İşıqlı xatirələrdə
yaşayır
O, dünyaya gələndə bir vaxt onu uzaq-uzaq yerlərə aparan yolların olduğunu bilmirdi. Bilmirdi ki, onu haradasa dəniz gözləyir, gəmilər arzulayır. Bilmirdi ki, bu həyatda bitib-tükənməyən işləri və qayğıları olacaq. Yüksələcək, qalxacaq, xöşbəxtliyin bütöv, təmiz üzünü görəcək və belə bir məqamda dünyayla vidalaşmalı olacaqdır.
Azərbaycanın əməkdar mühəndisi Rizvan Abasov 23 noyabr 1958-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində doğulub. 1965-1976-cı illərdə Ağalıkənd orta məktəbində təhsil alıb. 1977-1979-cu illərdə Sverdlovsk vilayətində daxili qoşun hissəsində hərbi xidmətdə olub. 1980-86-cı illərdə ümummilli liderin dəstəyi ilə müxtəlif şəhərlərə göndərilən azərbaycanlı gənclərdən biri kimi Moskvaya yola düşüb və V.V.Kuybışev adına İnşaat Mühəndisləri İnstitutuna daxil olub. Mühəndis-hidrotexnik ixtisasına yiyələnən Rizvan Abasov əmək fəaliyyətinə Dövlət Neft Şirkətində başlayıb. 1986-cı ildə "Xəzərdənizneftqaztikinti" trestinin 3 saylı tikinti-quraşdırma idarəsində işə başlayıb və 1997-ci ilədək quraşdırıcı, usta, iş icraçısı, sahə rəisi vəzifələrində çalışıb. 1997-2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin istehsalat şöbəsinin rəisi, baş mühəndisin müavini və 2003-cü ildən 2007-ci ilədək trestin baş mühəndisi, 2007-ci ilin mart ayından ömrünün sonunadək "Neftqaztikinti" trestinin müdiri vəzifəsində çalışıb. O, elmi-tədqiqat işlərinin yerinə yetirilməsində də fəal iştirak edirdi. Bir neçə elmi əsərin müəllifidir. Neftçi-inşaatçı kimi özünə hörmət qazanan Rizvan Abasov 3 sentyabr 2010-cu ildə 51 yaşında avtomobil qəzasında həyatını itidi. Özündən sonra bitib tükənməyən ağrı-acıları və doğmalarını, yaxınlarını isidən xatirələri qalıb.
Rizvan Abasov dövlət əhəmiyyətli "Bakı-Supsa" neft kəmərinin, "Çıraq-Səngəçal" sualtı qazsaxlama anbarının, Dübəndi xam neftin yığılması, hazırlanması, nəqli mərkəzi məntəqəsinin, kompressor stansiyasının, "Azərtrans Terminalı" və "Səngəçal Terminalı" arası birləşdirici boru kəmərlərinin və boruların təmizlənməsi stansiyasının, "Saquramo-Qırmızı körpü" magistral qaz kəmərinin və digər obyektlərin tikintisində fəal iştirak edib və bir sıra mühüm obyektin dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmasında əvəzsiz xidmət göstərib. Ümumiyyətlə, əsası ümummilli lider tərəfindən qoyulan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən yeni neft strategiyasının həyata keçirilməsində, neft-qaz sənayesinin dənizdə və quruda istismar olunan onlarla obyektinin inşa edilməsində böyük əməyi olub.
Rizvan Abasov rəhbərlik etdiyi kollektivin və onu tanıyan yüzlərlə insanın yaddaşında işıqlı xatirələrlə qalıb. Onun işgüzarlığı, təvazökarlığı, qayğıkeşliyi hamı üçün nümunə idi. Dövlət Neft Şirkətinin ən bacarıqlı və layiqli kadrlarından biri idi. Ömrü zəhmətlə keçdi və bu yolda addım-addım irəliləyərək müxtəlif vəzifələrə yüksəldi.
R.Abasovun bacarığına və qabiliyyətinə bütün sahələrdə rast gəlmək mümkün idi. O, həm alim idi, həm böyük təşkilatçı, həm gözəl dost. Eyni zamanda, ailəsini sonsuz bir məhəbbətlə sevirdi. El-oba təəssübü çəkən alovlu bir vətəndaş, kökü min illərə gedib çıxan böyük bir tarixin, mədəniyyətin, milli-mənəvi dəyərlərin şərəfli daşıyıcılarından, təbliğatçılarından sayılırdı. Kəndinə, rayonuna gəlməyi xoşlayırdı. Bu uzaq kənddən nə qədər insan onun köməyi ilə neft sahəsində işə düzəlib evinə çörək qazana bilir. Onun köməyi ilə kənddə məscid binası tikilib və ora rahat yol salınıb.
Nəzəriyyənin praktika ilə əlaqələndirilməsi həmişə aktual olub və bu baxımdan ARDNŞ-nin bir çox strukturunda olduğu kimi, Rizvan Abasovun rəhbərlik etdiyi trestdə də bu sahəyə xüsusi diqqət yetirilirdi. O dövrkü mətbuatda oxuyuruq: Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə ARDNŞ-nin "Neftqaztikinti" Tresti arasında protokol imzalanıb. "Neftqaztikinti" Trestinin müdiri Rizvan Abasov bildirib ki, AMİU ilə qurulan bu əlaqələr gələcəkdə trestin savadlı və perspektivli inşaatçı kadrlarla təmin olunmasına yardım göstərəcək. Trest tələbələri mülki tikinti, yol tikintisi, hidrotexniki qurğuların tikintisi kimi işlərin gedişinə cəlb etmək, onları trestin ayrı-ayrı idarə və müəssisələrində praktiki işlərə dəvət etmək niyyətindədir. Bu məqsədlə xüsusi işçi qrupu yaradılacaq və tələbə-müəllim heyəti ilə işbirliyi qurulacaq. Protokola əsasən, qarşılıqlı təcrübə mübadilələrinin, elmi-praktiki konfransların təşkil edilməsi, tikinti sahəsində baş verən elmi-texniki nailiyyətlər barədə AMİU tərəfindən ARDNŞ-nin müvafiq mütəxəssisləri üçün seminar və müşavirələr keçirilməsi, tələbə-müəllim heyətinin sınaq işləri üçün trestin laboratoriyalarından yararlanması və s. tədbirlər nəzərdə tutulur.
Hazırda bütün bunlar onsuz icra olunur. Nə yaxşı
ki ömür bitsə də, keçilən yollar, çəkilən yollar bitib tükənmir.
Belə
bir mahnı var: "Dünya köhnə dünyadır,
sevgiləri təzədir."
Doğrudan da, bu "köhnə" dünyanı
təzələyən, yeniləyən,
dəyişən, dəyişdirən
yalnız insanlar və onların bitib tükənməyən
arzuları və sevgiləridir. Hər bir
insan bu dünyaya gəldiyi kimi, bir gün
də bu həyatdan köçüb
gedir. Özündən sonra əməlləri,
istəkləri, bir də yaxınlarının,
dostlarının həsrət
dolu ürəklərində,
baxışlarında yaşayan
ümidləri və sevgiləri qalır.
Sevgilər və ümidlər
isə heç vaxt ölmür.
Hazırda Rizvan Abasovun qızı Sunarə atasının yolu ilə gedərək vaxtilə onun çalışdığı sahədə fəaliyyətini
davam etdirir. Ötən
il oğlu
Arazın Azərbaycan
Dövlət Neft Akademiyasına daxil olması isə həm ailədə, həm də Rizvan Abasovun dostları, yaxınları
arasında böyük
sevincə səbəb
oldu. Yəqin ona görə
ki, belə insanlar həyatdan getdikdən sonra da övladların, yaxınların, doğmaların
ömrünə, taleyinə
qoşulub yaşayırlar.
Bəxtiyar QARACA,
"Azərbaycan"
Azərbaycan.- 2014.- 18 may.- S.7.