ci ildə böyük inam hissi ilə ədəbiyyatın tarixi təcrübəsindən çıxış edərək yazırdı: "Nizaminin humanizm haqqında fikirlərinə yekun vurduqda nəzərdə tutmalıyıq ki, böyük mütəfəkkir şairin bu fikirləri (humanist ideyaları - Ş.A.) ilə Azərbaycanda ictimai fikrin müəyyən bir intibah dövrü başlanır ki, bir əsr sonra Avropada böyük qüvvətlə canlanmış bu fikir - cərəyan, özünəməxsus yeni xüsusiyyətləri olan humanizm cərəyanı adı alır".

Görkəmli ədəbiyyatşünas alim tədqiq etdiyi klassiklərin yaradıcılığını onların tərcümeyi-halı, dövrü, mühiti, şəxsiyyəti ilə vəhdətdə öyrənirdi. M.F.Axundzadə, C.Məmmədquluzadə, N.Nərimanov, H.Zərdabi haqqındakı tədqiqatlarında bu prinsipin elmi üstünlükləri meydana çıxır. Tənqidçi əksər hallarda yazıçı şəxsiyyəti və tərcümeyi-halı ilə onun yaradıcılığında tədqiq etdiyi problemi birləşdirməyə müvəffəq olur. Bu baxımdan "Mütəfəkkirin şəxsiyyəti" məqaləsi yeni tənqid hadisəsi idi. Əsərdə M.F.Axundzadənin bir şəxsiyyət kimi bütün mənəvi keyfiyyətləri onun mütəfəkkirliyi, yaradıcılığı ilə vəhdətdə götürülür. M.F.Axundzadənin iradəsi, cəsarəti və məqsəd aydınlığı, uzaqgörənlik və təvazökarlığı, kamilliyi tutarlı dəlillərlə oxucuya çatdırılır. "Bu məqalə klassiklərin yalnız yaradıcılığının yox, əxlaq, mənəviyyat və şəxsiyyətinin də müasirliyə xidmət etdirmək məramnaməsinin yeni təsdiqidir" (Y.Qarayev).

M.Cəfər tənqidi fikrimizin öyrənilməsində mühüm əhəmiyyəti olan əsərlər müəllifidir. "M.F.Axundzadə ədəbi-tənqidi görüşləri" monoqrafiyası bu mövzuda yazılmış ilk sanballı əsərdir. Professional Azərbaycan tənqidinin meydana gəlmə səbəbləri və tənqidi-ictimai fikrimizin bu mərhələsi haqqında söz demək məsuliyyətini alim öz üzərinə götürmüşdür.  1939-1943-cü illərdə yazılmış bu əsərə görə M.Cəfərə filologiya elmləri namizədi, alimlik dərəcəsi verilmişdir.

M.Cəfər M.F.Axundzadənin Azərbaycan professional ədəbi tənqidinin yaradıcısı kimi təqdim edərkən nəzəri-estetik fikrimizdəki bu hadisəni xalqımızın ictimai həyatındakı real durumun nəticəsi hesab edirdi. Artıq tarixi şərait elə idi ki, həyatın dərinliyinə nüfuz edəcək tənqidi nəzər zəruri idi. Müəllif məhz bu zərurətin nəticəsi kimi meydana çıxan M.F.Axundzadənin tənqidi irsini onun yaradıcılığının ümumi tənqidi ruhu ilə birləşdirir və bir tezisi monoqrafiyada əsas götürür: "Siz geniş və fövqəladə yaradıcılıq qüdrətinə və imkanlarına malik olan bu böyük sənətkarı istər bir mütəfəkkir, filosof kimi, istərsə dramaturq, ədib, şair, dilçiya ədəbiyyat tənqidçisi kimi öyrənir, onu hər şeydən əvvəl böyük bir tənqidçi kimi görəcəksiniz".

Azərbaycan ədəbiyyatında XX əsr romantizminin nəzəri-estetik prinsiplərinin tədqiqi məhz akademik M.Cəfərin adı ilə bilavasitə bağlıdır. Milli-ədəbi bədii fikirdə metod tiplərinin ideya-estetik mahiyyətini, onların tarixi növbələşmə özünəməxsusluğunu, keçid tipologiyasını, ümumiyyətlə yaradıcılıq metodunun milli mahiyyətini üzə çıxartmaq üçün məhz Məmməd Cəfər səviyyəsində öz ədəbiyyatımızla yanaşı, dünya bədii sənətinə bələdlik, tədqiqatçı zövqü və ümumiləşdirmə vüsəti gərəkdir.

Dünya ədəbiyyatında mürəkkəb problem olan romantizm, həm də, estetik düşüncənin həssaslığını, onun ədəbi prosesin müxtəlifliyini və təkrarsızlığını duymaq göstəricisidir. Ədəbiyyatşünaslığımızın tarixi kontekstində buraya onu da əlavə etmək lazımdır ki, romantizmin müasir dərki bütünlükdə klassik irsə yeni münasibəti müəyyən edirdi. Bu mənada M.Cəfərin yaradıcılıq yolu ibrətamizdir.

Alimin 1960-cı illərdə yazdığı "Azərbaycan ədəbiyyatında romantizm" və "Hüseyn Cavid" monoqrafiyaları romantizm haqqında milli-nəzəri fikrin inkişaf mərhələlərini, istinadinkişaf məramlarını, onun metodoloji cəhətdən tarixi təkamülünü dolğun əks etdirir. Bu əsərlər ötən əsrin 60-70-ci illər ədəbiyyatşünaslığında romantik ədəbiyyat haqqında elmi fikrin əsas istiqamətverici amili kimi meydana çıxır. Müəllif  XX əsr romantizmini ilk dəfə müasir mənada başa düşülən metod və cərəyan kimi götürür, onun nəzəri-estetik prinsiplərini, ideyapoetika problemlərini, genezisini, tənqidi realizmlə məfkurəvi, bədii struktur əlaqələrini fundamental şəkildə tədqiqata cəlb edir. 1960-1970-ci illərdə Azərbaycan romantizmi haqqında yazılmış tarixi və nəzəri səpkili əsərlər öz elmi strukturumetodoloji prinsipləri etibarilə bu tədqiqatlara əsaslanır.

Məmməd Cəfərin XX əsr romantizminin nümayəndələrinin yaradıcılığına həsr olunmuş tədqiqatlarında bu ədəbi məktəbin idrak prinsipləri, klassik fəlsəfi konsepsiyalarla bağlı cəhətləri haqqında, həmçinin romantik əsərlər, onların ideyası, süjet, obraz və xarakterlərin təhlili məntiqindən irəli gələn elmi mülahizələr həmin yaradıcılıq metodunu milli-bədii fikrin qanunauyğun mərhələsi kimi şərh etməyə əsas verdi. XX əsr Azərbaycan ədəbiyyatını və romantizm cərəyanını daxilən zidd, əks cəbhələrə bölməyin qeyri-elmiliyini ilk dəfə Məmməd Cəfər irəli sürmüşdür.

İctimai formasiyalarla ədəbiyyat tarixinin inkişaf dövrlərini, o cümlədən yaradıcılıq metodlarının və ədəbi məktəblərin tiplərini eyniləşdirən nəzəriyyələrin əksinə olaraq M.Cəfərin tədqiqatlarında sənətin öz inkişaf qanunları başlıca meyar kimi götürülür. Ədəbiyyatımızın 1920-1930-cu illər dövründə realistromantik metodların paralel varlığı ümumittifaq miqyasında məhz onun sayəsində təsdiq edilmişdir.

Məmməd Cəfər müəllim 40 ildən artıq bir vaxt ərzində ədəbiyyatımızın klassik dövrü, onun nəzəri problemləri ilə yanaşı müasir ədəbi prosesin ən aktual məsələləri ilə ardıcıl məşğul olmuşdur. Azərbaycan ədəbiyyatının C.Cabbarlı, S.Vurğun, A.Şaiq, S.Rüstəm, R.Rza, S.Rəhimov, Mir Cəlal, M.Hüseyn, M.Arif, İ.Hüseynov kimi görkəmli nümayəndələrinin sənət yolunu oxucular M.Cəfərin tənqidi şərhi və qiymətlərində daha yaxından tanımışlar. Ədəbi prosesdə yenini görüb dəyərləndirmək, qorumaq istedadı onun tənqidçilik fəaliyyətinin müasir mənasını şərtləndirən əsas cəhətdir. Təsadüfi deyil ki, 1960-1970-ci illər ədəbiyyatını yeni mərhələ kimi şərtləndirən estetik prinsipləri müəyyən edən əsas müəlliflərdən biri M.Cəfər olmuşdur. Ötən əsrin 40-cı illərindən başlayaraq ən mötəbər ədəbi məclislərin kürsüsündən onun ədəbiyyatın müxtəlif janrları və hadisələri, müasirlərinin yaradıcılığı haqqında məruzələri dinlənilmişdir. Onun məruzə və çıxışları yeni ədəbi qüvvələri orijinal yaradıcılıq axtarışlarına sövq etmişdir. XX əsrin 40-80-ci illər ədəbi prosesinin tarixi inkişaf mərhələlərini, yaradıcılıq problemlərinin tarixi mahiyyətini akademik M.Cəfərin yaradıcılığı fonunda izləmək mümkündür. O, ilk məruzələrindən sözünü deməyi bacaran, qərəzsiz, vicdanlı tənqidçi kimi böyük nüfuz qazanmışdır. Görkəmli alimin məruzələri konkret mövzu sərhədlərini aşır, ədəbiyyatımız, milli yaddaşımız haqqında ibrətli, fəlsəfi tutumlu əsərlər kimi tarixi yaddaşa çevrilirdi. Hələ 1940-cı ildə Azərbaycan Yazıçılar İttifaqının rəyasət heyətində "Səməd Vurğunun yaradıcılığı haqqında" məruzə edərkən ricətə çıxır, ədəbi-ictimai fikrimizin zəngin tarixi ilə qürur duyurdu. "...bizim mənəvi Misri qılınca söykənib dağ kimi qabaqda dayanan "çuxası cırıq" bir Sabirimizolmuşdur ki, minlərlə "Məcnun və Leylayi-islam" avtorlarını yavaşca cibinə qoyaraq demişdir:

 

Seyli-tən eylə təməvvüclə alıb dövrü-bərim

Bənzərəm bir qocaman dağə ki, dəryadə durar!"

 

Akademik M.Cəfər öz tələbələrinin yaddaşında sadəlik və müdriklik mücəssiməsi kimi qalıb. Heç vaxt imzasının altında onun elmi-təşkilatı statusunu təsdiq edən sözə rast gəlməzdik. "Məmməd Cəfər" - bu iki söz bütün titulların akademikliyini ehtiva etdiyi məzmundan da yüksək idi. Onun şəxsiyyətinin və elminin dərsləri bu gün də yaşayır.

 

Şirindil ALIŞANLI,

filologiya elmləri doktoru, professor

Azərbaycan.- 2014.- 18 may.- S.7.