Dağlıq Qarabağ
münaqişəsi: dəyişən beynəlxalq şərait
və ona verilən çevik
reaksiya
Fransa Prezidenti Fransua Ollandın Cənubi Qafqaza səfəri iki mühüm aspektdən xüsusilə mühümdür və çoxsaylı məqamlar sırasından bu iki məqamın ayrılaraq üzərində dayanılması zəruridir. Birincisi, Fransa Prezidenti Şərqi Avropa, postsovet məkanı, o cümlədən Cənubi Qafqazda yaranmış yeni situasiyada Fransanın və Avropa İttifaqının Azərbaycan və Gürcüstanın müstəqilliyinə dəstəyini və ittifaqın regiondakı maraqlarını nümayiş etdirir. Bu, əslində, kontinental Avropanın - Almaniya və Fransanın mövqelərinin güclənməsidir. Son ayların diplomatik gediş-gəlişi göstərir ki, Almaniya Ukraynada, Fransa isə Cənubi Qafqazda fəallığını artırır.
Almaniya Ukraynadakı bütün siyasi məsələlərdə öz təsirini göstərməyə çalışır. Fransa isə Cənubi Qafqaz dövlətlərinə dəstək verir və iqtisadi-siyasi əlaqələrini gücləndirir.
"Ərazi bütövlüyü" prinsipi önə çıxır və "millətlərin öz müqəddəratını təyini" prinsipini üstələyir
Fransua Ollandın Cənubi Qafqaza, Azərbaycana səfərinin ikinci mühüm aspekti isə separatizmə münasibətdə, münaqişələrin həllində "ərazi bütövlüyü" prinsipinin əsas olduğunu rəsmən bəyan etməsi oldu. Məsələ ondadır ki, Ukraynanın parçalanması və Krımın Rusiyaya birləşdirilməsi, Ukraynanın cənub-şərqində separatizmin geniş miqyas alması fonunda Avropa İttifaqının aparıcı dövlətlərinin, ABŞ-ın, BMT-nin gündəliyində "ərazi bütövlüyü" prinsipinin aparıcı baza prinsipinə çevrilməsinə səbəb oldu.
Belə ki, ABŞ və Avropada siyasi maraqlar "ərazi bütövlüyü" prinsipinin xeyrinə formalaşdı. Bu, bütöv bir beynəlxalq siyasi eranın başlanğıcını göstərən bir transformasiyadır. Sirr deyil ki, beynəlxalq hüququn norma və prinsipləri də dövlətlərin beynəlxalq siyasi maraqlarına uyğun olaraq ön plana çıxır və ya əksinə, arxa plana çəkilir. Eyni yerdəyişmələr "ərazi bütövlüyü" və "millətlərin öz müqəddəratını təyin etməsi" prinsipləri ətrafında da baş verib və verməkdədir.
1945-60-cı illərdə ABŞ və SSRİ dünyada, xüsusilə Afrikada müstəmləkə sisteminin dağılmasında maraqlı olduqları üçün "millətlərin öz müqəddəratını təyin etməsi" prinsipi aparıcı prinsip kimi BMT-nin Nizamnaməsinə daxil edildi, müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqda bəyannamə və beynəlxalq paktlar qəbul edildi.
Müstəmləkə sisteminin dağılması və maraqların sərhədlərinin cızılması ilə "təyini müqəddərat" prinsipi də özünün qlobal önəmini itirdi, "ərazi bütövlüyü" prinsipi yenidən ön sıraya çıxdı. SSRİ-nin dağılmağa başladığı dövrə qədər, 80-ci illərin sonunda SSRİ-də suverenlik hərəkatı başlandığı dövrdə Qərb dövlətləri və sovet rəhbərliyi - hər kəs özünə sərfəli kontekstdə (Qərb müttəfiq respublikaları, sovet rəhbərliyi müttəfiq respublikalardakı muxtar qurumların müstəqilliyini stimullaşdırırdı - İ.M.) yenidən təyini-müqəddərat prinsipini qabartmağa və hətta muxtar vilayət və respublikaların da müstəqilləşməsi hərəkatlarını dəstəkləməyə başladılar.
Bu beynəlxalq dalğada Azərbaycanın, Gürcüstanın və Moldovanın əraziləri parçalanmaya məruz qaldı. Və beynəlxalq hüquq "ərazi bütövlüyü", yoxsa "təyini-müqəddərat" prinsiplərinin əsas götürülməsi haqda uzun müzakirələr dövrünə qədəm qoydu. Nəhayət, 2011-ci il oktyabrın 4-də AŞ PA-nın Strasburqdakı iclasında qəbul edilmiş 1832 nömrəli qətnamədə deyilir: "Etnik azlığın öz müqəddəratını təyin etməsi hüququ avtomatik olaraq ayrılma hüququnu nəzərdə tutmur..." Bu qətnamə artıq ərazi bütövlüyü prinsipinin yenidən ön plana çıxması və aparıcı Avropa dövlətlərinin siyasi maraqlarına cavab verdiyi bir dövrün başlandığına işarə idi. Ancaq hüquqi əsas yaransa da, yenə bu məsələ praktik siyasətdə əsas hədəf deyildi. Qərb dövlətləri, Gürcüstanla bağlı məsələ istisna olmaqla, postsovet məkanında yerdə qalan regional münaqişələr haqda danışarkən hər iki prinsipin paralel vacibliyini vurğulayırdılar. Ancaq son 3 ayda vurğu daha çox "ərazi bütövlüyü" prinsipinə edilir.
2014-cü il Ukrayna hadisələri və Ukraynada mərkəzdənqaçma prosesinin güclənməsi "ərazi bütövlüyü" prinsipini nəinki Avropa və ABŞ-ın praktik siyasətinə gətirdi, hətta onu gündəlik fəaliyyətin, dövlət başçılarının bəyanatlarının aparıcı tezisinə çevirdi. Yenidən, artıq birmənalı şəkildə "ərazi bütövlüyü" prinsipi beynəlxalq siyasətin prioriteti oldu.
ABŞ Prezidenti Barak Obama Ukraynanın ərazi bütövlüyü haqda dəfələrlə bəyanat verdi. Hətta Obamanın çoxsaylı rus əhalinin yaşadığı Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə telefon danışığından sonra Ağ evin məlumatında onların "ərazi bütövlüyü və suverenlik prinsipini dəstəkləməyin vacibliyinə dair razılığa gəldikləri" haqda məlumat yayıldı.
Yelisey sarayından verilmiş məlumatda isə qeyd edilirdi ki, Fransa Prezidenti F.Olland, Almaniya kansleri A.Merkel, ABŞ Prezidenti B.Obama, Böyük Britaniyanın Baş naziri Devid Kemeron və İtaliyanın Baş naziri Matteo Rentsinin telefon danışıqlarından sonra birgə bəyanatda deyilir: "Ukraynanın ərazi bütövlüyü və suverenliyinə tam şəkildə hörmət edilməlidir".
UNN isə Vestfalenposta istinadən yazır ki, AFR kansleri A.Merkel hesab edir ki, ölkələrin ərazi bütövlüyü Almaniya üçün daha vacibdir: "XX əsrin fəlakətindən sonra Avropa bizim hamımızın təhlükəsizliyini təmin edən beynəlxalq hüquqa istinad etdi. İndi əgər ölkələrin ərazi bütövlüyü belə asan pozularsa, bu bizə çox baha başa gələcək". Nəhayət, Fransua Olland Bakıda Prezident İlham Əliyevlə birgə mətbuat konfransında dedi: "...Biz bu barədə söhbət apardıq ki, Siz də Fransanın, Avropanın bu məsələ ilə bağlı mövqeyinə əmin olasınız, ölkələrin ərazi bütövlüyünə sadiq olduğumuzu görəsiniz".
Beləliklə, Fransa Prezidenti ölkəsinin və Avropanın mövqeyini ifadə edərək "ərazi bütövlüyü" prinsipinə üstünlük verdiklərini birmənalı bəyan etdi. Maraqlıdır ki, o, Ermənistanda olarkən bir dəfə də "öz müqəddəratını təyinetmə hüququ" ifadəsini xatırlatmadı. Bütün bunlar onu göstərir ki, obyektiv beynəlxalq proseslər 2014-cü ilin martın sonu və aprelindən başlayaraq ərazi münaqişələrinin həllində "ərazi bütövlüyü" prinsipini beynəlxalq siyasətin əsas tezisinə çevirib.
Azərbaycan Prezidentinin yeni beynəlxalq şəraitə çevik reaksiyası
Ən mühümü odur ki, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq siyasətdə baş verən bu epoxal hüquqi-siyasi transformasiyanı zamanında tutdu və şəraitə uyğun siyasət yürütməyə başladı. Bu siyasətin başlanğıcı Azərbaycanın BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməyə səs verməsi ilə başladı və daha sonra Qərb dövlətlərinə Azərbaycanın da ərazi bütövlüyünə praktik siyasətdə dəstək verməyə çağırışla davam etdi. Nazirlər Kabinetinin 13 apreldə keçirilmiş iclasında Prezident İlham Əliyev belə bir bəyanat verdi: "...Bizə qarşı soyqırımı törədilibdir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir. Sual olunur: nə üçün? Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma Dağlıq Qarabağ respublikasının rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma Dağlıq Qarabağ respublikasının "rəhbərləri"ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların "rəhbərləri"ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada "nümayəndəliklər" açırlar, gedib-gəlirlər. Nə üçün?
Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir.
Nə üçün təcavüzkar bu günə qədər qınaq obyektinə çevrilməyib?! Nə üçün Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?! Biz bu məsələni dəfələrlə qaldırmışıq. Yadımdadır ki, hələ 2001-ci ildə mən Azərbaycan Milli Məclisinin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri kimi dəfələrlə bu məsələni qaldırmışam. Buna heç kim heç bir reaksiya vermir. Deyirlər, gedin razılaşın, gedin danışın, sülh yolu ilə həll edin bunu. Bizə qarşı etnik təmizləmə aparılmışdır, soyqırımı törədilmişdir. Azərbaycanlılar Dağlıq Qarabağdan qovulandan sonra orada "referendum" keçirilmişdir. Hesab edilir ki, bu, məqbuldur. Buna dözmək mümkün deyildir. Bizə qarşı olan ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik. Hesab edirəm ki, bu prinsipial mövqe həm ədaləti bərpa edəcək, həm də ki, riyakar siyasəti ifşa edəcəkdir.
Bizə qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir. Biz isə bununla heç vaxt barışmayacağıq".
Azərbaycan Prezidenti beynəlxalq siyasətdə yaranmış yeni mövcud vəziyyətdən çıxış etdi, Azərbaycanın hüquqi üstünlüyünü yaranmış obyektiv beynəlxalq şərait kontekstində beynəlxalq gündəlikdə aktuallaşdıra bildi. Dövlət başçısı zamanı və yeni beynəlxalq siyasi konyunkturu düzgün qiymətləndirərək öz ölkəmizin ədalətli mövqeyini və hüquqi üstünlüyünü həm də praktik siyasi üstünlüyə çevirə bildi. Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son iki ayda apardığı siyasət, verdiyi bəyanatlar indiyə qədər təmin edilmiş mənəvi, hüquqi və iqtisadi üstünlüyə praktik siyasi üstünlüyü də əlavə etdi.
Qərbdən ilkin reaksiyalar hələlik ehtiyatlı bəyanatlar şəklində var: amerikalı həmsədr, ABŞ-ın Ermənistandakı səfiri tvit səhifəsində, onun ardınca Azərbaycandakı səfiri Dağlıq Qarabağ münaqişəsinin həllinin aktuallaşması ilə bağlı müxtəlif səpkili bəyanatlar verdilər.
Fransa Prezidenti Fransua Olland Bakıya səfərə gələrək, artıq qeyd edildiyi kimi, ölkəsinin və Avropa ölkələrinin "ərazi bütövlüyü" prinsipindən çıxış etdikləri haqda bəyanat verdi. Beləliklə, görünən odur ki, Prezident İlham Əliyevin bəyanatı və yürüdülən siyasət nəticəsində buz tərpənib. İndi Azərbaycanda bəyanatların daha birmənalı, "ərazi bütövlüyü" prinsipinin daha konkret ifadə olunmasını gözləyirlər. Axı Azərbaycan hələ 3 həftə əvvəl BMT-də "ərazi bütövlüyü və suverenlik" prinsipinin daha vacib olduğu haqda qətnaməyə səs verən 100 dövlətdən biridir. Belə ki, Azərbaycan diplomatiyası da ərazi bütövlüyü prinsipinin ön plana çıxmasına seyrçi qalmadı, əksinə, milli maraqlarına uyğun olaraq, "ərazi bütövlüyü" prinsipini BMT müstəvisində, praktik siyasətdə müdafiə etdi. Prezident İlham Əliyev bu barədə deyir: "Bəzi beynəlxalq məsələlərlə bağlı dünya ictimaiyyətinin əksəriyyəti mövqe bildirməkdən çəkinir. Biz buna qiymət vermək fikrində deyilik. Ancaq Azərbaycan hər bir məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirir. Bu mövqe, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Beynəlxalq hüququn norma və prinsipləri əsas şərt olmalıdır. Əgər bunlar pozulursa, onda bütün beynəlxalq əməkdaşlıq və münasibətlər mexanizmi pozulur. Beynəlxalq aləmdə bax bu prinsipial mövqe, əlbəttə ki, bizə böyük rəğbət yaradır. Azərbaycan müstəqil, prinsipial ölkə kimi öz mövqelərini daha da möhkəmləndirir".
Beləliklə, dünyada regional münaqişələrin həlli və separatizmə münasibətdə "ərazi bütövlüyü" prinsipinin əsas götürüldüyü bir dövr başlayıb. Azərbaycan isə bir tərəfdən bu dövrün başlanğıcına BMT-dəki səsvermə ilə nəinki stimul verib, paralel olaraq beynəlxalq siyasətdəki keyfiyyət dəyişikliyini zamanında görüb dəyərləndirərək öz milli maraqlarını bu beynəlxalq tendensiyaya uyğunlaşdırıb. Bu, beynəlxalq münasibətlər tarixinə dair bilikdən, təcrübədən qaynaqlanan və dəyişən reallığı dərhal görüb ona reaksiya verən çevik beynəlxalq siyasətdir.
İbrahim MƏMMƏDOV,
əməkdar jurnalist
Azərbaycan.-
2014.- 22 may.- S.6.