Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Vyetnamın «Dostluq» ordeni ilə təltif olunmuşdur

 

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri çərçivəsində mayın 19-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə bu ölkənin "Dostluq" ordeni təqdim olunmuşdur.

Bununla bağlı təşkil olunan mərasimdə Vyetnam Sosialist Respublikasının ticarət və sənaye nazirinin müavini Çan Tuan An neft-qaz sahəsində gələcək əməkdaşlıq məsələlərinə toxunaraq ölkəsinin neft yataqlarının kəşfiyyatında və işlənməsində Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu bildirdi.

Xoşbəxt Yusifzadə "Ümid" və "Babək" yataqları ilə bağlı keçiriləcək tenderdə Vyetnam tərəfinin də iştirakının mümkünlüyünü vurğuladı.

Çan Tuan An Xoşbəxt Yusifzadənin Vyetnamın "Dostluq" ordeni ilə təltif olunduğunu bildirdi və ordeni ona təqdim etdi.

 

AzərTAc

Azərbaycan.- 2014.- 20 may.- S.5.