Ali qonağın şərəfinə
Mayın 19-da Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq və xanımı Mai Thi Hanh tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilmişdir.
Mərasim Azərbaycanın və Vyetnamın dövlət himnlərinin səsləndirilməsi ilə başladı.
Sonra Vyetnam Prezidenti Truonq Tan Sanq və Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdilər.
Prezident Truonq Tan Sanqın
çıxışı
- Hörmətli cənab Prezident İlham Əliyev,
hörmətli birinci xanım Mehriban Əliyeva,
hörmətli qonaqlar və dostlar.
Vyetnama dövlət səfərinə gələn cənab Prezidenti və Azərbaycandan olan fəxri qonaqları Vyetnam dövləti və xalqı adından bir daha ürəkdən salamlayır, Azərbaycan xalqına ən səmimi və mehriban hisslərimi, Vyetnam ilə Azərbaycan arasında ikitərəfli dostluq münasibətlərinin inkişafı perspektivlərinə inamımı bildirirəm.
Hörmətli cənab Prezident, biz, Vyetnam xalqı Azərbaycanı həmişə zəngin və qədim mədəniyyəti, qonaqpərvər və dost xalqı olan gözəl bir ölkə kimi tanıyırıq.
Vyetnam ilə Azərbaycan coğrafi baxımdan bir-birindən uzaqda yerləşsələr də, bizi dostluq, qardaşlıq münasibətləri birləşdirir. Vyetnam xalqı müstəqillik uğrunda mübarizənin və yeni dövlət quruculuğunun çətin illərində Azərbaycan xalqının göstərdiyi böyük və qiymətli köməyi heç vaxt unutmayacaqdır. Bizim sabiq Prezident Ho Şi Min 1959-cu ildə Bakının neft sənayesi zonasına səfərdən sonra demişdi: “Vyetnam bu müqavimət müharibəsində qalib gələndən sonra bütün SSRİ, o cümlədən Azərbaycan neft və qaz hasilatı və emalında, Bakıdakı kimi güclü neft sənayesi zonaları yaradılmasında Vyetnama kömək etməlidir”. Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev hələ 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama səfər etmiş, müharibədən sonra ölkənin bərpasında və quruculuq işlərində Vyetnam xalqını dəstəkləmişdi.
Biz fəxr edirik ki, çoxsaylı yüksəliş və enişlərdən, tarixi hadisələrdən sonra ölkələrimiz arasında yaxşı münasibətlər qorunub saxlanmışdır. Bu münasibətlər möhkəmləndirilir və inkişaf etdirilir. Vyetnam ölkələrimizin xalqları arasında dostluq münasibətlərinə həmişə hörmətlə yanaşır, onları qoruyub saxlayır və sonrakı nəsillərə ötürür. Bu gün bizdə Vyetnam ilə Azərbaycan arasında çoxtərəfli, qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsi üçün hər cür əlverişli şərait vardır. Cənab Prezidentin və Azərbaycanın yüksək vəzifəli nümayəndə heyətinin Vyetnama bugünkü səfəri buna sübutdur.
Hörmətli cənab Prezident, mən bizim bugünkü danışıqlarımızın nəticələrini və Azərbaycan Prezidentinin Vyetnamın yüksək vəzifəli rəhbərləri ilə görüşlərinin nəticələrini yüksək qiymətləndirirəm. Biz ikitərəfli münasibətlərə və qarşılıqlı maraq doğuran mühüm beynəlxalq məsələlərə dair əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunda fikir mübadiləsi apardıq, yaxın gələcəkdə ölkələrimiz arasında bütün sahələrdə, xüsusən ticari-iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətləri və bununla əlaqədar tədbirlər haqqında yekdil qərar qəbul etdik. Səfər çərçivəsində əldə edilmiş nəticələr bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə güclü təkan verəcək, Vyetnam ilə Azərbaycan arasında münasibətlərin inkişafını yeni səviyyəyə çatdıracaqdır. Hesab edirəm ki, iki ölkənin rəhbərlərinin və xalqlarının yaxın, ənənəvi dostluq münasibətləri, əzmkarlığı və qətiyyəti yeni dövrdə ölkələrimizin xalqlarının mənafeləri və firavanlığı naminə, regionda və dünyada sülh və sabitlik naminə sıx əməkdaşlığın davam etdirilməsi və inkişafı üçün möhkəm zəmindir.
Cənab Prezident, Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi şərəfinə! Vyetnam və Azərbaycan xalqlarının əmin-amanlığı, firavanlığı şərəfinə! Cənab Prezidentin və xanımının şərəfinə! Bu gün burada iştirak edən bütün azərbaycanlıların və vyetnamlıların şərəfinə!
X X X
Prezident
İlham Əliyevin
çıxışı
- Hörmətli cənab Prezident.
Hörmətli xanım Mai Thi Hanh.
Əziz dostlar.
Cənab
Prezident, ilk növbədə
mənə və nümayəndə heyətimizin
üzvlərinə göstərdiyiniz
qonaqpərvərliyə görə
Sizə minnətdarlığımı
bildirirəm.
Fürsətdən istifadə edərək, Sizi, cənab Prezident, Sizin üçün münasib
olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət
edirəm.
Bildiyiniz kimi, mənim səfərim iki ölkə arasındakı
münasibətlərdə ilk dövlət səfəridir. Səfər artıq
başa çatır.
Deyə bilərəm ki, səfərin nəticələri
çox uğurlu olmuşdur. Biz bu gün iki
ölkə arasındakı
əlaqələrin bütün
aspektlərini geniş
müzakirə etdik.
Görülən işlərə qiymət verildi və görüləcək
işlər haqqında
konkret istiqamətlər
müəyyən edildi.
Siz, cənab
Prezident, qeyd etdiyiniz kimi, bizim əlaqələrimizin
təməlini Vyetnam xalqının böyük
oğlu, Prezident Ho Şi Min 1959-cu ildə qoymuşdur. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 1983-cü ildə
Vyetnama səfəri də bizim yadımızdadır.
Çox
şadam ki, Vyetnamda da o səfəri xatırlayırlar
və o səfərə
çox yüksək
qiymət verirlər.
Bu gün Azərbaycanda
təhsil almış
vyetnamlı keçmiş
tələbələrlə mənim görüşüm
olmuşdur. Bu görüş
xüsusi bir dostluq və mehribanlıq atmosferində
keçmişdir. Çox gözəl
sözlər deyildi, yaxşı xatirələr
ifadə edildi. Hətta vyetnamlı dostlarımız
Azərbaycan mahnısı
da ifa etdilər.
Budur, bizim ikitərəfli münasibətlərimizin əsas
təməl daşı.
Bu gün Vyetnam-Azərbaycan
ikitərəfli əlaqələri
bu möhkəm təməl üzərində
qurulur və uğurla inkişaf edir.
Biz bu gün ikitərəfli əlaqələrimizin
siyasi, iqtisadi, humanitar aspektlərini geniş müzakirə etdik. Deyə bilərəm ki,
bütün mövzularla
bağlı bizim fikrimiz birdir. Biz siyasi əlaqələri
inkişaf etdirəcəyik,
ticarət dövriyyəsini
ən azı iki dəfə artırmaq fikrimiz vardır. Təhsil sahəsində o gözəl ənənələri
bərpa etməliyik.
Vyetnamlı tələbələr Azərbaycanda, azərbaycanlı
tələbələr Vyetnamda
təhsil almalıdırlar.
Neft-qaz sektorunda, investisiya qoyuluşu, mədəniyyət,
turizm sahələrində
gələcək əməkdaşlıqla
bağlı konkret tapşırıqlar verilmişdir.
Əminəm ki, növbəti
illərdə Vyetnam-Azərbaycan
əlaqələri bütün
istiqamətlər üzrə
daha da möhkəmlənəcəkdir.
Azərbaycanda Vyetnam xalqına çox böyük rəğbət vardır. Müstəqillik uğrunda mübarizədə
azərbaycanlılar vyetnamlılarla
həmrəy olmuşlar.
Biz bu ənənələri
qoruyacağıq, dostluğumuzu
daha da möhkəmləndirəcəyik.
X X X
Mərasimdə Vyetnam incəsənət ustalarının ifasında
konsert proqramı təqdim olundu.
Dövlət başçıları və
xanımları incəsənət
ustaları ilə görüşdülər.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-
2014.- 21 may.- S.2.