Ədliyyə naziri Bərdə şəhərində vətəndaşları qəbul etmişdir

 

Mayın 23-də ədliyyə naziri Fikrət Məmmədov bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Bərdə şəhərində, Ağdam, Ağcabədi və Bərdə rayonlarında yaşayan vətəndaşların, habelə Xankəndi və Laçından olan məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılmışdır.

Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoymuş, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Şəhərdəki Heydər Əliyev Mərkəzi ilə də tanışlıq olmuşdur.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmışdır. Qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə digər müraciətlər üzrə müvafiq tapşırıqlar verilmişdir.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur. Qəbul zamanı vətəndaşlar əhaliyə göstərilən qayğılı münasibətə, bölgələrdə qəbulların silsilə xarakter almasına, regionlarda yüksək sosial-iqtisadi şəraitin yaradılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Səfər zamanı ədliyyə naziri rayon məhkəməsinə və ədliyyə orqanlarına baş çəkərək, hakimlər və ədliyyə işçiləri ilə görüşmüş, onların fəaliyyəti və iş şəraiti ilə tanış olmuş, problemlərlə maraqlanmış, vətəndaş-məmur münasibətlərinin Azərbaycan Prezidentinin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət edilməsi, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi və digər aidiyyəti tövsiyə və tapşırıqlarını vermişdir.

 

Azərbaycan.-2014.- 24 may.- S.4.