Otuz ölkənin diplomatik nümayəndəlikləri üçün QubaQusar rayonlarına infotur təşkil edilmişdir

 

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycanda fəaliyyət göstərən otuz ölkənin diplomatik nümayəndəlikləri üçün QubaQusar rayonlarına infotur təşkil etmişdir.

AzərTAc xəbər verir ki, mayın 20-də infotur iştirakçıları Quba rayonunun zəngin turizm potensialı, tarix-memarlıq abidləri, milli mətbəxi, adət və ənənələri ilə tanış olmuşlar.

Xarici  diplomatlar və onların ailə üzvlərinin Qubaya səfəri "Yaşıl Teatr"dan başlamışdır. Rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev qonaqlara Qubanın tarixi, əsrarəngiz təbiəti və turizm potensialı haqqında ətraflı məlumat vermişdir. İnfotur iştirakçılarına rayonda yaşayan milli azlıqların folklor nümunələrindən ibarət konsert təqdim olunmuşdur. Konsert proqramından sonra qonaqlara milli mətbəximizin dadlı təamlarından bəzilərinin hazırlanması prosesi əyani nümayiş etdirilmişdir.

Daha sonra qonaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etmişlər. İnfotur iştirakçılarına məlumat verilmişdir ki, Soyqırımı Memorial Kompleksində Quba şəhərinin XX əsrin əvvəllərinə aid görüntüləri, müxtəlif dövrlərdə burada aparılmış tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotoşəkillər toplanmışdır. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı maraqlı fotolar və sənədlər də yer almışdır. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımıları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

 İnfotur çərçivəsində qonaqlar Qudyalçayın sahilindəki "Rixos Quba Azerbaijan" otel kompleksindəki qolf meydançası, həmçinin "Qədim Quba" xalçaçılıq müəssisəsi ilə də tanış olmuşlar. Onlara Azərbaycanın zəngin xalçaçılıq tarixi haqqında ətraflı məlumat verilmiş, ən gözəl xalça nümunələri nümayiş etdirilmişdir.

Xarici diplomatlar və onların ailə üzvləri infotur çərçivəsində mayın 21-də Qusar rayonuna səfər edəcəklər.

 

Azərbaycan.- 2014.- 21 may.- S.3.