Şanxayda Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı keçirilmişdir
Prezident İlham
Əliyev Zirvə Toplantısında iştirak etmişdir
Mayın
21-də Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə Müşavirənin
dördüncü Zirvə Toplantısı
keçirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Zirvə
Toplantısında iştirak etmişdir.
Çin
Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevi, həmçinin
digər dövlət və hökumət
başçılarını qarşıladı.
Dövlət
və hökumət başçıları birgə foto
çəkdirdilər.
Sonra
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri
üzrə Müşavirənin dördüncü Zirvə Toplantısının
birinci iclası keçirildi.
İclası
açıq elan edən Çin Xalq Respublikasının sədri
Si Cinpin nümayəndə heyətlərinin
başçılarını salamladı. O, dünyada təhlükəsizliyin
təmin olunmasının önəminə diqqət çəkərək
bunun dialoq və çoxtərəfli əməkdaşlıq
sayəsində mümkün olduğunu vurğuladı.
Bildirdi ki, regional və beynəlxalq səviyyədə əməkdaşlıq
Müşavirə iştirakçısı olan ölkələrin
yürütdüyü siyasətin əsas tərkib hissəsi
olmalıdır. Si Cinpin Müşavirənin bundan əvvəl
Türkiyənin sədrliyi ilə uğurlu yol keçdiyini,
bir çox vacib qərarların qəbul edildiyini bildirdi, Qətərin
və Banqladeşin Müşavirəyə bərabərhüquqlu
üzv qəbul olunduğunu diqqətə
çatdırdı. O, Zirvə Toplantısının əsas
müzakirə mövzularının regionda və dünyada
beynəlxalq təhlükəsizlik məsələlərinə
həsr edildiyini vurğuladı.
Bundan
əvvəl quruma sədrlik edən Türkiyənin xarici
işlər naziri Əhməd Davudoğlu bildirdi ki, bu
Müşavirə dörd milyard insanın
yaşadığı regionda təhlükəsizlik məsələlərinin
həll olunmasına böyük dəstək verir.
Müşavirənin təhlükəsizlik baxımından
yeni konsepsiyanın qəbul olunmasına geniş imkanlar
açdığını deyən Ə.Davudoğlu qurumun
digər beynəlxalq təşkilatlarla əlaqələrinə
də toxundu. Türkiyə xarici siyasət idarəsinin rəhbəri
2016-cı ilə qədər Müşavirəyə sədrliyi
Çinin həyata keçirəcəyini diqqətə
çatdırdı.
Azərbaycan
Prezidenti İlham Əliyev iclasda çıxış etdi.
Prezident
İlham Əliyevin
çıxışı
-
Hörmətli Çin Xalq Respublikasının Sədri cənab
Si Cinpin!
Hörmətli
nümayəndə heyətlərinin rəhbərləri!
Xanımlar
və cənablar!
İlk
növbədə Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə Müşavirəyə
uğurla sədrlik etdiyinə görə Türkiyəyə
təşəkkür edirəm. Eyni zamanda, səmimi qonaqpərvərliyə
və Zirvə Toplantısının yüksək səviyyədə
təşkilinə görə Çin Xalq
Respublikasının Sədrinə minnətdarlığımı
bildirirəm. Asiyada Qarşılıqlı Fəaliyyət və
Etimad Tədbirləri üzrə Müşavirə öz fəaliyyəti
ilə sülhün, sabitliyin və əməkdaşlığın
təşviq olunmasında artıq nüfuzlu beynəlxalq
foruma çevrilmişdir. Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə Müşavirədə
sədrliyin Çin tərəfinə keçməsi
münasibətilə Çin Xalq Respublikasını səmimi
qəlbdən təbrik edirəm. Əminəm ki, iki il ərzində
Çinin sədrliyi Asiyada sülh və təhlükəsizliyin
daha da möhkəmləndirilməsinə öz töhfəsini
verəcəkdir.
Bu
gün Azərbaycan-Çin əlaqələrinin siyasi,
iqtisadi, humanitar və digər sahələrdə
inkişafı məmnunluq doğurur. Eyni zamanda, biz beynəlxalq
təşkilatlar çərçivəsində də
uğurla əməkdaşlıq edirik. Son iki il ərzində
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasında birgə fəaliyyət göstərmişik.
Fürsətdən
istifadə edərək, Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini
dəstəkləyən bütün dövlətlərə
təşəkkür etmək istərdim. BMT Təhlükəsizlik
Şurasının üzvü kimi Azərbaycan quruma sədrliyi
dövründə beynəlxalq sülh və təhlükəsizliyin
təmin olunması ilə əlaqədar mühüm məsələləri
müzakirəyə çıxarmış, beynəlxalq
terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın
gücləndirilməsi təşəbbüsünü irəli
sürmüşdür.
Asiyada
təhlükəsizlik tədbirləri qlobal təhlükəsizliyin
bir hissəsidir. Biz təhlükəsizlik tədbirlərinə
kompleks yanaşmanın tərəfdarıyıq. Terrorizmə
qarşı mübarizə, regional, enerji, nəqliyyat və
informasiya təhlükəsizliyinin təmin olunması,
dondurulmuş münaqişələrin həlli kimi məsələlər
bir-biri ilə sıx bağlıdır və bəşəriyyətin
təhlükəsizliyi üçün vahid mövqenin ortaya
qoyulmasını zəruri edir.
Azərbaycan
beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin
birləşdirilməsini dəstəkləyir. Azərbaycan
özü terrorizmin qurbanı olub. Təkcə müstəqillik
illərində erməni terror təşkilatları Ermənistanın
dövlət qurumlarının rəhbərliyi ilə Azərbaycana
qarşı 30-dan artıq terror aktı törədiblər
ki, bunun da nəticəsində 2000-dən çox insan həlak
olub.
Bu
terror aktları Ermənistanın Azərbaycana qarşı
işğalçılıq siyasətinin tərkib hissəsidir.
Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20
faizi, tarixi torpağımız olan Dağlıq Qarabağ və
ətrafındakı yeddi rayon Ermənistan tərəfindən
işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə
siyasəti aparılmış və bir milyondan artıq
soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə
düşmüşdür. 1992-ci ilin fevral ayında erməni
silahlı qüvvələri Xocalıda dinc əhaliyə
qarşı soyqırımı törətmişlər. Bu
soyqırımı nəticəsində 613 günahsız
insan qətlə yetirilmişdir. Bu gün dünyada 10-dan
çox ölkə Xocalı soyqırımını rəsmən
tanımışdır.
Beynəlxalq
birlik və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi
bütövlüyünü tanıyır və
münaqişənin beynəlxalq hüquq normalarına
uyğun, ədalətli həllinin tərəfdarıdır.
Münaqişə ilə bağlı BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatı,
ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament
Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı
və digər beynəlxalq təşkilatların müvafiq qərar
və qətnamələri vardır. Mən, həmçinin
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri
üzrə Müşavirənin üzvü olan dövlətlərə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüququn norma və
prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiklərinə
görə təşəkkür edirəm.
ATƏT-in
Minsk qrupunun vasitəçiliyi ilə aparılan
danışıqlarda bu günə qədər irəliləyiş
əldə edilməyib. Ermənistan münaqişənin həllində
maraqlı deyil. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki,
münaqişə ancaq beynəlxalq hüquq normalarına
uyğun və Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
olunmalıdır.
Münaqişə
şəraitində olmasına baxmayaraq, Azərbaycan son illərdə
sürətli inkişaf dövrünü yaşayır.
İqtisadiyyatımız 3 dəfədən çox
artmış, işsizliyin səviyyəsi 5 faizə,
yoxsulluğun səviyyəsi isə 5,3 faizə
düşmüşdür. Bu inkişaf Azərbaycanda
sabitliyin təmin olunması nəticəsində əldə
edilmişdir. Eyni zamanda, bu nailiyyətlər sabitliyi daha da
möhkəmləndirir.
Azərbaycanın
bu gün iştirakçısı və təşəbbüskarı
olduğu müxtəlif beynəlxalq layihələr geniş
regional əməkdaşlıq üçün artıq
möhkəm əsas yaradıb. Mən xüsusən də
enerji təhlükəsizliyinə aid olan layihələri qeyd
etmək istəyirəm. Bu layihələr həm Cənubi
Qafqazın, həm də daha geniş regionun enerji xəritəsini
tam dəyişərək, bütün
iştirakçılara fayda gətirən çox
mühüm əməkdaşlıq nümunəsinə
çevrilmişdir.
Ölkəmizin
neft ixracının təxminən 28 faizi Asiyadakı tərəfdaşlarının
payına düşür. Bununla Azərbaycan Asiya ölkələrinin
enerji təhlükəsizliyinə töhfə verir.
Düşünürəm ki, bu əməkdaşlığın
daha böyük perspektivləri vardır.
Azərbaycan
artıq Asiya ilə Avropanı birləşdirən tranzit
ölkəyə çevrilərək, iki qitənin nəqliyyat
təhlükəsizliyində vacib rol oynamağa
başlayır. Son illər ərzində Azərbaycan nəqliyyat
infrastrukturunun müasirləşdirilməsinə böyük
sərmayələr yatırmışdır. 2003-2014-cü
illər ərzində ölkənin nəqliyyat sahəsinə
21 milyard ABŞ dollarına yaxın investisiya, o cümlədən
avtonəqliyyat sektoruna 13,6 milyard, dənizçilik sektoruna 1,3
milyard, hava nəqliyyatına isə 2,7 milyard ABŞ dolları
vəsait qoyulmuşdur.
Azərbaycan
Xəzər dənizində ən böyük limanı
inşa edir. Bakı yaxınlığında tikilən Ələt
Beynəlxalq Dəniz Ticarət Limanı yük
daşımalarının birinci mərhələdə 10
milyon tona, ikinci mərhələdə isə 20 milyon tonadək
artırılmasına imkan verəcəkdir. Bu ilin aprel
ayında Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunun
yeni terminalı da açılmışdır.
Biz,
həmçinin tarixi İpək Yolunun bərpasına
töhfə veririk. Maliyyə yükünün böyük
hissəsini Azərbaycanın öz üzərinə
götürdüyü Bakı-Tbilisi-Qars dəmir yolu gələn
ilin əvvəlində istismara veriləcəkdir. Bu, Asiya ilə
Avropanı birləşdirən ən rahat və qısa yol olacaqdır.
Azərbaycanın
orbitə çıxardığı telekommunikasiya peyki, təşəbbüskarı
olduğu Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi,
Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən
tranzit optik xətlər ölkəmizin informasiya təhlükəsizliyinə
verdiyi töhfədir.
Sonda
mən bir daha ev sahibi cənab Si Cinpinə səmimi qonaqpərvərliyə
görə minnətdarlığımı bildirir və Zirvə
Toplantısının işinə uğurlar arzulayıram.
Diqqətinizə
görə minnətdaram.
X X X
Şanxay
Zirvə Toplantısında Bəyannamə qəbul edildi.
Bəyannamədə
Azərbaycan üçün önəmli olan müddəalar
əksini tapmışdır.
AzərTAc
Azərbaycan.-
2014.- 22 may.- S.1.