Bakıda Avropa Şurası Parlament Assambleyasının

 daimi komitəsinin iclası keçirilmişdir

 

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində mayın 23-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) daimi komitəsinin iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, AŞPA daimi komitəsinin iclasını açan assambleyanın sədri xanım Ann Brasör ölkəmizi Nazirlər Komitəsində sədrliyə başlaması münasibətilə təbrik etmiş və assambleyanın komitə və büro iclaslarını yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkürünü bildirmişdir.

Xanım Ann Brasör demişdir ki, üzv ölkələrin ərazi bütövlüyü Avropa Şurası üçün vacib məsələdir. Ərazi bütövlüyünə hörmət qurumun fundamental prinsiplərindəndir. Azərbaycana münasibətdə də qurum bu mövqeyini ifadə etmişdir. Avropada mövcud dondurulmuş münaqişələr qurumun prinsiplərinə zidd olmaqla regiona, əhalinin rifahına ciddi təhlükədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan sədr bildirmişdir ki, 2005-ci ildə qəbul olunan 1416-cı qətnamə ilə AŞPA Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin dinc yolla həllini dəstəkləyir. Ann Brasör Azərbaycana Nazirlər Komitəsinə sədrliyi dövründə assambleyanın dəstək göstərəcəyini söyləmişdir.

Qonaqları salamlayan Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizin Avropa Şurasına üzv olduğu 14 ildə ilk dəfə Nazirlər Komitəsinə sədrlik etdiyini vurğulayaraq Azərbaycanın bu işin öhdəsindən uğurla gələrək Avropanın daha böyük müvəffəqiyyətlərə nail olması yolunda mühüm addımlar atacağına əminliyini bildirmişdir. Azərbaycanın təşkilata sədrliyi dövründə Avropanın təhlükəsizliyinin təməlində dayanan prinsiplərin - demokratiyanın, qanunun aliliyinin, insan haqlarının möhkəmlənməsi üçün həyata keçirilən işlərin uğurla davam etməsinə çalışacağını vurğulayan Oqtay Əsədov demişdir: “Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin prioritetlərini artıq elan etmişdir. Bunlar korrupsiyaya qarşı mübarizə, sosial məsələlər, ölkəmizə xas olan multikulturalizm, təhsil, xüsusən də hüquq sahəsində təhsildir. Hesab edirəm ki, bu vəzifələrin zəruriliyi və aktuallığı hər kəs üçün aydındır. Azərbaycan təşkilata sədrliyi dövründə Avropa Şurasında islahatlar prosesini də dəstəkləyəcəkdir. Digər beynəlxalq təşkilatlar, xüsusən Avropa İttifaqı, ATƏT və BMT ilə əməkdaşlığın möhkəmlənməsinə diqqət yetirəcəkdir. Azərbaycan artıq bu hədəflərə çatmaqda maksimum açıqlıq və səy göstərəcəkdir. Qarşıdakı altı ay ərzində Avropa Şurası Nazirlər Komitəsində çoxsaylı tədbirlər keçiriləcəkdir. Təkcə Bakı şəhərində 18 tədbir təşkil ediləcəkdir. Eyni zamanda, Strasburqda Azərbaycanın sədrliyi ilə tədbirlər keçiriləcəkdir”.

Dağlıq Qarabağ münaqişəsindən danışan parlamentin sədri Ermənistanın 20 ildən çoxdur ki, Azərbaycan ərazilərini işğal altında saxladığını və bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşadığını demişdir. Bu səbəbdən də Azərbaycanın işğal altında olan ərazilərinə bizim razılığımız olmadan gedən şəxslərin “persona non-grataelan edildiyini bildirən Milli Məclisin sədri demişdir: “Azərbaycanın Xarici İşlər Nazirliyi bu barədə bütün ölkələrə, o cümlədən Avropa Şurasına üzv olan dövlətlərə əvvəlcədən məlumat vermişdir. Buna baxmayaraq, bəzi şəxslər, o cümlədən siyasətçilər bu xəbərdarlığa məhəl qoymur, bizim razılığımızı almadan Azərbaycanın işğal altında olan ərazilərinə gəlirlər. Bu, eyni zamanda, Minsk qrupunun həyata keçirdiyi siyasətə də düzgün münasibət deyildir”.

Oqtay Əsədov Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bu prinsipial mövqeyini AŞPA-nın anlayışla qarşılayacağına ümid etdiyini vurğulamışdır.

Sonra Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin növbəti altı ayda quruma sədrliyi dövründə fəaliyyətinin prioritetlərindən danışmışdır. Nazir bildirmişdir ki, ölkəmiz Avropa Şurasının üç əsas sütunu - insan hüquqları, qanunun aliliyidemokratiyaya güclü dəstək verəcək və səylərini əsirgəməyəcəkdir. Bu müddət ərzində Avropa Şurasının əsas dəyərlərinin dəstəklənməsi və təşviqi bizim bütün fəaliyyət və öhdəliklərimizin mərkəzində dayanacaqdır. Azərbaycanın sədrliyinin əsas prioritetləri ölkəmizin müsbət cəhətləri və müqayisəli üstünlükləri ilə yanaşı, Avropa Şurasının gündəliyində dayanan aktual və təxirəsalınmaz məsələlərin nəzərə alınması ilə müəyyən edilmişdir. Üzv dövlətlərdən təcili və qəti cavab əldə etməyi təmin etmək üçün Avropada demokratiya, təhlükəsizlik və sabitlik sahəsindəki mövcud problemlərə ciddi diqqət ayrılacaqdır. Bu məqsədlə Azərbaycan sədrliyi dövründə gücləndirilmiş dialoq, qarşılıqlı hörmət və anlaşma yolu ilə kompromis ruhunda razılaşdırılmış qərarların qəbul edilməsinə çalışacaqdır.

Elmar Məmmədyarov vurğulamışdır ki, korrupsiya ilə mübarizədə güclü əməkdaşlıq Azərbaycanın sədrliyinin əsas prioritetlərindən biri olacaqdır. Bununla bağlı Beynəlxalq Antikorrupsiya Akademiyası ilə birgə Bakıda yüksək səviyyəli konfrans keçiriləcəkdir. Azərbaycanın sədrliyi zamanı idman yarışlarının idarə edilməsi üzrə Avropa Şurası Konvensiyasının mümkün qəbuluna yaxından nəzarət olunacaqdır. Biz bu sənədin tezliklə imzalanması üçün hazır olmasına dəstəyi gücləndirəcəyik. O, konvensiyanın qəbuluna yardımın digər əsas səbəblərindən birinin Bakının 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi etməsi ilə əlaqələndirmişdir.

Nazir bildirmişdir ki, ölkəmiz sədrliyi dövründə mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada ayrı-seçkilik və dözümsüzlüklə mübarizəyə yardım edəcəkdir. 2014-cü ilin sentyabrında Bakıda Avropa Şurasının Qonşuluq Siyasətinə həsr olunmuş yüksək səviyyəli nazirlər konfransı keçiriləcəkdir.

Sonra Elmar Məmmədyarov deputatların regionun lider dövləti olan Azərbaycanın daxilixarici siyasəti, insan haqları, qanunun aliliyi, həyata keçirilən islahatlar, beynəlxalq layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı suallarını cavablandırmışdır.

Daha sonra gündəlikdə duran məsələlərlə bağlı məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

 

Azərbaycan.-2014.- 24 may.- S.1.