Milli Məclisdə görüşlər

 

 

Mayın 19-da Milli Məclisin Sədr müavini Bahar Muradova, ölkəmizdə səfərdə olan BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə görüşmüşdür.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox hüququ pozulmuş azərbaycanlı qaçqın və məcburi köçkünün durumundan bəhs edilib, problemin həllində beynəlxalq təşkilatların rolundan danışılıb. Bahar Muradova qeyd edib ki, Azərbaycan BMT ilə əməkdaşlığa böyük önəm verir. Həmçinin, qurumun qəbul etdiyi qərar və qətnamələrə böyük sayqı ilə yanaşır. Sədr müavini Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni xatırladaraq Ermənistan tərəfin həmin sənədlərə məhəl qoymadığına diqqət çəkib: "Mən özüm də hüquqları tapdalanan 1 milyon azərbaycanlıdan biriyəm. İşğal olunmuş bölgədə mənim də evim talanıb. Uzun illərdir ki, öz hüquqlarımızın bərpası  naminə xeyli səy göstərmişik. Çox təəssüf ki, bu istiqamətdəki fəaliyyətimiz istənilən nəticəni verməyib. Çünki torpaqlarımız hələ də işğal altındadır. Çox istəyirik ki, BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin həyata keçirilməsində qətiyyətlilik nümayiş etdirsin".

Çaloka Beyani bildirib ki, BMT hər bir münaqişənin dinc yolla həll olunması üçün böyük səylər göstərir və məcburi köçkünlərin problemlərinin həll olunması üçün münasib yollar axtarır. O, bu sahədə əlaqələrin inkişafında birinci amil kimi parlamentin siyasi rolunu yüksək qiymətləndirib. Daha sonra mümkün həll yolları tapmağın vacibliyini vurğulayıb.

Qonağı maraqlandıran məsələlərə də aydınlıq gətirilib.

Görüşdə iştirak edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova təəssüf hissi ilə bildiriblər ki, bir çox beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsinin həllinə səy göstərmirlər. Xüsusən də ATƏT-in Minsk qrupu bu sahədə ciddi çalışmır. Azərbaycanın istəyi budur ki, işğal edilmiş torpaqları boşaldılsın, hüquqları pozulmuş 1 milyondan çox vətəndaşı öz yurd-yuvasına qayıtsın.

Sonda qarşılıqlı maraq doğuran digər  məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

* * *

Mayın 19-da Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin  üzvləri Əfqanıstan İslam Respublikasının Milli Assambleyasının ölkəmizdə səfərdə olan deputatlarından ibarət nümayəndə heyəti ilə görüşmüşlər.

Görüşdə iki ölkə arasındakı dostluq münasibətlərindən danışan komitənin sədri Əli Hüseynli bildirmişdir ki, xalqlarımızı müstəqillik uğrunda mübarizə birləşdirir. Hər iki ölkənin ağır və mübarizələrlə dolu müstəqillik tarixi vardır. Sevindirici haldır ki, ən çətin vaxtlarda xalqlarımız həmişə bir-birinə dəstək olmuşdur.

Ə.Hüseynli son illərdə parlamentlərarası əlaqələrin inkişaf etməsinin ölkələrimizin münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyini demişdir. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə dəstək verdiyinə görə Əfqanıstan tərəfinə öz təşəkkürünü bildirmişdir. Vurğulanmışdır ki, əfqan xalqı da öz ölkəsində sülhün bərqərar olmasına çalışır.

Əfqanıstan parlamentinin yuxarı palatasının beynəlxalq əlaqələr komissiyasının rəhbəri Nisar Əhməd Hares ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın məmnunluq doğurduğunu vurğulamışdır. Bildirmişdir ki, Əfqanıstan uzun illərdir  ekstremizm, narkotik maddələrin qanunsuz dövriyyəsi və terrorizmdən əziyyət çəkir. Bu ölkədə insanlar hər gün terrorizmin qurbanına çevrilirlər. Ölkədə sülhün bərqərar olunması istiqamətində mühüm addımlar atılmasına baxmayaraq, heç bir nəticə əldə olunmamışdır.

Qonaq vurğulamışdır ki, bütün bunları nəzərə alaraq Əfqanıstan "Asiyanın qəlbi olan ölkələr"lə birgə əməkdaşlıq yaradıb bu problemin həllinə nail olmaq niyyətindədir. İlk səfərin Azərbaycana təşkil edilməsinin təsadüfi olmadığını deyən qonaq Azərbaycanın terrorizm ilə mübarizə sahəsində ən fəal ölkələr sırasında olduğunu diqqətə çatdırmışdır.

Məlumat verilmişdir ki, ekstremizm, narkotik maddələrin qanunsuz dövriyyəsi və terrorizmlə mübarizə məqsədilə Kabulda bir sıra ölkələrin iştirakı ilə böyük bir beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Konfransda bu problemlərlə birgə mübarizə yolları araşdırılacaqdır.

Azərbaycan tərəfi bu konfransda məmnunluqla iştirak edəcəyini və dünyada sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində atılan hər bir addıma dəstək verəcəyini vurğulamışdır.

* * *

Əfqanıstan İslam Respublikasının Milli Assambleyasının deputatlarından ibarət nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində mayın 19-da Milli Məclisdə olmuşdur.

Burada keçirilən görüşdə Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Aslanov oxşar taleyi olan xalqlarımız arasındakı dostluq münasibətlərindən danışmışdır. O vurğulamışdır ki, qarşılıqlı yüksək səviyyəli səfərlər mövcud əməkdaşlığın daha da  möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Azərbaycanın keçdiyi uğurlu inkişaf yolundan danışan M.Aslanov məlumat vermişdir ki, son 10 ildə ölkəmizdə çox böyük dəyişikliklər baş vermiş, bütün  sahələrdə, xüsusilə iqtisadiyyatda nəzərəçarpacaq nailiyyətlər əldə edilmişdir. Azərbaycanın artıq bir sıra nüfuzlu tədbirlərə ev sahibliyi etdiyini bildirən işçi qrupunun rəhbəri vurğulamışdır ki, 2015-ci ildə Bakıda ilk Avropa Oyunları keçiriləcəkdir.

Ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan M.Aslanov demişdir ki, artıq 20 ildən çoxdur Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Ölkəmiz bu münaqişənin sülh yolu ilə həllinə tərəfdar olsa da, Ermənistan problemin həlli ilə bağlı göstərilən səylərə məhəl qoymur.

Əfqanıstan parlamentinin yuxarı palatasının beynəlxalq əlaqələr komissiyasının rəhbəri Nisar Əhməd Hares təmsil etdiyi ölkənin coğrafi mövqeyinə görə bir çox dövlətlər tərəfindən təcavüzə məruz qaldığını təəssüf hissi ilə qeyd etmişdir. O məlumat vermişdir ki, ölkədə terrorizmlə mübarizə məqsədilə 46 ölkənin əsgərləri yerləşdirilsə də, bu, heç bir müsbət nəticə vermir.

Qonaq terrorizm ilə birgə mübarizə aparılmasının vacibliyinə toxunmuşdur.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmış, parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

* * *

Mayın 19-da Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Əfqanıstan İslam Respublikasının Milli Assambleyasının ölkəmizdə səfərdə olan deputatlarından ibarət nümayəndə heyəti ilə görüşmüşlər.

Görüşdə komitənin sədr müavini Sevinc Fətəliyeva Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan, Azərbaycan ilə Əfqanıstan arasında dostluq münasibətlərinin inkişafından danışmışdır.

Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat verən S.Fətəliyeva bildirmişdir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Rəsmi Yerevan beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymur. 

Diqqətə çatdırılmışdır ki, Azərbayca

n Əfqanıstan ilə parlamentlərarası əlaqələrə böyük önəm verir. Bu baxımdan Əfqanıstan deputatlarının Azərbaycana səfəri qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə verəcəkdir.

Əfqanıstan parlamentinin yuxarı palatasının beynəlxalq əlaqələr komissiyasının rəhbəri Nisar Əhməd Hares ölkələrimiz arasındakı əlaqələrin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu qeyd etmişdir. O, əməkdaşlığın inkişafında parlamentlərarası münasibətlərin rolunu xüsusi vurğulamışdır. N.Ə.Hares bu səfərin əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.

Azərbaycan.- 2014.- 20 may.- S.6.