Azərbaycan Parlamentinin nümayəndə heyəti Xorvatiyada səfərdədir

 

Xəbər verildiyimiz kimi, Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Xorvatiya Respublikasında rəsmi səfərdədir.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki. mayın 18-də başlayan səfərdə parlamentin deputatları Çingiz Əsədullayev, Sahibə Qafarova, Qüdrət Həsənquliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edirlər.

Mayın 19-da Milli Məclisin sədri Oqtay Əsədov Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçlə görüşmüşdür. Prezident İvo Yosipoviç dövlətlərimizin strateji tərəfdaş olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ildə Xorvatiyaya səfəri dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşməsinə təkan vermişdir. Səfər zamanı ölkələrimiz arasında bir sıra sənədlər imzalanmış və Zaqreb Bəyannaməsi qəbul olunmuşdur. Xorvatiya Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıqda maraqlıdır. Prezident İvo Yosipoviç ümidvar olduğunu bildirmişdir ki, Milli Məclisin nümayəndə heyətinin bu səfəri parlamentlərarası münasibətlərin daha da inkişaf etməsinə yeni impuls verəcəkdir.

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan dövlətin başçısı İlham Əliyevin salamlarını Xorvatiya Prezidentinə çatdırmışdır. Xorvatiyaya ilk dəfə səfər etdiyini deyən Oqtay Əsədov bu səfərin parlamentlərarası əməkdaşlığın dərinləşməsinə yeni töhfə verəcəyinə inandığını söyləmişdir. Ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan Milli Məclisin sədri iqtisadi əlaqələrin də yaxın zamanlarda yüksələcəyinə əminliyini ifadə etmişdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan sədr Xorvatiya Respublikasının da müstəqillik əldə etdikdən sonra oxşar problemlə üzləşdiyini xatırlatmışdır. Qeyd edilmişdir ki, Azərbaycan münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlıdır. Lakin münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti nəticə vermir. Milli Məclisin sədri Dağlıq Qarabağ məsələsində Xorvatiyanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə və ölkəmizin ərazi bütövlüyünün Zaqreb Bəyannaməsində əks olunduğuna görə Xorvatiya hökumətinə minnətdarlığını bildirmişdir.

Prezident İvo Yosipoviç Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın problemin sülh yolu ilə həll olunmasında səylərini dəstəklədiyini, hərb yolunun bu cür məsələləri daha da mürəkkəbləşdirdiyini vurğulamışdır. Prezident qeyd etmişdir ki, bu yaxınlarda Xorvatiyanın müdafiə naziri Azərbaycanda rəsmi səfərdə olmuşdur. Prezident İvo Yosipoviç bu əməkdaşlıqdan razılığını bildirmişdir.

Görüşdə qeyd olunmuşdur ki, ölkələrimiz arasında mövcud yüksək səviyyəli münasibətlər gələcəkdə də inkişaf etdiriləcəkdir.

Milli Məclisin sədri Oqtay Əsədov səfər çərçivəsində xorvatiyalı həmkarı Yosip Leko ilə görüşmüşdür. Təkbətək keçirilən görüş daha sonra geniş tərkibdə davam etdirilmişdir.

Görüşdə Azərbaycana səfərini xatırladan Xorvatiya Parlamentinin sədri ölkəmizin yüksək iqtisadi inkişafına heyran qaldığını dilə gətirmiş, Bakının isə son dərəcə modern bir şəhər olduğunu qeyd etmişdir. Azərbaycan ilə Xorvatiyanın həm coğrafi, həm də tarixi cəhətdən bənzərliyini vurğulayan Yosip Leko regional və beynəlxalq məsələlərdə də mövqelərimizin üst-üstə düşdüyünü bildirmişdir.

Azərbaycan parlamentinin sədri Oqtay Əsədov Yosip Lekonu Xorvatiya Respublikasının Avropa İttifaqına üzv olması münasibəti ilə təbrik etmişdir. Ölkələrimiz arasında yüksək siyasi əlaqələrlə bərabər, iqtisadi münasibətlərin də inkişaf etdirilməsinin vacibliyindən söz açmışdır. Milli Məclisin sədri vurğulamışdır ki, mədəniyyət və turizm sahələrində əlaqələrin genişlənməsi xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcəkdir. Oqtay Əsədov Xəzər dənizində artıq 28 ildir ki, Xorvatiya istehsalı olan bərələrin istismar edildiyini, bu yaxınlarda isə iki yeni bərənin alındığını bildirmişdir. Bununla Xorvatiya Böyük İpək Yolunun bərpasına öz töhfəsini verir.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonda hər parlament sədrləri brifinq keçirmiş, ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivlərindən danışmışlar.

Azərbaycan.- 2014.- 21 may.- S.4.