Bakıda «Müəllim hazırlığının müasir problemləri: texnologiya, təhsil və inkişaf» mövzusunda beynəlxalq konfrans işə başlamışdır

 

 

Mayın 22-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) "Müəllim hazırlığının müasir problemləri:  texnologiya, təhsil və inkişaf" mövzusunda üçüncü beynəlxalq elmi konfrans işə başlamışdır.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının, ölkəmizin müxtəlif ali təhsil ocaqlarının nümayəndələri, eləcə də bir sıra xarici dövlətlərin - Fransa, Avstriya, Hindistan, Rusiya, Ukrayna və Gürcüstanın nüfuzlu universitetlərinin, elmi-tədqiqat institutlarının tanınmış alimləri iştirak edirlər.

Əvvəlcə tədbir iştirakçıları AMİ-nin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət etmiş, ulu öndərin buradakı büstünün önünə əklil qoymuşlar.

Konfransın plenar iclasında çıxış edən institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı tədbirin məqsəd və əhəmiyyətindən danışmışdır. Rektor bildirmişdir ki, konfransın əsas məqsədi müasir tələblərə cavab verən təhsil sisteminin formalaşması və inkişafı, yeni təlim texnologiyaları və informasiya vasitələrindən professional səviyyədə istifadə yolları və prinsiplərinin müəyyənləşdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, kadr təminatı (yeni ixtisaslar üzrə kadrların hazırlanması, ixtisasartırma) məsələlərinə dair dialoqların və təcrübə mübadiləsinin aparılmasıdır.

Qeyd olunmuşdur ki, tədbirdə müəllim hazırlığı ilə bağlı yeni layihələr və innovativ xarakterli məqalələr təqdim etmiş tədqiqatçılar, müəllimlər və təhsil sistemi ilə yaxından maraqlanan yerlixarici mütəxəssislər iştirak edirlər.

Konfransın keçirilməsini zəruri edən başlıca səbəblərdən söz açan rektor bildirmişdir ki, son illərdə ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, təhsil sisteminin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminat, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində diqqətəlayiq işlər görülmüşdür. Təhsili millətin gələcəyi hesab edən ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənlik və müdrikliklə yaratdığı siyasi, iqtisadi, mənəvi təməl üzərində inkişaf edən ölkəmizin qarşısında təhsil sistemini yeni, daha yüksək səviyyəyə qaldırmaq, təhsilin keyfiyyətini artırmaq kimi prioritet vəzifə durur. Çağdaş dövrdə qloballaşan dünyanın çağırışlarına uyğun olaraq,  müəllim hazırlığı sisteminin yaradılması modernləşdirmə, müasirləşdirmə mərhələsinə qədəm qoyan Azərbaycanın başlıca hədəflərindəndir.

A.Naxçıvanlı vurğulamışdır ki, sürətlə inkişaf edən Azərbaycanda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni hədəflərin müəyyənləşdirilməsinə və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır. Bu baxımdan  Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq olunması ilə bağlı 2013-cü il  24 oktyabr tarixli sərəncamı böyük əhəmiyyət kəsb edir. Həmin konseptual sənəddə ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri, əsas hədəfləri dəqiq müəyyənləşdirilmiş, təhsil işçilərinin qarşısında yeni, məsul vəzifələr qoyulmuşdur.

Rektor qeyd etmişdir ki, bu il yaradılmasının 85 ili tamam olan Azərbaycan Müəllimlər İnstitutu müəllim hazırlığında böyük nailiyyətlərə imza atmış, respublikanın ali təhsil məkanında özünəməxsus layiqli yer tutmuşdur. Əvvəlki  beynəlxalq konfranslarda söylənilən təklif və ideyaları həyata keçirmək üçün AMİ-nin maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-pedaqoji kadr potensialının gücləndirilməsi sahəsində çox görülmüşdür. Bolonya sisteminin tələblərinin reallaşdırılması, auditoriyaların kompyuterləşdirilməsi, elektron lövhələrlə təchizi, internet şəbəkəsi sisteminə qoşulması, professor-müəllim heyətinin İKT-dən istifadə proqramları üzrə treninqlərə cəlb olunması interaktiv mühazirə və seminar məşğələlərinin keyfiyyətinə müsbət təsir göstərmişdir.

A.Naxçıvanlı konfransın müəllim hazırlığında yeni elmi istiqamətə, əməkdaşlıqlara, layihələrə, innovativ araşdırmalara təkan verəcəyinə əminliyini bildirmiş, onun işinə uğurlar arzulamışdır.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirmişdir ki, konfransda müzakirə edilən mövzu çox vacib və aktualdır. İnsanın şəxsiyyət kimi formalaşmasında təhsilin, müəllimin rolu danılmazdır. Təhsilin inkişafına, müəllim hazırlığı məsələsinə xüsusi diqqət göstərən Təhsil Nazirliyi bu sahədə müxtəlif proqramlar, tədbirlər həyata keçirir. Müəllimlərin işə qəbulunda şəffaflıq prinsiplərinə ciddi əməl olunur. Bu gün əsas məsələlərdən biri ölkədəki orta məktəblərdə çalışan iki yüz minədək müəllimin peşəkarlığının artırılması, peşə hazırlığının yüksəldilməsidir.

C.Bayramov, eyni zamanda, təhsil sahəsində mövcud nöqsanlardan və onların aradan qaldırılması ilə bağlı nazirliyin həyata keçirdiyi tədbirlərdən, təhsilin inkişafı  istiqamətində qarşıdakı vəzifələrdən də danışmışdır.

Tədbirdə Fransanın ESPE Versal Akademiyası De Serj-Pontuaz Universitetinin professoru Jan-Pyer Şevalyenin "Ali təhsil müəssisələrində çalışan müəllim və işçilərin təlimi və özünütəkmilləşdirməsi", Hindistanın KSTİ Universitetinin rektoru, professor Satyendra Patnaikin "Təhsildə baryerlər", Avstriyanın Vyana-Krems Müəllim Hazırlığı Universitetinin professoru Andreas Vessenbakın "Öyrətməkdən öyrənməyə: paradiqma dəyişikliyi" mövzularında  məruzələri dinlənilmişdir.

Daha sonra konfrans işini "Təhsilin inkişafına dair dövlət strategiyası və müəllim hazırlığının aktual problemləri", "Müəllim hazırlığında psixoloji aspektlər və inklüziv təhsil", "Təhsil və tərbiyə sistemlərinin səmərəli təşkili yolları", "Müəllim hazırlığında innovasiyalar. Müasir təlim texnologiyalarından istifadə", "Müəllim hazırlığının müxtəlif pillələrinin özünəməxsusluğu və qarşılıqlı əlaqəsi" bölmələrində davam etdirmişdir. 

İclaslarda Azərbaycan, Rusiya, Ukrayna, GürcüstanHindistandan alim və mütəxəssislərin müəllim hazırlığı probleminə həsr olunmuş məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır. 

Konfrans işini mayın 23-də bölmə iclasları ilə davam etdirəcəkdir.

 

AzərTAc

Azərbaycan.- 2014.- 23 may.- S.5.