ABŞ Dövlət Departamenti səfirin
mövqeyinə ciddi qiymət verməlidir
Akademik Ramiz
Mehdiyevin açıqlaması təkcə bir
ölkənin təmsilçisinə
deyil, o cür düşünənlərin hamısına
layiqli cavabdır
Bu günlərdə ABŞ-ın Azərbaycandakı səfiri mətbuata verdiyi müsahibədə Azərbaycanda demokratiyanın durumu, ölkənin daxili və xarici siyasəti ilə bağlı müəyyən mənfi fikirlər səsləndirib. ABŞ diplomatının Azərbaycanla bağlı səsləndirdiyi subyektiv mülahizələr cəmiyyətdə haqlı narahatçılıq yaradıb. Səfirin qeyri-diplomatik və təəccüb doğuran ritorikası ölkə mediasının da diqqətindən yayınmayıb. Onun bir sıra iddiaları Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi xarakterizə olunur.
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də AzərTAc-a müsahibəsində ABŞ səfirinin ölkəmizlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Ramiz Mehdiyev deyib ki, ABŞ səfirinin müsahibəsi təəccüb doğurur: "ABŞ səfirinin bu müsahibəsi dünyada və postsovet məkanında daha çox Qərbin ucbatından gərginləşən geosiyasi proseslər fonunda ən azı təəccüb doğurur. Onu bu müsahibəni verməyə və diplomatik etiketə uyğun olmayan fikirlər səsləndirməyə vadar edən motiv və səbəblərin nə olduğunu deməyə çətinlik çəkirəm. Bu, ölkənin daxili işlərinə açıq, birbaşa, kobud müdaxilədir və buna haqq qazandırmaq mümkün deyil. Bu, həm də diplomatik münasibətlər haqqında Vyana konvensiyasına görə yolverilməzdir".
Akademik həmçinin vurğulayıb ki, səfirin müsahibədəki tonunda əmr və fikirlərini müstəqil dövlətə qəbul etdirmək cəhdi var. Riçard Morninqstar unutmamalıdır ki, Azərbaycan kiminsə müstəmləkəsi yox, özünü tam təmin edən dövlətdir. Ramiz Mehdiyev həmçinin səfirin Azərbaycan hökumətinin monolit olmaması ilə bağlı səsləndirdiyi fikrə münasibətini açıqlayıb: "Prezident İlham Əliyevin komandası kifayət qədər monolitdir. Azərbaycanın uğurlu xarici və daxili siyasəti bu çirkin iftiraya ən yaxşı cavabdır. Xarici siyasəti müəyyənləşdirərkən hökumət ayrı-ayrı şəxslərin şəxsi simpatiya və antipatiyasından deyil, ölkənin maraqlarından çıxış edir. Bütün bunlar Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konvensiyasında yazılıb. Səfir istərsə, həmin sənədlərlə tanış ola bilər".
Akademik Ramiz Mehdiyevin səsləndirdiyi fikirlərlə bağlı siyasətçilərin fikirlərini öyrəndik. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlının fikrincə, ABŞ səfiri Riçard Morninqstar Azərbaycanın daxili işlərinə qarışmaqla yanaşı, qeyri-obyektiv fikirlər səsləndirmişdir ki, buna da adekvat cavab verildi. YAP rəsmisi qeyd edib ki, səfirin sözügedən müsahibəsindən sonra təkrar olaraq balanslı mövqe nümayiş etdirdiyini söyləməsini doğru hesab etmir: "Əslində, Morninqstar heç bir balans gözləmədən, birtərəfli və qeyri-dəqiq məlumatlar yayıb. Bu isə səfirin diplomatik əlaqələri pozduğundan xəbər verir".
Milli Məclisin deputatı, professor Musa Qasımlı isə qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müsahibəsi əslində böyük bir dövlətin səfirinə səfir səlahiyyətlərini və həddlərini başa salmaqla sanki bir dərs verir: "Səfir nə ilə məşğul olmalıdı, ölkənin daxili işlərinə qarışa bilərmi? Hesab edirəm ki, ABŞ səfiri həmin müsahibəni oxuyub nəticələr çıxarmalıdır". Deputat hesab edir ki, səfir ölkələr arasında gərginlik yaratmamalı, baş verən gərginliyi aradan qaldırmalı, qapıları daim açıq saxlamalı və körpüləri yandırmamalıdır. Riçard Morninqstar isə az qala özünün yersiz danışıqları ilə səfir səlahiyyətlərini aşır, özünü diplomat kimi deyil, adi bir populist şəxs kimi aparır. Deputatın fikrincə, ABŞ Dövlət Departamenti səfirin bu hərəkətlərinə ciddi qiymət verməlidir.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc isə bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər zaman beynəlxalq təşkilatlarla, qurumlarla müxtəlif dövlətləri təmsil edən diplomatik korpus təmsilçiləri ilə çox normal əlaqələrə önəm verir. Ancaq təəssüf ki, ABŞ səfiri Riçard Morninqstarın son müsahibəsi fonunda Azərbaycanın dövlət məmurları ölkənin maraqlarını qorumaq naminə addımlar atmağa məcbur olublar: "Düşünürəm ki, akademik Ramiz Mehdiyevin müsahibəsi təkcə mətbuat üçün deyil, bütövlükdə xalqımız üçün çox önəmlidir. Müxtəlif tribunalarda sözlərinin eşidilməsi üçün çalışan və sonradan öz bəyanatlarına sahib çıxmayan dairələr əminəm ki, cənab Ramiz Mehdiyevin açıqlaması ilə bu mesajlardan lazımi nəticəni çıxaracaqlar". Deputat qeyd edib ki, akademik Ramiz Mehdiyevin bununla bağlı açıqlaması təkcə bir ölkənin təmsilçisinə deyil, o cür düşünənlərin hamısına layiqli cavabdır.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2014.- 24 may.- S.3.