Odlar Yurdu” Universitetində akademik Əhməd Mahmudovun anadan olmasının 91-ci ildönümünə həsr edilmiş XIX elmi konfrans keçirilmişdir

 

Odlar Yurdu” Universitetində görkəmli alim, akademik Əhməd Mahmudovun anadan olmasının 91-ci ildönümünə həsr edilmişDünya iqtisadi böhranı şəraitində Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf modelimövzusunda XIX elmi konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə alimin keçdiyi şərəfli ömür yolundan və Azərbaycan elminə verdiyi töhfələrdən danışılmışdır.

Əvvəlcə konfrans iştirakçıları universitetdə akademik Əhməd Mahmudovun adını daşıyan Elmi-Tədqiqat Mərkəzində olmuşlar. Məlumat verilmişdir ki, burada tələbələr ixtisas kursları keçməklə yanaşı, həm də iqtisadiyyat elminin sirlərini öyrənmək üçün əyani vəsaitlərdən istifadə edə bilirlər. Həmçinin “Odlar YurduUniversitetinin tələbələrinə Əhməd Mahmudov adına təqaüd verilir.

Milli Məclisin deputatlarının, tanınmış elm xadimlərinin iştirak etdikləri konfransda çıxış edən “Odlar YurduUniversitetinin rektoru, Milli Məclisin deputatı, professor Əhməd Vəliyev akademikin zəngin və mənalı ömür yolundan danışmışdır. Rektor diqqətə çatdırmışdır ki, akademik Əhməd Mahmudovun iqtisadiyyatonunla bağlı sahələrdəki araşdırmaları nəinki respublikamızda, eləcə də dünyanın ən nüfuzlu elm mərkəzlərində yüksək qiymətləndirilir. Elmin inkişafı sahəsində mühüm xidmətləri olan dünya şöhrətli alimin müəllifi olduğu kitablar, monoqrafiyalar və dərsliklər uzun illərdir ki, dəyərli elmi vəsait kimi istifadə edilir. Onun bir sıra əsərləri xarici ölkələrin nüfuzlu elmi jurnallarında nəşr edilmişdir. Akademikin AMEA-nın İqtisadiyyat İnstitutuna rəhbərliyi dövründə 300-dən artıq doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə isə çıxışında Əhməd Mahmudovun elmi axtarışlarında aqrar sənaye inteqrasiyası, ictimai istehsalın intensivləşdirilməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, təsərrüfat hesablı problemlərin tədqiqi məsələlərinin əsas yer tutduğunu qeyd etmişdir.

Konfransda, həmçinin Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, ziyalılar, elm adamları və alimin ailə üzvləri çıxış edərək vurğulamışlar ki, mənalı ömür yolu, elmə səmimi bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə seçilən akademik Əhməd Mahmudov prinsipiallığı, yüksək idarəçilik keyfiyyətləri, tədqiqatçılıq əzmi, siyasi mövqeyi ilə fərqlənmişdir.

Sonra konfrans iclaslarla davam etdirilmişdir.

 

 Azərbaycan.- 2014.- 23 may.- S.5.