Ümid ünvanı

 

 

Bu ünvandan İmişli sakinlərinə də yetərincə pay düşür

 

Zaman-zaman tarixə görkəmli dühalar bəxş etmiş türk dünyasında iki böyük şəxsiyyətin - Atatürklə Heydər Əliyevin adı qoşa çəkilir. Bu ədalətli yanaşma özünü azərbaycanlı sayan , bütün varlığı ilə bu yurda bağlı olan hər kəsin könlündə xoş duyğular oyadır, milyonların qəlbini qürurla doldurur.

Azərbaycan xalqının tarixinə özünün mübarək "xilaskar" adını qızıl hərflərlə yazan Heydər Əliyev yüz illər sonraya hesablanan ölməz ideyaları ilə zaman adlı bir ölçünün sərhədlərinə qətiyyən sığmır. Ulu öndər illər öncə "Nə qədər Azərbaycan var, mən də olacağam!" fikrini yüksək pafos, gəlişi xoş söz olduğuna görə işlətmirdi. O böyük insanın cismani yoxluğundan illər ötüb keçsə də, zaman dahiyanə uzaqgörənliklə deyilmiş o sözlərin polad məntiqini təsdiq etməkdədir...

Dünən o bizimlə idi. Canından artıq sevdiyi Azərbaycanı müdrik siyasəti ilə burulğanlardan çıxarır, tufanlardan keçirir, naşı siyasət dəllallarının diz çökdürdüyü bir ölkəni ayağa qaldırır, bütün dünyanı heyran qoyan bir sıçrayışla yüksəldir, onunla bərabər özü də zirvələrə ucalırdı. İndi çox haqlı deyirlər ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir.

Bu güno bizimlə bir sıradadır. Çəkilən yolları, salınan körpüləri, tikilən şəhər və qəsəbələri, milli ordu quruculuğunda qazanılan nailiyyətləri, həyatın bütün sahələrində əldə edilən möhtəşəm uğurları görüb sevinir...

Sabah da yanımızda olacaqdır! Onun seçib müəyyən etdiyi yolda atdığımız inamlı addımlara, elmdə, təhsildə, mədəniyyətdə, iqtisadiyyatda, siyasətdə, idmanda qazanılan zəfərlərə baxıb rahatlıq tapacaq, həmişə olduğu kimi yenə də təbəssümlə gülümsəyəcəkdir...

Biz həmişə qədirbilən bir xalqın övladı olmağımızla fəxr etmişik, haqlı qürur duymuşuq. Öz xalqına, vətəninə misilsizeyni zamanda təmənnasız xidmətləri hər bir azərbaycanlının qəlbində ulu öndər Heydər Əliyevə sonsuz məhəbbət və böyük ehtiram abidəsi ucaltmışdır. Bir zamanlar Heydər Əliyevin səxavətlə ürəklərə, könüllərə səpdiyi xeyirxahlıq toxumları qayğı ilə, can yanğısı ilə becərildiyi, qulluq göstərildiyi üçün cücərib, boy atıb, kökləri yerin dərin qatlarına işləyən, başı buludlara çatan  nəhəng bir ağaca çevrilib. Barı, bəhəri həyat nemətləri olan bu ağacın meyvələrindən indi hamıya pay çatır. Bu  həyat ağacının gerçək  bir adı var - Heydər Əliyev Fondu. Artıq 10 yaşı olan Fond ötən illər ərzində minlərlə xeyirxahlıq missiyası həyata keçirib. Fəaliyyət dairəsi bir ölkənin sərhədlərinə sığmayan fondu indi aclıq, səfalət, yoluxucu xəstəliklərin tüğyan etdiyi Afrika ölkələrində olduğu kimi, Avropanın inkişaf etmiş bir çox dövlətlərində də yaxşı tanıyır, göstərdiyi qayğı və diqqətə, təmənnasız köməyə görə minnətdarlıqla xatırlayırlar.

Söz yox ki, Heydər Əliyev Fondunun əsas qayəsi, başlıca hədəfi doğma Azərbaycan xalqına xidmətdir. Bunu ölkəmizin gündən-günə çiçəklənən paytaxtı Bakıda da, respublikanın yaxın-uzaq bölgələrində də hər kəs yaxşı bilir və yüksək dəyərləndirir.

Heydər Əliyev Fondunun qayğı boğçasından bir zamanlar inkişafına ulu öndərin xüsusi diqqət göstərdiyi İmişli rayonuna da yetərincə pay düşür. Son illər dinamik inkişaf yoluna çıxan, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası sahəsində böyük nailiyyətlər qazanan, müasir aqrar-sənaye mərkəzinə  çevrilən İmişlidə Heydər Əliyev Fondunun bir sıra möhtəşəm layihələri müvəffəqiyyətlə həyata keçirilmişdir. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bu barədə fikirlərini bizimlə bölüşür:

- Heydər Əliyev Fondunun uğrunda çalışdığı məqsəd son dərəcə şərəflidir. Mübaliğəsiz deyə bilərik ki, fond indi bütün dünyada xeyirxahlıq məbədi kimi tanınır. On il tarixi baxımdan elə də böyük zaman deyildir. Amma bu illər ərzində fondun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı və yenilməz iradəsi ilə gerçəkləşən çox saylı möhtəşəm tədbirlər bu vətəni, bu xalqı sevən hər kəsdə hədsiz minnətdarlıq hissi doğurur. Xeyirxahlıq fondun fəaliyyətində qırmızı xətt kimi keçir. Ölkəmizin ayrı-ayrı bölgələrindən olduğu kimi, İmişlidən də fonda müraciət edənlər ümidsiz qalmayıblar. Mehriban xanımın humanizmi ölümlə çarpışan neçə-neçə imkansız və ümidsiz xəstəni həyata qaytarıb. Belə faktlar İmişlidə onlarladır. Əlbəttə, Heydər Əliyev Fondunun fəaliyyəti çətinə, dara düşən ayrı-ayrı vətəndaşlara yardım etməklə, imkansız adamlara arxa-dayaq olmaqla məhdudlaşmır. Hər birimiz canlı şahidik ki, fond özünün genişmiqyaslı və çoxşaxəli fəaliyyəti ilə Heydər Əliyev ideallarını həyata keçirməyə çalışır. Bu idealların sərhədləri isə kifayət qədər böyükdürbu gün bütün dünyanı əhatə edir desək, qətiyyən mübaliğə olmaz. İmişlidə də Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə inşa olunan sosial obyektlər kifayət qədər çoxdur. Uğurla həyata keçirilən layihələrdə təhsil müəssisələrinin xüsusi çəkisi daha ağırdır. Bu, təsadüfi deyil. Çünki ulu öndər Azərbaycanda təhsilin inkişafına böyük önəm verir, təhsili millətin gələcəyi  hesab edirdi.

Öyrənirik ki, Heydər Əliyev Fondunun xəttilə İmişlidə 4 ümumtəhsil məktəbi inşa olunmuşdur. 200 şagird yerlik Yuxarı Qaralar kənd orta məktəbi, 100 şagird yerlik Mürsəlli kənd tam orta məktəbi, H.Abışov adına 600 şagird yerlik Qaralar kənd tam orta məktəbi və 360 şagird yerlik 8 saylı İmişli tam orta məktəbi bölgə əhalisinə Heydər Əliyev Fondunun dəyərli töhfələridir. Bu qayğı rayon mərkəzində yeni körpələr evi - uşaq bağçalarının tikintisilə davam etməkdədir.

H.Abışov adına Qaralar kənd tam orta məktəbi gözəl görkəmi ilə kəndə yaraşıq verir. Xüsusi layihə əsasında inşa edilmiş 3 mərtəbəli məktəb binasında müasir tələblərə cavab verən fənn kabinələri, kompyuter sinfi, laboratoriyalar, idman zalı, istilik sistemis. var. Məktəbin geniş foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatının ən maraqlı anlarını özündə əks etdirən nəfis guşə yaradılmışdır. Respublika Prezidenti İlham Əliyevin müdrik daxilixarici siyasətinin ayrı-ayrı məqamlarını göstərən fotoguşə də diqqət çəkir. Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunmuş guşədə isə fondun prezidenti Mehriban xanım Əliyeva şagirdlər arasında, uşaq bağçalarında, körpələr evində, xüsusi qayğı və diqqətə ehtiyac duyulan məkanlarda təsvir olunur.

H.Abışov adına Qaralar kənd tam orta məktəbinin direktoru Xeyri Nəsirovanın dediklərindən:

- Məktəbimizin şagirdləri də, müəllimləri də, valideynlər də yaradılan şəraitə, göstərilən qayğı və diqqətə görə Heydər Əliyev Fonduna minnətdardırlar. Biz xəyallarımıza belə gətirə bilmədiyimiz bir rahatlığa qovuşmuşuq. Bu, dövlətimizin artan iqtisadi qüdrətinin, təhsilin inkişafına yönələn qayğı və diqqətin məntiqi nəticəsidir. Bu, həm də bütün şüurlu həyatını doğma xalqının xoşbəxt və firavan gələcəyinə həsr edən xalqımızın ümummilli lideri Heydər Əliyevin ölməz ideyalarının təntənəsidir. Belə yaraşıqlı məktəbə, nüfuzlı ziyalı kollektivinə rəhbərlik etdiyim üçün özümü xöşbəxt sanıram.  Gənc yaşımda mənə göstərilən bu yüksək etimad eyni zamanda üzərimə böyük məsuliyyət də qoyur. Müstəqil Azərbaycan dövlətinin daha işıqlı sabahları üçün yeni nəsil yetişdirmək şərəfli olduğu qədər də məsuliyyətlidir. Təhsili millətin gələcəyi adlandıran ulu öndərin bu deyimində böyük hikmət var. Xalqını, vətənini sonsuz məhəbbətlə sevən, yüksək intellektual səviyyəyə malik, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, müasir dünyagörüşlü gənclərin yetişməsində məktəbin rolu inkaredilməzdir. Təbii ki, məzunlarımızın ali məktəblərə qəbulu əsas hədəfimizdir. Keçən ilki məzunlarımızdan 6 nəfəri yüksək bal toplayaraq  ölkənin nüfuzlu ali məktəblərinə qəbul olunmuşdur. Hər vasitə ilə çalışırıq ki, Heydər Əliyev Fondunun daim diqqət və qayğısına, yaratdığı nümunəvi şəraitə, hər birimizə qürur mənbəyi ola biləcək yeni nəslin yetişməsi işinə əsl ziyalı fədakarlığı ilə, təlimin və tədrisin keyfiyyətini daha da yüksəltməklə cavab verək.

Dövlətin qayğısı İmişlini tanınmaz etmişdir. Fəal vətəndaş mövqeyindən görülən genişmiqyaslı tikinti, abadlıq, quruculuq işləri rayon mərkəzinə müasir görkəm verir.

Yeni inşa olunmuş Heydər Əliyev Mərkəzi, Dövlət Bayrağı meydanı, Gənclər Mərkəzi, Heydər Əliyev parkı, yenidən qurulan prospekt və küçələr, musiqili fəvvarə, bu yerlərin gecəsini də parlaq gündüzə çevirən müasir işıqlandırma sistemi İmişlinin gözəlliyini inkişaf etmiş Avropa şəhərləri ilə müqayisə etməyə imkan verir. Rayonda səmərəli fəaliyyət göstərən çoxsaylı sənaye müəssisələri isə yerli əhalinin faydalı məşğulluğunu təmin edir, yeni yerlərinin açılmasına şərait yaradır. İndi İmişlidə istehsal olunan şəkər nəinki ölkənin daxili tələbatını müvəffəqiyyətlə ödəyir, eyni zamanda beynəlxalq bazarda da uğurlu rəqabət aparır. Bütün bunlar - respublikanın regionlarında sosial-iqtisadi inkişafı sürətləndirmək, bu hesaba ölkə əhalisinin həyat səviyyəsini daha da yaxşılaşdırmaq xalqımızın ümummilli lideri Heydər Əliyevin ən böyük arzuları idi. İdarəetmədə Heydər Əliyev ənənələrini müasir dünyanın xüsusiyyətlərinə uyğun formada yaradıcılıqla davam etdirən respublika Prezidenti İlham Əliyev öz məqsədyönlü və son dərəcə səmərəli fəaliyyəti ilə bu arzuların həyata keçməsini, obrazlı şəkildə desək, çiçəklənməsini təmin edir.

Fondun bir əsas məqsədi də doğma Azərbaycanı dünyaya tanıtmaqdır. Bu yöndə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət" kampaniyası Yer kürəsini qarış-qarış dolaşmaqla Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdadır. Ermənilərin Xocalıda törətdiyi faciə ilə, misli görünməyən vəhşiliklərlə tanış olan dinindən, irqindən asılı olmayaraq hər kəsdə erməni qəddarlığına qarşı dərin nifrət hissi oyanır. Bəşər tarixində ən dəhşətli müharibələrdə belə, uşağa, qadına, ixtiyar yaşlı ağsaqqal babalara güllə atılmayıb. Ancaq erməni faşistləri  yalnız azərbaycanlı olduqlarına görə Xocalıda yerlidinc sakinləri - uşaq, qadın və qoca olmasını belə, nəzərə almadan kütləvi şəkildə qırıblar. Heydər Əliyev Fondunun ürək ağrısı ilə dünyaya çatdırdığı ətraflı və obyektiv informasiyalar Qarabağ müharibəsində Azərbaycanın haqlı olduğunu, əsl həqiqətləri ortaya qoyur. Məqsədyönlü və səmərəli fəaliyyətin nəticəsidir ki, artıq dünyanın bir çox dövlətləri Xocalı faciəsini Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktı kimi tanıyır. Böyük uzaqgörənliklə başlanan kampaniyanın uğurudur ki, dünyada Azərbaycanın haqq işini müdafiə edənlərin sayı getdikcə artmaqdadır.

Ulu öndər Heydər Əliyev vaxtilə həyatının amalı, arzuları, məqsədi haqqında danışarkən belə bir səmimi etiraf etmişdir: "Mən bütün həyatımı xalqıma xidmət etməyə həsr etmişəm, bundan sonra da bu yolla gedəcəyəm, başqa yolum yoxdur. Vətənə, xalqıma, millətimə məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur." Mənsub olduğu xalqa, vətən deyə sevdiyi torpağa belə bağlılıq Heydər Əliyevi bu gün hər bir azərbaycanlının könlündə kövrək və müqəddəs bir həyat nəğməsinə çevirib. Bu nəğmənin tez-tez təkrarlanan nəqarəti isə başqa heç nə ilə əvəzlənməsi mümkün olmayan doğma və əziz, candan da üstün tutulan vətəndir, uğrunda odlara atıldığı sevgili millətdir. Heydər Əliyev Fondu bu gün bizə birona görə əziz və doğmadır ki, hər könüldə əks-səda verən bu həyat nəğməsinin şirin notlarını bütün dünyanın yaxın-uzaq ölkələrində həvəslə səsləndirir, Yer kürəsinin hər bucağına xeyirxahlıq toxumu səpir, insanları haqqı, ədaləti qorumağa, fəlakət gətirən faciələr yaradan müharibələri durdurmağa çağırır. Bəşəriyyətə sübut etməyə çalışır ki, dünyanın ən qüdrətli ölkələrini, milyonların könlünü kütləvi qırğın silahları ilə deyil, ruhumuzun dili olan musiqi ilə fəth etmək mümkündür. Bu bəşəri idealların daşıyıcısı olan Heydər Əliyev Fondunu, onun prezidenti, xeyirxahlıq mücəssəməsi olan Mehriban xanım Əliyevanı Azərbaycanda da, bütün dünyada da yaxşı tanıyır, ona böyük hörmət və ehtiram bəsləyirlər.

Fondun təmənnasız qayğı və diqqət göstərdiyi minlərlə ünvandan biri olan İmişlidə isə hər kəs Mehriban xanımı ümid yeri hesab edir. Bilir ki, çətin məqamda, bərk ayaqda ümidlə üz tutacağı, kömək umacağı bir ünvan var - Heydər Əliyev Fondu!

 

Lazım QULİYEV

Azərbaycan.- 2014.- 21 may.- S.6.