«Siyasi elmin
müasir problemləri» kitabının ictimai müzakirəsi keçirilmişdir
Mayın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) politologiya və siyasi idarəetmə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Nigar Ələkbərovanın "Siyasi elmin müasir problemləri" kitabının ictimai müzakirəsi keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), ölkənin müxtəlif ali məktəblərinin nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, tarix elmləri doktoru, Əməkdar Müəllim Bəhruz Abdullayev müəllif və onun təqdim olunan əsəri barədə məlumat vermişdir.
Bildirilmişdir ki, professor Nigar Ələkbərova Avropa Şurasının mədəniyyət məsələləri üzrə milli eksperti, Rusiya Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. O, 60-dan çox beynəlxalq konfrans, simpozium və konqresdə Azərbaycanı ləyaqətlə təmsil etmişdir. N.Ələkbərova beş kitabın, çoxlu sayda elmi və elmi-publisistik məqalələrin, tədris proqramları və tədris-metodiki vəsaitlərin müəllifidir. Alimin ali məktəblərin magistratura pilləsi üçün nəzərdə tutulan və bu sahədə ilk dərslik olan "Siyasi elmin müasir problemləri" kitabı AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu tərəfindən Respublika Dövlət Mükafatına təqdim edilmişdir. Kitabın elmi redaktorları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova və DİA-nın dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Sevil Məmmədovadır.
Bakı Dövlət Universitetinin (BDU) dosenti Məcid Əfəndiyev kitabın məziyyətlərindən danışaraq bildirmişdir ki, "Siyasi elmin müasir problemləri" fənni üzrə ölkəmizdə ilk dəfə nəşr edilən bu dərslikdə yeni təhsil standartlarına uyğun olaraq siyasi elmin ən aktual, eyni zamanda, prioritet səciyyə daşıyan, fundamental əhəmiyyətli müasir problemləri tam və sistemləşdirilmiş şəkildə izah edilir. M.Əfəndiyev alim və mütəxəssislər üçün dəyərli mənbə olan bu kitabın Dövlət Mükafatına təqdim edilməsini yüksək qiymətləndirmiş, müəllifə uğurlar arzulamışdır.
Tədbirdə DİA-nın dosenti Sevil Məmmədova, BDU-nun professoru Fərman İsmayılov siyasi elmlərin tədrisi və kadr hazırlığı prosesində yeni dərsliyin əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, "Siyasi elmin müasir problemləri" kitabı təkcə siyasi sahədə püxtələşən kadrlar üçün deyil, eyni zamanda, digər sahələr üçün kadr hazırlığı prosesində, eləcə də humanitar sahədə çalışan mütəxəssislər üçün əhəmiyyətli vəsaitdir. Dərslikdə Azərbaycan siyasi elmində bu günədək araşdırılmamış bir sahə olan siyasi davranış və siyasi iştirak problemlərinin yer almasının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.
Kitabın rəyçiləri - AMİU-nun professoru, əməkdar müəllim Nurqələm Mikayılov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Əlikram Tağıyev qeyd etmişlər ki, yeni dərslikdə siyasi elmin son 30-40 ildəki vəziyyəti, inkişaf xarakteri, spesifik xüsusiyyətləri xronoloji və məntiqi ardıcıllıqla açıqlanır, bu sahədə dərin iz qoymuş nüfuzlu politoloqlar, həmçinin onların ən parlaq və maraqlı əsərləri haqqında dolğun məlumat verilir. Kitabın strukturunun sistemli qurulmasından söz açan alimlər müəllifin digər əsərlərinin də məziyyətlərindən danışmış, magistrantlar üçün yazılmış dəyərli və vacib əsərlərdən sayılan yeni dərsliyin Dövlət Mükafatına təqdim olunmasını təqdir etdiklərini bildirmişlər.
AMİU-nun professorları Dilqəm İsmayılov, Əlisa Əhmədov, DİA-nın dosentləri Mustafa İsgəndərli, Yelena Qasımova, Yusif Ağayev, Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Oqtay Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Cəlil Xəlilov və başqaları doqquz bölmədən ibarət kitabın məziyyətlərindən, mənbələrin əsaslandırılmasından söz açmış, əsərdə müasir elmin dövlətçilik təfəkkürü ilə uyğunlaşdırıldığını qeyd etmişlər. Natiqlər "Siyasi elmin müasir problemləri" kitabının alim və tələbələrin, bu sahə ilə məşğul olan mütəxəssislərin, müasir siyasi elmlə maraqlananların stolüstü kitabına çevriləcəyinə əminliklərini bildirmiş, müəllifə daha böyük uğurlar arzulamışlar.
Sonda kitabın müəllifi, professor Nigar Ələkbərova çıxış edərək əsərin yazılmasını zəruri edən şərtlərdən danışmışdır. Alim bildirmişdir ki, ali məktəblərdə dövrümüzün tələbləri ilə bağlı tədris olunan bir çox yeni fənlər zəruri informasiyanı elmi-metodiki baxımdan əsaslandırılmış şəkildə əhatə edən dərsliklərin hazırlanması məsələsini daha da aktuallaşdırır. Ali məktəblərin magistratura pilləsi üçün nəzərdə tutulmuş "Siyasi elmin müasir problemləri" dərsliyi bu ehtiyac və tələblərin qismən ödənilməsi məqsədilə yazılmışdır.
N.Ələkbərova kitabın ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Azərbaycan.-
2014.- 21 may.- S.3.