Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Zərdabda 11 rayonun sakinləri ilə görüşmüşdür

 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev mayın 21-də Zərdabda 11 rayondan olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılarla görüşmüşdür.

Fonddan AzərTAc-a bildirmişlər ki, Zərdab, Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Beyləqan, Xocavənd, Xocalı, Laçın, İmişliFüzuli rayonlarının sakinləri əsasən pensiya təyinatı, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə bağlı müraciət etmişlər. Görüş zamanı həmçinin, başqa dövlətlərin ərazisində qazanılmış müddətlərinin sığorta stajına daxil edilməsi, əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı təklif və şikayətlər dinlənilmişdir.

Qeyd edək ki, vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-in rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılmış, qəbulda iştirak edənlərin Fondun rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb-gətirilmələri təmin olunmuşdur.

Məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların iştirakı ilə keçirilmiş qəbul zamanı ümumilikdə 40-dək vətəndaşın müraciətinə baxılmışdır. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilmiş, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınmışdır.

Qəbulda iştirak edən sakinlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını vurğulayaraq, onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını ifadə etmişlər.

 

Azərbaycan.- 2014.- 22 may.- S.5.