Azərbaycan tarixçisinin əsəri Moskvada nəşr edilmişdir

 

Uydurma erməni soyqırımı”nın 100 illiyi yaxınlaşdıqca Ermənistan və xarici ölkələrdəki erməni diasporu fəallaşmışdır. Onların yalanlarına tarixi mənbələrə əsasən tutarlı elmi cavab verilməsi tarixçilərimizin vəzifələrindən biridir. Bu istiqamətdə ciddi bir addım atılmışdır.

AzərTAc xəbər verir ki, tanınmış tarixçi alim, professor Musa Qasımlının “Anadolu və Cənubi Qafqaz 1724-1920-ci illərdə: tarixi gerçəklik axtarışında” adlı irihəcmli monoqrafiyası Moskvada Mədəniyyət Fondunun “İNSAN” nəşriyyatı tərəfindən çap edilmişdir. Əsərdə Rusiya, Gürcüstan, ABŞ, Böyük Britaniya, Türkiyə, Azərbaycan arxiv materialları və digər mötəbər mənbələr əsasında çarizmin isti dənizlərə enmə strategiyası və ermənilər, “erməni məsələsi”nin süni surətdə meydana çıxarılması ilə bağlı məlumatlar qeyd edilmişdir. Həmçinin 1905-1906-cı illərdə baş verən qırğınlarda Daşnaksütyununböyük Ermənistan” qurulması üçün çalışması, İtaliya-Türkiyə və Balkan müharibələrindən yararlanma cəhdləri, Birinci Dünya müharibəsi illərində silahlı dəstələrin hazırlanması və fəaliyyətləri, İttihad və Tərəqqi hökumətinin təhlükəsizlik tədbirləri, Rusiyada fevral inqilabından sonra Anadoluda və Cənubi Qafqazda şərait, Cənubi Qafqazda, o cümlədən Bakıda 1918-ci ilin martında törədilən soyqırımı təkzibedilməz fakt və sənədlər əsasında şərh və təhlil edilir. İstifadə edilən mənbələrin əksəriyyəti elmi dövriyyəyə ilk dəfə gətirilmişdir. Xarici ölkələrin arxivlərindən götürülərək monoqrafiyada istifadə edilən fotoşəkillər diqqəti cəlb edir.

Bu əsər Musa Qasımlının xarici ölkələrdə işıq üzü görən 10-cu monoqrafiyasıdır. Monoqrafiyanın elmi redaktoru tanınmış alimtarix elmləri doktoru, professor Əli Həsənov, rəyçiləri Türkiyədən professor Kamal Çiçek, Gürcüstandan professor Quram Marxuliyadır. Müsbət rəylərin verildiyi bu əsər Türkiyədə türk dilində nəşrə hazırlanır.

 

Azərbaycan.- 2014.- 23 may.- S.8.