Həştərxan Azərbaycan-Rusiya dostluğunun rəmzinə çevrilib

 

 

Hər bir ölkənin xarici siyasət kursunda əsas prioritetlərdən biri yaxın qonşularla, xüsusən həmsərhəd dövlətlərlə əlaqələrin normal məcrada inkişaf etdirilməsidir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasət kursunda etdiyi kardinal dəyişikliklərdən biri əvvəlki iqtidarların dövründə yol verilən kobud səhvlərin aradan qaldırılması, milli maraqlardan çıxış etməklə qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərin yaxşılaşdırılması oldu.

Heydər Əliyev böyük uzaqgörənliklə əvvəlki hakimiyyətlərin siyasi səbatsızlığı ucbatından rəsmi Bakı ilə Moskva arasında yaranan siyasi gərginliyi aradan qaldırdı və Rusiya ilə Azərbaycanın normal münasibətlərinin əsası qoyuldu. Sonrakı dövrdə iki dövlət arasında bərabərhüquqlu prinsiplər üzərində qurulan əlaqələr daha da möhkəmləndirildi.

 

Azərbaycan-Rusiya münasibətləri yeni keyfiyyət mərhələsində

 

Son illərin mənzərəsi göstərir ki, Rusiya ölkəmizlə münasibətlərin daha da genişlənməsində maraqlıdır. İqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf fazasına qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan da Rusiya ilə münasibətlərə önəm verir. Xarici siyasətdə Heydər Əliyev tərəfindən qoyulmuş və milli maraqlara söykənən ənənələri böyük məharətlə davam etdirən Prezident İlham Əliyev Rusiya ilə əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə diqqət yetirir. Ötən illərdə dövlət başçılarının qarşılıqlı səfərləri, təbii ki, ikitərəfli münasibətlərə təsirsiz ötüşməyib. Bu səfərlərin müsbət nəticələri özünü təkcə siyasi sferada göstərmir. İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir.

Hazırda Azərbaycanla Rusiya arasında münasibətlər keyfiyyətcə yeni mərhələdə inkişaf edir. Hər iki ölkə sabitliyə, konstruktivliyə, təkcə yaxın gələcəkdə deyil, həm də ən uzunmüddətli perspektivdə mehriban qonşuluğa meyil göstərirlər. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ötənilki seçkilərdə qalib gəldikdən sonra Cənubi Qafqaz ölkələrindən ilk səfərini Azərbaycana etməsi bunun təsdiqi sayıla bilər. Bu səfər Rusiyanın Azərbaycan dövlətinə və hakimiyyətinə olan ehtiramının və önəminin göstəricisi idi. Çünki Rusiyada da yaxşı bilirlər ki, Azərbaycan Cənubi Qafqazın ən əhəmiyyətli strateji ölkəsidir və bu mənada Şimal qonşumuz Azərbaycanın timsalında etibarlı tərəfdaş görür. Ən əsası, həmin səfər Azərbaycanla Rusiya arasında münasibətlərin gərgin olması ilə bağlı bəzi dairələrdə səslənən fikirləri alt-üst etməklə yanaşı, həm də Azərbaycanın müstəqil siyasət həyata keçirdiyini təsdiqlədi. Prezident İlham Əliyev və Vladimir Putin arasında danışıqların olduqca yüksək atmosferdə keçməsi, dövlət başçılarının timsalında səmimi tərəfdaşlığa söykənən Azərbaycan-Rusiya münasibətlərini nümayiş etdirdi.

Hazırda Rusiya və Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayan subyektlər qismində həm də ölkələrimizin müxtəlif rayon və şəhərləri çıxış edir. Onlar ümumi tərəqqiyə xidmət edən siyasətin vacib elementlərinə çevrilərək bir-biri ilə qurduğu münasibətlərlə əməkdaşlığa özünəməxsus töhfələr verirlər. Bu xüsusda Rusiya Federasiyasının Həştərxan vilayəti ilə əlaqələr xüsusi qeyd olunmalıdır. Həştərxan vilayəti və onunla eyni adı daşıyan şəhərlə Azərbaycanın tarix boyu sıx əlaqələri olub. Bunu şərtləndirən əsas səbəblərdən biri Xəzər dənizində olan qonşuluqdur. Bu amil tarixən əlaqələrin formalaşmasında mühüm rol oynayıb.

Həştərxan vilayəti ilə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət edən mühüm amillərdən biri də Həştərxan şəhərində hazırda 25 mindən çox azərbaycanlının yaşamasıdır. Həmvətənlərimizin burada formalaşdırdığı diaspor təşkilatları daim kifayət qədər fəallıq nümayiş etdirir, Azərbaycan reallıqlarının, ölkəmizdəki dinamik inkişafın həm Rusiya, həm də dünya ictimaiyyətinə çatdırılmasında vacib rol oynayır.

Azərbaycan diasporu Həştərxan vilayətinin həm rəhbərliyi, həm də ictimaiyyəti tərəfindən ən etibarlı tərəfdaş və yaşanan inkişafa mühüm töhfələr verən zümrə kimi qəbul olunur. Bu mənada Azərbaycan barəsində yüksək fikirdə olan Həştərxan ictimaiyyətinin azərbaycanlılara və bütövlükdə ölkəmizə olan ehtiramının ən bariz nümunəsi bu şəhərdə ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldılmasıdır. 2010-cu il oktyabrın 27-də abidənin açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "Bu gün şəhərlərimizin, ölkələrimizin tarixində əbədi qalacaqdır. Əminəm ki, Rusiya ilə Azərbaycanı daha da yaxınlaşdırmaq üçün əlindən gələni etmiş Heydər Əliyevin obrazı ölkələrimiz və xalqlarımız arasında fəal əməkdaşlıq işində çox mühüm rol oynayacaqdır".

Təkcə Azərbaycanda deyil, bütün postsovet məkanında böyük siyasi xadim kimi qəbul olunan Heydər Əliyevin abidəsinin Həştərxan vilayətində ucaldılması təsadüfi deyil. Çünki ulu öndər istər sovetlər, istərsə də postsovet dövründə Rusiya, eləcə də onun vilayətləri, o cümlədən Həştərxanla Azərbaycanın, onun ayrı-ayrı inzibati ərazi strukturlarının, xalqlarımızın qarşılıqlı münasibətlərinin inkişafına böyük töhfələr vermişdir. Odur ki, Heydər Əliyevin xatirəsi həştərxanlılar tərəfindən daim yüksək ehtiramla anılır. Ulu öndərin abidəsi isə dostluğun rəmzi kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin söylədiyi fikirlər çox qısa müddətdə real həyatda öz təsdiqini tapmağa başladı. 2011-ci il mayın 19-da "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda keçirilən forum çərçivəsində Həştərxanın mərkəzində, Naberejnaya Privoljskovo Zatona küçəsində Heydər Əliyev adına parkın təntənəli açılışı olub. Parkın açılışı Azərbaycan və Rusiya dövlətləri, həmçinin onların xalqları arasında münasibətlərin, regionlararası əməkdaşlığın tarixində daha bir parlaq səhifədir. Bu, Rusiya-Azərbaycan dostluğunun xoş nişanəsidir. 3,5 hektar ərazidə salınan istirahət parkında geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb, mindən artıq ağac əkilib. Parkda müasir işıqlandırma sistemi quraşdırılıb, gözəl fəvvarə yaradılıb, oturacaqlar qoyulub. Azərbaycan hökumətinin təşəbbüsü ilə parkda həyata keçirilən yenidənqurma tədbirləri, görülən digər işlər Həştərxan şəhərinin simasına yenilik gətirib, daha da gözəlləşdirib. Elə həmin gün Rusiya-Azərbaycan dostluq körpüsünün təməli qoyulub.

Həştərxanla əlaqələrin genişlənməsinə xidmət edən əsas amillərdən biri də Bakının Nərimanov rayonu ilə Rusiyanın bu vilayəti arasındakı mövcud əməkdaşlıq telləridir. Həm Həştərxan vilayətinin, həm də Nərimanov rayonunun rəsmi strukturları dövlət başçıları İlham Əliyevlə Vladimir Putinin dostluq münasibətlərinə istinad edərək iki ölkənin subyektləri arasındakı əlaqələrin inkişafı üçün mövcud potensialdan uğurla yararlanırlar. Eyni zamanda, Heydər Əliyev Fondunun Rusiyadakı çoxşaxəli fəaliyyəti son illərdə Nərimanov rayonu ilə Həştərxan vilayəti arasındakı dostluğu daha da möhkəmləndirib. Hazırda bu subyektlər arasındakı əməkdaşlıq daha çox humanitar və mədəniyyət sferalarını əhatə etsə də, Azərbaycanla Rusiya arasında əlaqələrin genişlənməsi digər sahələrdə də münasibətlərin yaranmasına yol açır.

 

Həştərxanla əlaqələrdə Heydər Əliyev Fondunun xidmətləri çox böyükdür

 

Sülhün möhkəmləndirilməsi, humanizmin və şəfqətin təşviq edilməsi mövqeyindən çıxış edən, habelə humanitar və sosialyönümlü tədbir və layihələrin təşəbbüskarı, eləcə də  təşkilatçısı olan Heydər Əliyev Fondunun dəstəyi və himayəsi ilə Rusiyanın Həştərxan vilayətində çoxlu iri sosial və infrastruktur layihələri həyata keçirilib. Bunlardan biri Həştərxan şəhərinin 11 nömrəli orta məktəbinin yenidən qurulmasıdır. Şəhərin Bakı küçəsində yerləşən və ulu öndər Heydər Əliyevin adını daşıyan bu məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə genişmiqyaslı rekonstruksiya işləri aparılıb, müasir standartlara uyğun iki yeni korpus inşa olunub, şagirdlərin təhsilinin lazımi səviyyədə təşkili üçün şərait yaradılıb, mebel və texniki avadanlıqlarla təchiz edilib.

Qeyd etdiyimiz kimi, 2011-ci ildə Rusiya-Azərbaycan dostluq körpüsünün təməli qoyulmuşdu. Qısa zaman kəsiyində körpünün inşası başa çatdırılıb və 2012-ci il sentyabrın 12-də açılışı olub. Həmin gün Heydər Əliyev parkında yaradılmış "Arzu" uşaq əyləncə şəhərciyinin açılışı, həmçinin Heydər Əliyev Fondunun növbəti layihələrindən biri olan Müqəddəs Knyaz Vladimirin məbədi önündə Knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimləri keçirilib.

Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva iştirak edib. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin körpünün açılmasını Həştərxan üçün mühüm tarixi hadisə kimi dəyərləndirərək bu humanitar layihənin reallaşdırılmasına görə Heydər Əliyev Fonduna və onun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib. Mərasimdə çıxış edən Leyla Əliyeva fondun Rusiyada həyata keçirilən layihələrini yüksək qiymətləndirib. Azərbaycanla Rusiya arasında əlaqələrin qarşılıqlı hörmətə, etimad və aşkarlığa əsaslandığını deyən Leyla Əliyeva münasibətlərin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

2013-cü il dekabrın 20-də isə Həştərxanda Leyla Əliyevanın iştirakı ilə Müqəddəs Vladimir məbədinin önündəki meydanda Knyaz Vladimirin abidəsinin və onun yerləşdiyi ərazidə salınmış parkın təntənəli açılış mərasimi keçirilib. Həmin gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində tikilmiş "Arzu" uşaq kafesinin açılışı olub, həmçinin şəhərin Bakı küçəsində fondun dəstəyi ilə tikiləcək uşaq bağçasının təməli qoyulub.

Heydər Əliyev Fondunun Həştərxanda həyata keçirdiyi layihələr vilayət və şəhər rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilir. Leyla xanım Əliyevanın "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" və III dərəcəli "Knyaginya Olqa" ordenləri ilə təltif olunması bunun bariz nümunəsidir. Bu mükafatlar fondun Həştərxanda həyata keçirdiyi layihələrə verilən böyük dəyərin göstəricisidir.

 

Nərimanov rayonu ilə Həştərxan arasında əlaqələr ilbəil genişlənir

 

Qeyd etdiyimiz kimi, Heydər Əliyev Fondunun Rusiyadakı fəaliyyətinin nəticəsi olaraq Nərimanov rayonu ilə Həştərxan vilayəti arasında sıx dostluq əlaqələri mövcuddur. Bu əlaqələr gündən-günə inkişaf edir və möhkəmlənir. Nərimanov rayonu tərəfindən bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində son illərdə xeyli iş görülüb. Qarşılıqlı əməkdaşlığın bariz nümunəsi kimi 2012-ci il dekabrın 19-da Nərimanov rayonu ərazisində yeni salınan parkda Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə "Bakı və Həştərxan dostluğu" abidəsinin təməlqoyma mərasimi keçirilib və 2013-cü ilin noyabrında açılışı olub.

İndiyədək Nərimanov rayonunun və Həştərxan vilayətinin rəhbərliyi dəfələrlə qarşılıqlı səfərlər ediblər. Bu səfərlərin nəticəsi kimi xüsusən humanitar və mədəni sahələrdə əlaqələr genişlənib. Demək olar ki, hər il Həştərxan ictimaiyyətinin nümayəndələri, xüsusən məktəblilər Bakıya səfərə gəlir, ölkəmizlə tanış olur, təcrübə mübadiləsi aparırlar. Artıq bu cür səfərlərin həyata keçirilməsi mütəmadi xarakter almaqla xoş ənənəyə çevrilib.

Fərəhləndirici və qürurverici haldır ki, Rusiya Federasiyasının Həştərxan vilayətində görülən böyük işlərdə göstərdiyi səy və fəallığa görə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Rusiya Prezidenti Vladimir Putinin imzaladığı sərəncamla "Dostluq" ordeni ilə təltif olunub. Bu orden, əslində, Nərimanov rayonunun böyük dəstəyinə və səmimi dostluğuna verilən yüksək mükafatdır. Ən əsası, bu nailiyyət Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısının - "əsl siyasət real iş və konkret fəaliyyətdən ibarətdir" məramının məntiqi nəticəsidir.

 

Münasibətlər qarşılıqlı səmimiyyətə və dostluğa söykənir

 

Bu günlərdə biz Azərbaycan Respublikası ilə Rusiyanın Həştərxan vilayəti arasında əlaqələrin dərinləşməsi və bütövlükdə Azərbaycan-Rusiya dostluğunun möhkəmlənməsi üçün bir sıra hadisələrin şahidi olduq. Həştərxanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr edilmiş tədbirlər bir daha göstərdi ki, münasibətlər qarşılıqlı səmimiyyətə və dostluğa söykənir. Tədbirlərdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin komitə sədrləri, deputatlar, Heydər Əliyev Fondunun, Həştərxan vilayətinin və Bakının Nərimanov rayonunun nümayəndələri iştirak ediblər.

Vilayətin qubernatoru Aleksandr Jilkin Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi münasibətilə Həştərxanda tədbirin keçirilməsini əlamətdar və gözəl hadisə adlandırıb. Ulu öndərin adını daşıyan fondun yaranmasının 10 illiyinin dünya şöhrətli siyasi xadimin anadan olmasının 91-ci ildönümü ilə eyni vaxta təsadüf etdiyini deyən Aleksandr Jilkin fondun Həştərxanda həyata keçirdiyi layihələrdən danışıb. O bildirib ki, Heydər Əliyev Fondunun gördüyü işlər artıq bütün dünyada yüksək qiymətləndirilir. Həştərxan vilayətinin qubernatoru Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və fondun vitse-prezidenti Leyla Əliyevaya vilayətə göstərdikləri diqqətə və həyata keçirilən birgə layihələrə görə minnətdarlığını bildirib. Həştərxanda Azərbaycan diasporuna böyük rəğbətin olduğunu deyən qubernator hazırda fondun dəstəyi ilə şəhərdə uşaq bağçasının inşa olunduğunu diqqətə çatdırıb.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əlaqələr və mehriban qonşuluq münasibətləri Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Əli Həsənov deyib: "Bu gün Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir və hər iki dövlətin maraqlarına tam müvafiqdir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, ticari-iqtisadi, siyasi, mədəni və başqa sahələrdə sıx əməkdaşlıq edirlər. Hər iki dövlətin rəhbərlərinin birgə səyləri sayəsində XXI yüzilliyin əvvəlində Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır".

Heydər Əliyev Fondunun fəaliyyətindən danışan Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, fondun yaradılması təşəbbüsünün müəllifi məhz Azərbaycan xalqının ümummilli lideri idi. Əli Həsənov bildirib ki, ulu öndər hələ Azərbaycan Prezidenti olduğu dövrdə istəyirdi ki, respublikada Azərbaycan xalqına xidmət edən, xarici ölkələrlə mədəni əlaqələrin genişləndirilməsi üzrə iş aparan, Azərbaycanın tarixi reallıqlarını dünya birliyinə çatdıran bu fond fəaliyyət göstərsin. Heydər Əliyevin vəfatından sonra bu nəcib ideyanı Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikası parlamentinin deputatı Mehriban xanım Əliyeva gerçəkləşdirdi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Böyük Vətən müharibəsində qələbənin əldə olunmasının ildönümü münasibətilə təbriklərini tədbir iştirakçılarına çatdıran fondun nümayəndəsi İlqar Mustafayev ötən 10 il ərzindəki icra olunan layihələrdən, bu qurumun dəstəyi ilə keçirilən beynəlxalq tədbirlərdən danışaraq qeyd edib ki, Heydər Əliyev Fondunun layihələri ümumilikdə bütün dünya ictimaiyyəti tərəfindən çox müsbət qarşılanır.

Azərbaycanın xarici siyasətində Rusiya ilə münasibətlər xüsusi yer tutur. Bu həm də Rusiyanın subyektləri ilə də birbaşa əlaqələrə yol açır, iki ölkənin xalqları və regionları arasında dostluğu daha da dərinləşdirir. Həştərxan vilayəti ilə qurulan və yüksələn xətlə inkişaf edən humanitar əlaqələr bunun bariz nümunəsidir. İndiyədək qarşılıqlı əsaslarla həyata keçirilən hər bir humanitar tədbir bu əlaqələrin real və praktiki olduğunu nümayiş etdirir. Azərbaycanla Həştərxan arasında yaranan açıq və səmimi dostluq münasibətləri iqtisadi əlaqələrin inkişafına və layihələrin icrasının fəallaşmasına xidmət edir. Reallıq da ondan ibarətdir ki, iqtisadi əlaqələrin də inkişafı üçün böyük potensial mövcuddur. Bu baxımdan hazırda Azərbaycanla Həştərxan arasında dəniz vasitəsilə ticarət dövriyyəsinin həyata keçirilməsi və iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edəcək digər layihələr əsas müzakirə mövzularıdır. Yeni əməkdaşlıq telləri isə, öz növbəsində, Rusiyanın digər subyektləri ilə də humanitar və ticari-iqtisadi sahələrdə əməkdaşlığa yol açır.

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.- 2014.- 21 may.- S.5.