AMEA-nın yeni
açılmış Mərkəzi Kitabxanası ilə
tanışlıq rusiyalı qonaqlarda böyük maraq doğurmuşdur
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə akademiyanın yeni açılmış Mərkəzi Kitabxanasında rusiyalı qonaqlarla görüşmüşdür.
Mərkəzi Kitabxananın ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, görüşdə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu iştirak etmişlər.
Görüşdə Rusiya-Azərbaycan mədəni əlaqələrindən söhbət açılmış, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonra qonaqlar Mərkəzi Kitabxananın binası ilə tanış olmuşlar. Kitabxananın sərgi zalında dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilinə tərcümə edilmiş nəşrləri, elmi nəşrlər, Azərbaycan Milli Ensiklopediyasının Azərbaycan və rus dillərindən çapa verilmiş ilk cildləri, Nobel mükafatı laureatlarının əsərləri qonaqların marağına səbəb olmuşdur.
İnformasiya Resursları Mərkəzinin direktoru Leyla İmanova ölkəmizin kitabxanaçılıq tarixində ən müasir avadanlıq və sistemlərin ilk dəfə məhz bu kitabxanada tətbiq olunduğunu bildirmiş, rəhbərlik etdiyi qurum və onun fəaliyyət perspektivləri haqqında ətraflı məlumat vermişdir.
Azərbaycan.-
2014.- 22 may.- S.5.