Qəbələdə tikinti-quruculuq işləri bütün sahələri əhatə edir

 

 

Qəbələ rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər 2014-cü ildə də uğurla davam etdirilir. Bu il yanvarın 3-də Prezident İlham Əliyevin Qəbələyə səfər etməsi rayon sakinlərinin işgüzarlığını, qurub-yaratmaq əzmini daha da artırdı. Həmin səfər zamanı dövlət başçısı rayonda görülən işlərlə yaxından tanış oldu, "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışında iştirak etdi.

Dövlətin yüksək qayğısı sayəsində Qəbələ inkişaf tempini daha da artırır. 2014-cü ilin ötən ayları ərzində həyata keçirilən tədbirlər, qazanılan uğurlar bunu bir daha sübut edir.

Azərbaycan hökumətinin və Dünya Bankının birgə maliyyə dəstəyi ilə Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində işlərin birinci mərhələsi başa çatdırılıb. İkinci mərhələ üzrə tikinti işləri davam etdirilir. Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, "Qaraçay", "Duruca" su mənbələrində yerləşən anbarlar lildən və qumdan təmizlənib, cari təmir işləri görülüb. Şəhərin küçələrində aparılan abadlıq işləri ilə əlaqədar mövcud su təchizatı və kanalizasiya xətlərində borular dəyişdirilib. Qəbələ 11 nömrəli Yol İstismar İdarəsi yolların təmirini və işlək halda olmasını diqqətdə saxlayır. Su və kanalizasiya xətlərinin çəkilişləri zamanı küçələrdə və yollarda yaranmış narahatlıqlar aradan qaldırılıb, təmir-bərpa işləri görülüb.

Tikinti-quruculuq işləri sırasında rayonun Məlikli, Zalam, Yenikənd, Quşlar, Bunud, Zarağan və Böyük Əmili kənd poçt şöbələri üçün yeni binaların tikilməsi ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanmasını da qeyd etmək olar. Ümumilikdə isə Qəbələdə tikinti işlərinin əhatəsi çox genişdir. Qəbələ Futbol Akademiyası və stadionlar kompleksində, DİN-in "N" nömrəli alayının, YAP rayon təşkilatının inzibati binalarında, cipsi və su-limonad zavodunda, Dəmiraparan çayı üzərində 10 aşırımlı, 324 pm-lik dəmir-beton körpüdə, Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunda, Bum qəsəbəsindəki "Stend atıcılığı kompleksi"ndə və digər obyektlərdə tikinti işləri davam edir. Qəbələ şəhərində, Zirik, Yengicə kəndlərində yeni məktəb binalarının tikilməsi rayon təhsilinin maddi-texniki bazasını daha da gücləndirəcək. 2014-cü il Qəbələ üçün  peşə məktəbinin yeni binasının, rayon mərkəzi xəstəxana  kompleksinin,  Xarici Dillər Universitetinin Qəbələ filialının, Gömrük Akademiyasının, ASAN xidmətin rayon filialının inzibati binasının, 37 hektar ərazidə yeni yaşayış şəhərciyinin inşası ilə də əlamətdar olacaq. Bu siyahını artırmaq olardı. Onu demək yetərlidir ki, tikinti-quruculuq işləri bütün sahələri əhatə edir.

Rayonun yaşayış məntəqələrinin daşqından və sel sularından qorunmağı, əkin  sahələrinin suvarma suyu ilə normal təminatı üçün kanalların lildən təmizlənməsi üçün də  tədbirlər görülür.

Artıq Qəbələnin şöhrəti ölkə hüdudlarından çox-çox kənarlara da yayılıb. Təsadüfi deyil ki, Qəbələ şəhəri 2013-cü il üçün MDB-nin Mədəniyyət paytaxtı seçilmişdi. Bu münasibətlə il ərzində bir çox yaddaqalan tədbirlər keçirilmiş, MDB ölkələrindən gəlmiş mədəniyyət və incəsənət xadimləri, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar Qəbələyə heyranlıqlarını gizlətməmişlər. 2014-cü ildə isə Qəbələ Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi 2010-2014-cü illər üçün "Xalq Yaradıcılığı Paytaxtları" Proqramı çərçivəsində "Azərbaycanın əfsanələr paytaxtı" elan olunub. Təbii ki, il ərzində həyata keçirilən tədbirlər bu qədim diyarın xalq yaradıcılığı imkanlarının daha əhatəli üzə çıxmasına, tanıdılmasına imkan yaradacaq.

İldən-ilə Qəbələ turizm imkanlarını  daha da genişləndirir. Təkcə bir faktı qeyd edək ki, Qəbələdə yerləşən 15 mehmanxana tipli turizm obyektində hər gün 1800 nəfərdən artıq turist qəbul etmək mümkündür. Dördü beşulduzlu olan bu müəssisələrdə ilin əvvəlindən 7 mindən artıq turist istirahət edib.

Qəbələyə gələn adi turistdən tutmuş, tədbir iştirakçısına, sənət adamına, dövlət başçısına qədər hər kəs əsrarəngiz gözəlliklərin ovsununa biganə qala bilmir, heyranlığını məhəbbətlə dilə gətirir. Qəbələnin son illərdəki sürətli inkişafı, burada həyata keçirilən tikinti-quruculuq işləri füsunkar təbiət gözəlliklərini özünəməxsus şəkildə tamamlayır. Geniş və rahat yolları, müasir milli memarlıq tikililəri, beynəlxalq aeroportu, turizm mərkəzləri, dünya standartları səviyyəsində hotelləri və digər infrastruktur obyektləri, həmçinin mehriban və qonaqpərvər insanları ilə bu qədim Azərbaycan şəhəri müsafirlərin qəlbində unudulmaz xatirəyə dönür.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.- 2014.- 23 may.- S.6.