Azərbaycan regionun əsas söz sahibidir
Əli HƏSƏNOV: "Azərbaycan heç kimdən asılı olmayan, tam müstəqil siyasət yürüdən
bir dövlətdir"
Demokratik quruculuq yolu ilə gedən respublikamız həssas bir bölgədə yerləşsə də, onun həm iqtisadi,
həm siyasi, həm də digər sahələrdə
milli inkişaf modeli formalaşmışdır. Bununla belə, müasir dövrdə "demokratiya
çətiri" altında reveranslar edən bəzi aparıcı dövlətlərin,
eləcə də müəyyən təşkilatların
təmsilçiləri "ikili standartlar"la demokratik ideallara kölgə salmağa cəhd edirlər. Müstəqil Azərbaycan
da 20 ildən artıq bir müddətdə bu təsirləri öz üzərində hiss edərək
onları uğurla neytrallaşdırmış, demokratik
inkişafın yalnız
hüquqi, siyasi və iqtisadi islahatların paralelliyi şəraitində mümkünlüyünü
öz təcrübəsində sübuta
yetirmişdir.
Ölkəmizə qarşı qərəzli
mövqeyin səbəbləri
kifayət qədər
üzdədir: son illərdə
respublikamız iqtisadi
və siyasi baxımdan xeyli güclənərək regionda
inkişafını məhz
daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilmişdir.
Qarşıya qoyduğu bütün
hədəflərə uğurla
yetişən Azərbaycan
özünəməxsus milli
inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir.
Prezident İlham Əliyev praqmatik və rasional düşüncəli
lider kimi davamlı siyasi sabitliyə, təhlükəsizliyə,
vətəndaş sülhünə,
habelə güvənli
xarici siyasətə
nail olmaq üçün,
ilk növbədə, iqtisadiyyatın
sürətli inkişafını
təmin etmişdir.
İqtisadi sahədə əldə
olunan uğurlar ölkədə vətəndaşlarla
iqtidarın mənəvi
birliyini gücləndirməklə
yanaşı, həm də ölkənin xarici siyasət sahəsində inamlı, qətiyyətli mövqeyini
təmin edir.
Azərbaycanın bölgənin faktiki güc mərkəzinə
çevrilməsi ilə
heç cür barışa bilməyən
bədnam qüvvələr
narahatlıqlarını müxtəlif
formada göstərir,
ölkəmizə qarşı
"təzyiq rıçaqları"
tapmağa çalışırlar. Bu günlərdə ABŞ-ın
Azərbaycandakı səfiri
mətbuata verdiyi müsahibədə Azərbaycanda
demokratiyanın durumu,
ölkənin daxili və xarici siyasəti ilə bağlı müəyyən
mənfi fikirlər səsləndirib. ABŞ diplomatının Azərbaycanla
bağlı səsləndirdiyi
subyektiv mülahizələr
cəmiyyətdə haqlı
narahatçılıq yaradıb.
Səfirin qeyri-diplomatik və
təəccüb doğuran
ritorikası ölkə
mediasının da diqqətindən yayınmayıb.
Onun bir sıra iddiaları
Azərbaycanın daxili
işlərinə kobud
müdaxilə kimi xarakterizə olunur. Azərbaycan Respublikası
Prezidenti Administrasiyası
İctimai-siyasi məsələlər
şöbəsinin müdiri
Əli Həsənov mətbuata verdiyi müsahibədə bildirib:
"Hesab edirəm ki, Azərbaycanın daxili və xarici siyasət məsələlərini qeyri-obyektiv
və qərəzli şərh etmək, yolverilməz ritorikadan istifadə, müstəqil
bir ölkənin hakimiyyəti daxilində təsnifat aparmaq, öz dünyagörüşünü,
ölkəsinin maraqlarını
digər bir müstəqil dövlətə
qəbul etdirmək cəhdləri, əlbəttə
ki, peşəkar diplomatiya nümunəsi sayıla bilməz. R.Morninqstarın müsahibəsində irəli sürülən
bir çox iddialar erməni diasporunun təsiri altında neçə illərdir ki, öz antiazərbaycançı
mövqeyi ilə ad çıxarmış bəzi
xarici QHT-lərin hesabatlarındakı subyektiv
mülahizələri xatırladır.
Açıq söyləyim, bu
paralellik bizi olduqca narahat edir və düşündürür".
Xüsusi
vurğulamaq lazımdır
ki, uzun illər regionda "siyasi arbitr" rolunda çıxış
etməyə iddialı
olan bəzi dövlətlərin hazırda
respublikamıza bərabərhüquqlu
tərəfdaş kimi
yanaşmaq məcburiyyətində
qalması, rəsmi Bakı ilə təzyiq dilində danışmağın mənasızlığını
dərk etməsi də Azərbaycan diplomatiyasının mühüm
uğurlarından biridir.
Respublikamız milli maraqları
ilə bağlı məsələlərdə heç
bir dövlətə,
hətta ən yaxın müttəfiqlərinə
də güzəştə
getmək niyyətində
olmadığını dəfələrlə
sübuta yetirmişdir.
Bu prinsipial və
qətiyyətli yanaşma
ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə
etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə
çalışan bəzi
dövlətlərə, beynəlxalq
qurumlara, transmilli korporasiyalara münasibətdə
özünü daha kəskin şəkildə
göstərmişdir. Azərbaycanın rəhbərliyi bu
gün də iqtisadi və siyasi islahatları hansısa dövlətin və ya beynəlxalq
qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl
strategiya əsasında
aparır.
Amerika Birləşmiş
Ştatları ilə
də qarşılıqlı
faydalı münasibətlərin
genişləndirilməsi Azərbaycanın
xarici siyasət xəttinin prioritet istiqamətlərindən birini
təşkil edir. Rəsmi Vaşinqtonun
Azərbaycanla əməkdaşlığa
olan marağı təkcə ölkəmizin
malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən
dövlətçilik kursunun
dönməzliyi ilə
şərtlənir. İki dövlətin
əməkdaşlığı, bütövlükdə Cənubi
Qafqazda sülhün, təhlükəsizliyin, qlobal
enerji və kommunikasiya layihələrinin
həyata keçirilməsi
baxımından vacib əhəmiyyət kəsb
edir.
Prezident
İlham Əliyevin
ABŞ-a səfərləri
mövcud əlaqələrə
əlavə impulslar vermişdir. Bu səfərlər
nəticəsində ABŞ-ın ictimai-siyasi fikrini formalaşdıran rəsmi dairələri Prezident İlham Əliyevin yüksək səviyyədə demokratik
liderlik keyfiyyətini,
onun ən optimal və uzaq məqsədlər
müəyyən etmək
potensialının böyük
olduğunu aşkar etmişlər. Təbii
ki, ölkəmizin ən ağrılı problemi sayılan və müzakirələrin
əsas mövzusunu təşkil edən Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı ən yüksək səviyyədə danışıqlar
aparan cənab İlham Əliyev bu münaqişənin dinc yolla həllinə
tərəfdar olduğunu,
bununla yanaşı, problemin həllində
ABŞ-ın ciddi dəstəyinə ehtiyac yarandığını bildirmişdir.
Əlaqələrə Birləşmiş Ştatların baxış
bucağından nəzər
saldıqda ilk növbədə
dünyanın sözügedən
fövqəldövləti ilə
Azərbaycan arasındakı
münasibətlərin zəruriliyini
şərtləndirən əsas
amillər qeyd olunmalıdır. Bu amillər
ABŞ-ın ölkəmizin
beynəlxalq təhlükəsizliyinə
təminat vermək, iqtisadi və siyasi dəstək göstərmək, sivil dövlətlərarası münasibətlər
sisteminə inteqrasiya olunmasına yardım etmək imkanı ilə əlaqəli olmaqla yanaşı, həm də Azərbaycanın ABŞ-ın
milli mənafeləri baxımından əlverişli
geosiyasi ərazidə
yerləşməsi, zəngin
təbii ehtiyatlara, xüsusən neft yataqlarına malik olması və beynəlxalq prinsiplərə
uyğun, müstəqil siyasət yeritməsi ilə bağlıdır. Bu baxımdan ümumilikdə
postsovet məkanına
münasibətdə daha
praqmatik və incə siyasət yürütməyə çalışan
Amerika Birləşmiş
Ştatlarının Azərbaycana
strateji tərəfdaşlıq
prizmasından yanaşması
bir daha ölkəmizin bölgədəki
üstün mövqeyini
təsdiq edir.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin
müdiri Əli Həsənov bildirib:
"Azərbaycan həm
də heç kimdən asılı olmayan, tam müstəqil siyasət yürüdən
bir dövlətdir. Bizim ölkə beynəlxalq münasibətlər sistemində
öz yeri və rolu ilə
seçilir. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin on ildən artıqdır ki, həyata keçirdiyi siyasət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə,
milli maraqlarımızın
təmin olunmasına,
dövlətimizin beynəlxalq
nüfuzunun yüksəlməsinə
xidmət edir. Hesab edirəm ki, nə ABŞ-ın, nə də başqa bir böyük dövlətin
və ya beynəlxalq qurumun Azərbaycanın daxili işlərinə, yaxud xarici siyasətinə hər hansı formada müdaxilə cəhdi, onu idarə etməyə çalışması, "bu
xalqa necə yaşamağı öyrətməsi"
heç də yaxşı hal deyil. Düşünürəm ki, belə cəhdlərin səmərəsi
də olmayacaqdır".
Bu gün Azərbaycanda
heç bir kənar təsir və diktə altında hərəkət
etməyən, xalqın
maraqlarını, mənafeyini
müdafiə edə bilən hakimiyyət mövcuddur. Məhz bu amil ölkəmizə
qarşı yönəlmiş "ikili standartları" neytrallaşdırır, Azərbaycanı
beynəlxalq səviyyədə
söz sahibinə çevirir.
Elnur HACALIYEV
Azərbaycan.- 2014.- 21 may.- S.7.