Açılmamış səhifələr
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra elmi-ədəbi mühitdə sovet dövründə üstünə qara pərdə çəkilmiş, kimliyi və yaradıcılığı yasaq olunmuş yazarların üzə çıxarılması vacib məsələlərdən biridir. Böyük zəhmət və axtarışlar hesabına başa gəlməsi mümkün olan bu prosesdə son illər neçə-neçə tədqiqatçı əməyi böyük oxucu rəğbəti qazanıb. Belə zəhmətə qatlananlardan biri də cabbarlışünas alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmlidir.
Tədqiqatçı-alimin axtarışlarının ana xəttini - XX əstin əvvəllərində milli mücadilənin önündə gedən görkəmli şəxsiyyətləri müasir oxuculara tanıtmaq, onların əsərlərinə yeni həyat vermək, çağdaş dövrün tələbləri baxımından siyasi və ədəbi aləmə qovuşdurmaq təşkil edir. Bunu bizə Asif Rüstəmlinin ayrı-ayrı vaxtlarda nəşr etdirdiyi "Çırpınırdı Qara dəniz" (1992), "Tufanlardan keçən ömür" (1995), "Susmaz duyğuların səltənətində" (2002), "Ədəbi istiqlalımız" (2004), "Cəfər Cabbarlı: həyatı və mühiti" (2009), "Mütərcim Cəfər Cabbarlı" (2011), "Cefer Cabbarlı: hayatı, sanatı ve mücadilesi" (Türkiyə, 2011), "Bayraməli Abbaszadə: mühiti və mücadiləsi" (2014) kitabı, eləcə də bu günlərdə "Elm və təhsil" nəşriyyatı tərəfindən işıq üzü görən "Müdriklik mücəssəməsi" kitabı belə deməyə əsas verir.
"Müdriklik mücəssəməsi" kitabında müxtəlif illərdə dövri mətbuatda çap edilmiş elmi-publisistik məqalələr, mətnşünaslıq məsələləri, Cümhuriyyət dövrünün tarixi hadisələri, Qarabağ münaqişəsi, görkəmli alimlər, habelə yeni nəşr olunmuş elmi və ədəbi-bədii kitablar haqqında qələmə aldığı yazıları toplanıb.
"Müdriklik mücəssəməsi"nin leytmotivi ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına, onun ziyalılarına, yazarlarına, tədqiqatçı-alimlərinə mesaj kimi səslənən: "Azərbaycanın milli azadlığı, istiqlaliyyəti yolunda ən çox bizim ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz xidmətlər göstəribdir. Əgər biz 70 illik totalitar rejim çərçivəsində milli ədəbiyyatımızı, mədəniyyətimizi, dilimizi, adət-ənənələrimizi qoruyub-saxlaya bilmişiksə, hesab edirəm, bunlar böyük nailiyyətdir" sözləridir. Müəllif müdriklik etalonu, müdriklik mücəssəməsi (kitabın adı da buradan götürülüb), müstəqill və müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin şərəfli ömür yolundan, gənclik və təhsil illərindən, dövləti işlərdə fəaliyyətindən, hakimiyyətdə olduğu illərdə Azərbaycan milli ədəbiyyatına, Azərbaycan dilinə, tarixinə, təhsilinə, mədəniyyətinə, incəsənətinə göstərdiyi diqqət və qayğıdan söhbət açılır. Ulu öndərin şair və yazıçılarla, sənət adamları və incəsənət nümayəndələri ilə görüşləri, söhbətləri, dəyərli tövsiyyələri xatırlanır. Müəllif xatırladır ki, ümummilli lider Heydər Əliyevin ədəbiyyata, mədəniyyətə bağlılığı onun gənclik vaxtlarından, ötən əsrin 50-ci illərinin əvvəllərindən ədəbi ictimaiyyətə məlum idi. Dövlət Təhlükəsizliyi Komitəsində işləməsinə baxmayaraq, görkəmli şair və yazıçılarla, sənət adamları ilə sıx dostluq əlaqələri yaratmışdı. Bu əlaqələrin bariz nümunəsi olaraq 1950-ci illərin əvvəllərində Mehdi Hüseynzadənin üzə çıxarılmasını göstərmək olar. Müəllifin yazdığı kimi, ümummilli liderin o illərdə qətiyyəti, siyasi iradəsi və inadcıl təşəbbüsləri nəticəsində Mehdi Hüseynzadə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görüldü. Bakı kinematoqrafçılarının sovet ideologiyasının qılıncdan iti vaxtlarında çəkdiyi, milli dirçəlişə təkan verən "Bir Cənub şəhərində" və "İstintaq" filmləri ekranlara yol açdı.
Kitabda ümummilli liderin hakimiyyətə gəldiyi ilk illərdən ömrünün son günlərinədək Azərbaycanda dilin, təhsilin, elmin, incəsənətin, mədəniyyətin, mətbuatın inkişafına göstərdiyi qayğı rəsmi sənədlərə istinadən oxuculara çatdırılır. Kitabın "İstiqlal işığında" bölümündə ictimai mənşə etibarilə sərkərdə - Rusiya ordusunun general-leytenantı İsgəndər xan Xoyskinin ailəsində dünyaya göz açan, Azərbaycanın milli istiqlal mücadiləsi tarixində xüsusi yeri olan, Cümhuriyyət dönəmində Nazirlər Şurasının ilk sədri olmuş Fətəli xan Xoyskinin mübarizələrlə dolu ömür yolundan bəhs edilir. Ümumiyyətlə, "Müdriklik mücəssəməsi"ndə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının ictimai-siyasi həyatla bağlılığı, o dövrün ədəbi mühitində "Yaralı quş"a bəzəyən Cəfər Cabbarlının həyat və yaradıcılığı "M.Ə.Rəsulzadə və C.Cabbarlı: Qovuşan və ayrılan yollar", "C.Cabbarlı Cümhuriyyət dönəmində", "C.Cabbarlı repressiya məngənəsində", "Azərbaycan" qəzetinin Gəncə dövrü", "Azərbaycan" qəzetinin Bakıya köçməsi", "Zamanın söz kürsüsü" və digər məqalələrində tarixin açılmamış səhifələrinə aydınlıq gətirilir.
Ümumiyyətlə, beş yüz səhifəyə yaxın "Müdriklik mücəssəməsi" kitabı "İstiqlal işığında", "Cabbarlı dünyası", "Ədəbi portretlər" və "Tale yazıları" adlı dörd bölmədən ibarətdir. "Ədəbi portretlər" adlanan hissədə Məhəmməd Hüseyn Şəhriyarın ədəbi irsi, 1937-ci il repressiya qurbanı, ədəbiyyat tarixçisi, nəzəriyyəçi alim, tənqidçi, tərcüməçi və şair Cəfər Xəndanın, həyatının 55 ilini elmi araşdırmalara sərf edən, milli mətbuatımızın cəfakeş tədqiqatçısı, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Ağarəfi Zeynalzadənin, filologiya elmləri doktoru, professor İslam Ağayevin, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin, görkəmli macar türkoloq alimi, istedadlı etnoqraf, təcrübəli folklorçu, antropoloq, muzeyşünas professor Gyula Mesaroşun, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin yaradıcılıqlarının bu və digər sahədəki uğurları, "Behbud xan Cavanşirin məhkəmə prosesi" kitabı haqqında, habelə Ramil Səfərov barədə "Məhbəsə sığmayan azadlıq eşqi" və digər bu qəbildən olan yazıları böyük maraq doğurur.
Rəhman SALMANLI
Azərbaycan.- 2014.- 20 may.- S.10.