Zirvədə duran alim
O təbiətin ən gözəl çağında - yaz fəslində dünyaya göz açıb. Ömrünü ləyaqətlə, şərəflə yaşayıb. İndi geridə qalan 75 illik ömür yoluna boylananda, "qürur hissi keçirməyə dəyər" - deyir Musa müəllim.
Tarix elmləri doktoru, professor Musa Nizam oğlu Quluzadə 1939-cu il mayın 20-də Masallı rayonunun Xıl kəndində dünyaya göz açıb. Həyatın çətin yollarından keçib, bu isə onun bütöv bir şəxsiyyət kimi formalaşmasına öz təsirini göstərib.
Orta məktəbin 7-ci sinfini əla qiymətlərlə bitirdikdən sonra əvvəlcə Lənkəran Kənd Təsərrüfatı Texnikumunda, daha sonra isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) iqtisadiyyat fakültəsində təhsil alıb.
Tələbə ikən kommunist partiyası sıralarına
qəbul edilib. Yüksək göstəricilərlə təhsilini
başa vurub, bir müddət partiya orqanlarında müxtəlif vəzifələrdə
çalışıb. Həmin dövrün sayılıb-seçilən
müəssisələrindən olan Lenin muzeyində (indi Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin Muzey Mərkəzi) elmi işçi kimi fəaliyyətə başlayıb,
direktor müavini pilləsinə qədər
yüksəlib. ADU-da tələbələrə
tarix fənnini tədris edib. 1991-ci ildən Azərbaycan
Respublikası Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasının
(əvvəlki Bakı
Sosial İdarəetmə
və Politologiya İnstitutu) tarix kafedrasında dosent kimi fəaliyyətə başlayıb. 1999-cu ildə aspirantura-dissertantura
şöbəsinin müdiri
vəzifəsinə təyin
edilib. 15 il bu işdə
çalışan Musa müəllim
gənc alimlərin yetişməsinə xüsusi
səy göstərib.
Musa müəllim çoxşaxəli
fəaliyyəti olan ziyalılardandır. O, elmi işlə yanaşı, ədəbi yaradıcılıqla
da məşğul olur. Ötən əsrin 80-ci illərində
uşaqlar üçün
yazdığı kiçik
hekayələrlə ədəbiyyata
gələn Musa Quluzadə
artıq həmin dövrdə yazıları
ilə ədəbi mühitin tanınmış
nümayəndələrinin diqqətini özünə
cəlb edir. Onlar bu vətənpərvər,
geniş ürəyə
malik gəncin istedadına inanırdılar.
M.Quluzadə həqiqətən qələm əhlinin etimadını doğruldur.
1984-cü ildən Yazıçılar İttifaqının
üzvü olan Musa müəllim bu gün artıq 15-dən çox bədii kitabın müəllifidir.
Onun əsərlərinin ana xəttini Vətənə,
ana yurda, adət-ənənələrə bağlılıq, təbiətə
məhəbbət, incə,
munis duyğulara sədaqət hissləri təşkil edir. Yazıçının gənclərin həyatından
bəhs edən pyesləri teatrlarda oynanılmış, televiziya
və radioda səslənmişdir. Bundan
başqa onun yeni-yeni əsərləri,
mənsur şeir və esseləri dövrü mətbuatda müntəzəm çap
olunur.
1991-ci ildə Şeyxülislam
Allahşükür Paşazadə
haqqında yazdığı
sənədli povest geniş ictimaiyyət tərəfindən böyük
maraqla qarşılanır. 50 min tirajla nəşr olunan bu əsər
"Qızıl qələm"
mükafatına layiq görülür. Bu əsər
artıq dünyanın bütün müsəlman ölkələrində
yayılmışdır.
Musa müəllim Qarabağ hadisələri ilə
bağlı xeyli povest və hekayənin müəllifidir. Bu əsərlər
dəfələrlə radioda da səslənmişdir.
M.Quluzadə həm də vətənpərvər
ziyalıdır. Onun mərkəzi qəzetlərdə dərc etdirdiyi
"Biz daha sıx birləşməliyik", "Vətən
bölünməzdir", "İndi hansı yana əyilməliyik"
kimi məqalələri, televiziyada vətənpərvər
ruhlu ziyalı çıxışları cəmiyyətdə
böyük əks-səda yaradırdı.
Azərbaycanda
"Dövlət və din" mövzusunda doktorluq yazan Musa
Quluzadənin bu sahədə 4 monoqrafiyası, 3
broşürası, 100-dən artıq məqaləsi ölkəmizdə
və xaricdə dərc olunmuşdur.
Yüksək mənəvi, əxlaqi, intellektual səviyyəyə
malik ziyalıların əməlləri, elmi-bədii
yaradıcılıqları müasirləri,
tanışları üçün həmişə örnək
olur. Musa
müəllim də ətrafındakılara örnək ola biləcək belə şərəfli
ömür sahibidir. O, sözünü deməyi bacaran
ziyalılarımızdandır.
Nəsirəddin
Tusi nəzəriyyələrinə görə, elm
adamlarında iki növ kamillik: elmi və əməli kamillik
olur. Unutmaq olmaz ki, "elm əməlsiz məhv
olar, əməl isə elmsiz mümkün deyildir. Deməli, elm səbəb, əməl nəticədir".
Və təbii ki, elmi və əməli kamillik
bir-birilə vəhdət təşkil edəndə tam bir
ziyalı, əsl vətəndaş obrazı formalaşır.
M.Quluzadə məhz elmi və əməli
kamilliyi özündə birləşdirən yüksək mənəviyyata
malik əsl vətəndaş ziyalılarımızdandır.
Daim sözünü mərdliklə, cəsarətlə
ifadə edən alim Qarabağ hadisələri başlanan ilk
gündən təqiblərə, təzyiqlərə məruz
qalsa da, ağa qara demədi. 1989-1991-ci illərdə
dövlət radiosunda aparıcısı olduğu "Qan
yaddaşı" verilişində bu xalqın başına gətirilən
bütün müsibətləri, tarixi həqiqətləri,
erməni həyasızlığını efir vasitəsilə
açıq şəkildə dünya ictimaiyyətinə bəyan
etməyə çalışdı. "Qan
yaddaşına" qulaq asanlar bilirlər ki, Musa müəllim
hələ o vaxt ulu öndər Heydər Əliyevin vətənə
qayıdışının zəruriliyini hər verilişdə
səsləndirirdi.
75 illik yubileyini qeyd etdiyimiz dəyərli elm adamı
M.Quluzadənin sözü ilə əməli daim vəhdət
təşkil edib.
Musa müəllim uzun illər "Ziyalılar cəmiyyəti"ndə
sədr müavini vəzifəsində
çalışıb, elmi, siyasi
çıxışları, məruzələri həmişə
maraqla qarşılanıb. Bu gün də o,
ziyalıların cərgəsində Azərbaycanın tərəqqisi
yolunda fəaliyyətini davam etdirir.
Qırx
ildən artıq ali məktəb auditoriyalarında
tələbələr qarşısında mühazirələr
oxuyan Musa Quluzadə dəyərli alim kimi iki yüzdən
artıq elmi məqalənin müəllifidir. Əslində ali məktəbdə işləmək də,
tələbələrə dərs demək də
mümkündür. Ancaq önəmli olan bu dərsin kim tərəfindən tədris edilməsidir.
O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında "Azərbaycan
tarixi", "Azərbaycanın diplomatiya tarixi" və
"Azərbaycanın dövlətçilik tarixi" fənnlərini
tədris edir. Alimin "Bu da bir
ömürdür" kitabı artıq çap olunmuşdu.
Kitabda povestlər, hekayələr, mənsur
şeirlər, pyeslər toplanmışdır. Burada ümummilli lider Heydər Əliyevə həsr
olunmuş "Kəhkəşanda parlaq ulduz" sənədli
hekayəsi də verilmişdir. Əsər
Azərbaycan Yazıçılar Birliyinin 2004-cü ildə
elan etdiyi müsabiqədə birinci mükafata layiq
görülmüşdür.
Deyirlər
ki, ot kökü üstündə bitər.
Musa müəllimin övladları bu mənada
öz valideynlərinin davamçılarıdır. M.Quluzadə ocağında üç övlad
boya-başa çatıb. Onun iki qızı BDU-nun
filologiya, oğlu isə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin kino rejissorluğu fakültəsini bitirib. Artıq tanınmış rejissorun - Elçin
Musaoğlunun bu günlərdə "40-cı qapı"
filmi Amerikada "Qızıl mükafata" layiq
görülüb.
Yubileyi ərəfəsində
Musa müəllimə belə bir sualla müraciət etdim:
Özündən, tale yolundan razısanmı? Musa Quluzadə
isə çox mənalı tərzdə "mən həyatda
daim alnıaçıq yaşamışam və taleyimdən
razıyam" cavabını verdi.
Bu, adi söz deyildir. Bu, ömrünün
müdriklik çağını yaşayan və
yaradıcılığının daha çoşqun mərhələsinə
qədəm qoyan bir ziyalının etirafı idi.
Musa
müəllim 40 ildən artıqdır ki, ali
məktəblərdə səmərəli pedaqoji fəaliyyət
göstərir. Bu günlərdə Prezident İlham
Əliyevin sərəncamı ilə Musa Quluzadəyə əməkdar müəllim fəxri
adı verilmişdir. Müəllim üçün bundan
böyük şan-şöhrət ola
bilməz.
Bu il Musa müəllimin əsəri əsasında
oğlu Elçin Musaoğlu tərəfindən tammetrajlı
bədii film çəkilmişdir.
M.Quluzadə səmimi, xeyirxah insan, gözəl ailə
başçısıdır. Hələ
arzuları, xoş niyyətləri çoxdur. Onları həyata keçirmək üçün
çalışmaq, yorulmadan işləmək
lazımdır.
Görkəmli elm adamı, dəyərli ziyalı Musa
Quluzadəyə uzun ömür, möhkəm
cansağlığı, uğurlar arzulayırıq.
Elman NƏSİROV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun
direktoru, siyasi elmlər doktoru, professor
Azərbaycan.-
2014.- 18 may.- S.7.