Prezident İlham Əliyev XX Azərbaycan
Beynəlxalq qida sənayesi və VIII Azərbaycan Beynəlxalq
kənd təsərrüfatı sərgiləri ilə
tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də Bakı Sərgi Mərkəzində “World Food Azerbaijan-2014” XX Azərbaycan Beynəlxalq qida sənayesi və “Agrihort Azerbaijan-2014” VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan sosial-iqtisadi siyasət qeyri-neft sektorunun inkişafını tamamilə yeni mərhələyə çıxarmışdır. Bu sektorun əsas sahələrindən olan aqrar bölmənin inkişafı respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasına, əhalinin rifahının yüksəlməsinə önəmli töhfə verir. Qida sənayesində ən son texnologiyaların tətbiqi bu sahənin inkişafı, istehsal olunan məhsulların keyfiyyəti və rəqabətə davamlılığı baxımından çox mühümdür. Bu baxımdan ölkəmizdə təşkil olunan “World Food Azerbaijan-2014” XX Azərbaycan Beynəlxalq qida sənayesi və “Agrihort Azerbaijan-2014” VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri böyük əhəmiyyət kəsb edir. Həmin sərgilər ölkəmizdə bu sahədə əldə edilən nailiyyətləri nümayiş etdirməyə imkan yaradır və aqrar sahənin inkişafına müsbət təsir göstərir.
Bu il özünün 20 illik yubileyini qeyd edən “World Food Azerbaijan” Beynəlxalq qida sənayesi sərgisi ötən dövrdə qida məhsulları bazarında həm yerli, həm də xarici istehsalçılar üçün istiqamətləndirici funksiyanı yerinə yetirmişdir. Ötən müddətdə bu istiqamətdə mühüm nailiyyətlər əldə olunmuşdur. Mayın 10-da Mərkəzi Botanika Bağında ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş “Üzüm tənəklərinin əkilməsi” aksiyası keçirilmişdir. Sərginin iş günlərində “Premium şagird” adlı tədbir çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul zamanı yüksək bal toplamış altı tələbənin mükafatlandırılması planlaşdırılır. Təsadüfi deyildir ki, bu gün sənayedə liderlik edən bir çox şirkətlərin Azərbaycan bazarında fəaliyyətə başlaması üçün sərgi start meydançasına çevrilmişdir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən “World Food Azerbaijan-2014” XX Beynəlxalq qida sənayesi və “Agrihort Azerbaijan-2014” VIII Beynəlxalq kənd təsərrüfatı sərgilərinin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE Group Plc” şirkəti çıxış edir.
“World Food Azerbaijan” sərgisi dünyaca məşhur
“World Food” sərgi brendinin bir hissəsidir. Sərgi Rusiya, Ukrayna,
Qazaxıstan, Özbəkistan, Hindistan, Türkiyə və digər
ölkələrin qida sənayesi üzrə ən iri sərgilərini
özündə birləşdirir. Böyük
üstünlük olan bu cür tərəfdaşlıq təşkilati
təcrübəni mənimsəməyə və bu ölkələrdə
həm sərgini, həm də onun
iştirakçılarını təşviq etməyə
imkan verir. Artıq 7 ildir ki, sərgi “UFI” -
Dünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən
təqdir olunur. Bu barədə nişan
sərgilərin bütün beynəlxalq standartlara
uyğunluğunu təsdiq edir və tədbirin yüksək səviyyədə
təşkil olunduğunu bildirir.
“World Food Azerbaijan” sərgisi ilk dəfə öz
qapılarını 1995-ci ildə açmışdır və
o vaxtdan etibarən onun nüfuzu Azərbaycan, Xəzəryanı
region və bütün dünyanın mütəxəssisləri
arasında durmadan artır. Bu illər ərzində
sərgidə 1400-dən artıq şirkət iştirak
etmişdir. Sərgi Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu
(AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası tərəfindən
dəstəklənir. Sərginin
qarşıya qoyduğu və uğurla
reallaşdırdığı əsas məqsədlərdən
biznes üçün yeni tərəfdaşlar tapmaq,
mövcud işgüzar münasibətləri daha da möhkəmləndirmək,
müqavilələr bağlamaq və yeni məhsul növlərini
təqdim etmək kimi məsələləri qeyd etmək
olar.
Sərgi 20 illik yubileyini rekord sayda iştirakçı
şirkətlə qarşılayır. İlk dəfədir
ki, sərgidə dünyanın 36 ölkəsindən
nümayəndələr iştirak edirlər. İştirakçıların sayına görə
liderlik edən ölkə Türkiyədir. Sərgi hər
il yeni iştirakçıları cəlb
edir. Belə ki, bu ilin debütantları, o cümlədən
Azərbaycan, Niderland, Belçika, Türkiyə, İtaliya,
İspaniya, İran və digər ölkələrdən gələn
şirkətlər ümumi iştirakçıların 45
faizini təşkil edir. Dövlət dəstəyi
və peşəkar assosiasiyaların əlaqələndirilməsi
çərçivəsində təşkil olunan milli
ekspozisiyalarla altı ölkə - İtaliya, İran, Niderland,
Macarıstan, Latviya və Estoniya çıxış edir.
Milli stendlərin bu cür fəal
iştirakı “World Food Azerbaijan” sərgisinin beynəlxalq qida
məhsulları bazarındakı nüfuzunu bir daha təsdiq
edir.
Builki sərgidə iştirakçıların
sayının 26 faizini təşkil edən yerli
istehsalçılar və distribüterlər də
böyük fəallıq göstərir. Qida sənayesinin
inkişaf etdirilməsində regionlara daha çox önəm
verilir. Regionlarda ən yeni avadanlıq və istehsal
texnologiyalarının tətbiqini təmin etmək məqsədilə
“World Food Azerbaijan” və “Agrihort Azerbaijan” sərgilərində
Bərdə, Qəbələ, Gəncə, Lənkəran,
Saatlı, Sabirabad, Xaçmaz və digər rayonlardan
sahibkarlar üçün infoturlar təşkil edilmişdir. Ümumilikdə, iştirakçılar öz məhsullarını
üç əsas istiqamətdə nümayiş etdirir.
“World Food Azerbaijan-2014” sərgisinin yubileyi ilə əlaqədar
əlavə tədbirlər
planlaşdırılmışdır. Üzüm
“World Food Azerbaijan-2014” sərgisinin rəmzidir və buna
görə də sərgidə xarici iştirakçılara
və ziyarətçilərə Azərbaycan mətbəxinin
zənginliyini nümayiş etdirmək üçün
üzümdən istifadə etməklə müxtəlif
növ milli xörəklərin hazırlanması
planlaşdırılır. Beləliklə, sərgilər
ölkənin qida və aqrar sektorlarının inkişafı
üzrə bütün müsbət təmayülləri
nümayiş etdirir, həmçinin beynəlxalq müstəvidə
sıx əməkdaşlığın qurulmasına,
investisiya artımına və sənayedə ən yeni
texnologiyaların tətbiqinə şərait yaradır.
Mayın 24-dək davam edəcək sərgilərin ilk
iki günü yalnız mütəxəssislər, qida sənayesinin
nümayəndələri, topdan və pərakəndə
satıcılar, kənd təsərrüfatı məhsullarının
idxalçıları və distribüterlər
üçün açıq olacaqdır.
Kənd təsərrüfatı
naziri Heydər Əsədov Prezident İlham Əliyevə məlumat
verdi ki, sərgidə dünyanın 35
ölkəsindən 173 şirkət iştirak edir. Bu siyahıda MDB və Avropa ölkələrindən
gələn şirkətlər üstünlük təşkil
edir. Artıq 20 ildir ki, keçirilən ”World Food
Azerbaijan” sərgisi qida sənayesinin peşəkarları, eləcə
də ərzaq məhsulları və istehlak mallarını
istehsal, ixrac və idxal edən şirkətlər
üçün səmərəli iş meydanı kimi fəaliyyət
göstərir. Sərgi qida sənayesinin bir
neçə istiqamətini - avadanlıq, qida məhsulları
və qablaşdırma kimi sahələri bir məkanda
toplayaraq sənaye peşəkarlarının geniş spektrini əhatə
edir. Burada ət və quş, süd məhsulları,
dondurma, konservləşdirilmiş məhsullar, şirniyyat və
çörək məmulatları, o cümlədən kənd
təsərrüfatı və quşçuluq fabrikləri
üçün avadanlıq, habelə istixanalar, suvarma sistemləri,
toxumlar, gübrələr və s. məhsullar nümayiş
olunur.
Prezident
İlham Əliyev “Azərtoxum” MMC-nin stendi ilə tanış oldu. 2009-cu ildə təsis
edilən şirkət fermerləri yüksək keyfiyyətli
və məhsuldar toxumlarla təmin edir. Şirkət
Azərbaycanda hazırlanan və həyata keçirilən
qida təhlükəsizliyi strategiyasına uyğun satılan
toxumlar üzrə texniki yardım xidmətləri göstərir.
Şirkətin qarşısına qoyduğu əsas
məqsəd seçilmiş toxumlar üzrə öz
texnologiyasını hazırlamaq və həmin məhsullarla
dünya bazarına daxil olmaqdır.
2005-ci ildə yaradılan “Grand Motors” MMC Azərbaycan
bazarının tikinti, kənd təsərrüfatı, istirahət
və əyləncə sektorunu əhatə edir. Şirkət
ağır texnika və yük avtomobillərinin Azərbaycana
idxalını və satışını həyata
keçirir. Hazırda bu şirkət
dünyada tanınmış 14 istehsalçının Azərbaycanda
rəsmi təmsilçisidir.
Prezident İlham Əliyev İspaniyanın
“İnvernaderos El Pilar” şirkətinin stendinə də
baxdı. Şirkət istixanaların layihələndirilməsi,
quraşdırılması və tam təhvili üzrə fəaliyyət
göstərir. Bundan başqa, kənd təsərrüfatı
istehsalçıları şirkətin istixana
texnologiyaları, həmçinin suvarma, isitmə, iqlim və
avtomatlaşdırma sistemləri xidmətindən də istifadə
edə bilər.
Bu sərgidə
Latviya beş şirkətlə təmsil
olunur. Dördüncü dəfədir ki, sərgiyə
qatılan Latviyanın stendində əsasən ağartı məhsulları
nümayiş etdirilir. Burada iştirak edən
Latviya şirkətlərinin sayının ilbəil artması
ümumilikdə Baltikyanı regionda sərgiyə olan
marağı nümayiş etdirir.
“Grand Motors” MMC-nin “Agrolend” şirkəti də sərgidə
dünyanın ən aparıcı kənd təsərrüfatı
texnikasını nümayiş etdirir.
Prezident İlham Əliyev “Amkodor Baku” MMC-nin stendinə
baxdı. Ötən ilin dekabrında yaradılan Belarus
şirkəti 100-dən artıq müxtəlif texnika istehsal
edir. Şirkətin istehsal etdiyi və
nadirliyi ilə seçilən texnikası dünyanın 30-dan
artıq ölkəsinə ixrac olunur.
Türkiyənin “Agrional” şirkəti də kənd təsərrüfatı istehsalçılarına müxtəlif növ texnika təklif edir. Onların arasında əkin, biçin, torpağın işlənilməsi və digər aqrotexniki qurğuları göstərmək olar. Artıq 14 ildir ki, Azərbaycanda fəaliyyət göstərən şirkət ilk dəfədir sərgiyə qatılır.
Almaniyanın “CLAAS Global Sales GMBH” şirkəti də sərgidə
təmsil olunur. Şirkətin Azərbaycandakı təmsilçiliyi
müştərilərə kənd təsərrüfatı
texnikası təqdim edir.
Prezident İlham Əliyev Amerika Birləşmiş
Ştatlarının “John Deere” şirkətinin məhsullarına
da baxdı. Artıq 200 ildən çoxdur ki, fəaliyyət
göstərən və bütün dünyada böyük
nüfuza malik şirkət sərgidə iştiraka
mühüm önəm verir.
Buradan da görünür ki, “World Food Azerbaijan-2014” sərgisi
artıq bütün dünyada böyük nüfuza malikdir. İştirakçılar
sərgiyə qatılmaqla qısa müddətdə bazarı
maksimum əhatə etmək imkanı əldə edir, qida sənayesinin
liderlərindən yeni məhsullar və məxsusi təkliflər
alır, etibarlı işgüzar əlaqələr qurmaq və
dünya brendlərinin nümayəndələri ilə zəruri
danışıqlar aparmaq və qarşılıqlı
faydalı müqavilələr imzalamaq şansı qazanır.
Bundan başqa, sərgidə iştirakçılar qida sənayesi
avadanlığını istehsal edən aparıcı şirkətlərin
yeni təklif və texnologiyaları ilə də tanış olurlar. Burada ABŞ, Almaniya,
Avstriya, İtaliya, İsveçrə, Rusiya, Türkiyə,
Yaponiya və digər ölkələrin nüfuzlu şirkətlərlə
təmsil olunması sərgi
iştirakçılarının coğrafiyasının ilbəil
artmasının göstəricisidir.
Sərgidə və ümumiyyətlə regionda ilk dəfə
olaraq milli stendlərdə İran, İtaliya və Estoniya
şirkətlərinin məhsulları nümayiş etdirilir.
“World Food
Azerbaijan-2014” sərgisi ilə paralel olaraq keçirilən
“Agrihort Azerbaijan-2014” VIII Beynəlxalq kənd təsərrüfatı
sərgisi hər il aqrar kompleksin aparıcı nümayəndələrini,
eləcə də kənd təsərrüfatı məhsullarının
istehsalçı və təchizatçılarını bir
araya gətirir. Builki sərginin əsas fərqləndirici
xüsusiyyəti isə kənd təsərrüfatı
texnikasına həsr olunmuş ekspozisiya sahəsinin ötən
illə müqayisədə 2,5 dəfə
genişlənməsidir. Bu sahə Bakı Sərgi
Mərkəzinin həm daxilində, həm də açıq
meydançada təşkil edilmişdir.
Prezident
İlham Əliyev açıq meydançada nümayiş
olunan kənd təsərrüfatı texnikası ilə tanış oldu.
Azərbaycan.-
2014.- 23 may.- S.1-2.