Parlament nümayəndə heyətinin
Xorvatiyaya səfəri uğurlu
olmuşdur
Bu gün qüdrətli Azərbaycan öz siyasi və iqtisadi nailiyyətləri ilə dünya dövlətləri üçün böyük maraq kəsb edir. Etibarlı və güclü tərəfdaş kimi ölkəmizlə əməkdaşlığa can atan dövlətlərin sayı durmadan artır. Müstəqil Azərbaycan dövləti həyata keçirdiyi nəhəng enerji layihələri ilə bərabər Avropa İttifaqının üzvü olan bir sıra xarici ölkələrin iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr qoyur. Bu əməkdaşlıq humanitar sahələrdə də özünü büruzə verir. Avropanın cənub-şərqində yerləşən və müstəqillik uğrunda mübarizəsində, eləcə də torpaqlarının işğala məruz qalmasında Azərbaycanla tarixi oxşarlıq yaşamış Xorvatiya Respublikası bu gün ölkəmizlə gələcək inkişafını da paylaşmaq əzmindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ildə Xorvatiya Respublikasına rəsmi səfəri dövlətlərimiz arasında yüksək səviyyəli əməkdaşlığın təməlini qoydu. Azərbaycan və Xorvatiya respublikaları arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında imzalanan Zaqreb Bəyannaməsində bütün sahələri əhatə edən məsələlər öz əksini tapdı. Bu əlaqələrin davamlı inkişafı kimi Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Xorvatiya Respublikasına rəsmi səfər etdi. Mayın 18-də başlayan səfərdə Milli Məclisin deputatları Çingiz Əsədullayev, Sahibə Qafarova, Qüdrət Həsənquliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər. Zaqreb hava limanında nümayəndə heyətimiz xüsusi qonaqpərvərliklə qarşılandı.
Mayın 19-da Milli Məclisin Sədri Oqtay Əsədovun Xorvatiya Respublikasının Prezident sarayında Xorvatiya Prezidenti İvo Yosipoviçlə görüşü keçirildi. Azərbaycan parlamentinin Sədrini salamlayan Prezident İvo Yosipoviç dövlətlərimizin strateji tərəfdaş olduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ildə Xorvatiyaya səfər etməsi dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşməsinə təkan verdi. Səfər zamanı ölkələrimiz arasında bir sıra sənədlər imzalanmış və Zaqreb Bəyannaməsi qəbul olunmuşdur. Xorvatiya Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlıdır. O, ümidvar olduğunu bildirdi ki, Milli Məclisin nümayəndə heyətinin bu səfəri parlamentlərarası münasibətlərin daha da inkişaf etməsinə yeni impuls verəcək.
Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanın dövlət başçısı İlham Əliyevin salamlarını Xorvatiya Prezidentinə çatdırdı. Xorvatiyaya ilk dəfə səfər etdiyini deyən cənab Oqtay Əsədov bu səfərin parlamentlərarası əməkdaşlığın dərinləşməsinə yeni töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan Milli Məclisin Sədri iqtisadi əlaqələrin də yaxın zamanlarda yüksələcəyinə əminliyini ifadə etdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan spiker Xorvatiya Respublikasının da müstəqillik əldə etdikdən sonra oxşar problemlə üzləşdiyini xatırlatdı. Qeyd edildi ki, Azərbaycan münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlıdır. Lakin münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti nəticə vermir. Milli Məclisin Sədri Dağlıq Qarabağ məsələsində Xorvatiyanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə və ölkəmizin ərazi bütövlüyünün Zaqreb Bəyannaməsində əks olunduğuna görə Xorvatiya hökumətinə minnətdarlığını bildirdi.
Prezident İvo Yosipoviç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında Azərbaycanın səylərini dəstəklədiyini vurğuladı və hərb yolunun bu kimi məsələləri daha da mürəkkəbləşdirdiyini qeyd etdi. Xorvatiyanın dövlət başçısı onu da bildirdi ki, bu yaxınlarda Xorvatiyanın müdafiə naziri Azərbaycanda rəsmi səfərdə olub. Cənab İvo Yosipoviç bu əməkdaşlıqdan razılığını bildirdi.
Görüşdə qeyd olundu ki, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlər gələcəkdə də inkişaf etdiriləcək.
Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədov xorvatiyalı həmkarı cənab Yosip Leko ilə görüşdü. Təkbətək keçirilən görüş daha sonra geniş tərkibdə davam etdirildi.
Görüşdə Bakıya səfərini xatırladan Xorvatiya Parlamentinin Sədri ölkəmizin yüksək iqtisadi inkişafına heyran olduğunu dilə gətirdi, Bakının son dərəcə modern şəhər olduğunu qeyd etdi. Azərbaycanla Xorvatiyanın həm coğrafi, həm də tarixi cəhətdən bənzərliyini vurğulayan cənab Yosip Leko regional və beynəlxalq məsələlərdə də mövqelərimizin üst-üstə düşdüyünü bildirdi.
Azərbaycan parlamentinin Sədri Oqtay Əsədov cənab Yosip Lekonu Xorvatiya Respublikasının Avropa İttifaqına üzv olması münasibətilə təbrik etdi. İki ölkə arasında yüksək siyasi əlaqələrlə bərabər, iqtisadi münasibətlərin də inkişaf etdirilməsinin vacibliyindən söz açdı. Milli Məclisin Sədri vurğuladı ki, mədəniyyət və turizm sahələrində əlaqələrin genişlənməsi xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcək. Oqtay Əsədov Xəzər dənizində Xorvatiya istehsalı olan bərələrin artıq 28 ildir ki, istismar edildiyini, bu yaxınlarda isə iki yeni bərənin alındığını bildirdi. Bununla Xorvatiya Böyük İpək yolunun bərpasına öz töhfəsini verir. O, iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrlə bərabər, münasibətlərimizin hüquqi bazasının da möhkəmləndirilməsinin vacibliyini vurğuladı. Milli Məclisin Sədri qeyd etdi ki, Azərbaycan Qafqaz regionunda Xorvatiyanın sadiq tərəfdaşıdır. Sevindirici haldır ki, Cənub-Şərqi Avropada ölkəmizin Xorvatiya kimi sadiq tərəfdaşı var. Yosip Leko azərbaycanlı həmkarını əmin etdi ki, Avropa İttifaqına üzv olan Xorvatiya təmsil olunduğu mötəbər beynəlxalq qurumda, eləcə də NATO və yerləşdiyi Cənub-Şərqi Avropada Azərbaycanın ərazi bütövlüyü prinsipini müdafiə edəcək. Bu, Xorvatiya Respublikasının prinsipial mövqeyidir.
Görüşdə tərəfləri maraqlandıran digər müxtəlif məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Görüşün sonunda hər iki ölkənin parlament sədrləri jurnalistlər üçün brifinq keçirdilər. Parlament sədrləri Azərbaycan və Xorvatiya arasında mövcud olan iqtisadi və siyasi əlaqələrin inkişaf perspektivlərindən danışdılar.
Mayın 21-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin Xorvatiya Respublikasına səfəri başa çatdı.
Ülviyyə ABDULLAYEVA
Azərbaycan.- 2014.- 22 may.- S.3.