İordaniyanın milli bayramı şərəfinə

 

Mayın 23-də İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycanın və İordaniyanın dövlət himnləri səslənmişdir.

İordaniyanın Azərbaycandakı müvəqqəti işlər müvəkkili Fadi Qvayder rəsmi qəbulda çıxış edərək ölkəsinin müstəqillikdən sonra keçdiyi inkişaf yolundan danışmış, bu illər ərzində iqtisadi və mədəni sahələrdə böyük uğurlar qazanıldığını, İordaniyanın dünya birliyində layiqli yer tutduğunu vurğulamışdır.

Diplomat dost ölkələr olan İordaniya ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafına əlverişli zəmin yaratmışdır. Vurğulanmışdır ki, İordaniya ilə Azərbaycan arasında əlaqələr iki görkəmli dövlət xadiminin - Heydər Əliyevin və Kral Hüseyn bin Təlalın səyləri nəticəsində qurulmuşdur. İordaniya Kralı Əlahəzrət II Abdullah və Prezident İlham Əliyev hazırda bu əlaqələri uğurla davam etdirirlər. Ölkələrimiz arasında iqtisadi, mədəni, ticari, informasiya və turizm sahələrində çox uğurlu əməkdaşlıq vardır.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov əlamətdar gün münasibətilə dost İordaniya xalqını Prezident İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını mərasim iştirakçılarına çatdırmışdır.

Ziyafət Əsgərov demişdir ki, İordaniya Kralı II Abdullahın ölkəmizə və Prezident İlham Əliyevin İordaniyaya səfərləri əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dostluq münasibətlərində yeni mərhələ açmışdır.

Azərbaycan-İordaniya əlaqələrinin sürətlə inkişaf etdiyini diqqətə çatdıran Milli Məclis sədrinin birinci müavini ölkələrimiz arasında 40-a yaxın müqavilənin imzalandığını, 6 müqavilənin isə imzalanmaq üçün hazırlandığını vurğulamışdır.

Ziyafət Əsgərov əlaqələrimizin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirmişdir.

 

Azərbaycan.-2014.- 24 may.- S.3.