Ekstremal şəraitlərə hazırlıq həyat təhlükəsizliyinin əsasıdır

 

Bizi əhatə edən aləm sakit həyatımızı poza biləcək müxtəlif təhlükələrlə zəngindir. Hətta demək olar ki, belə təhlükələr üzündən planetimizdə mənfi hadisələr müsbətlərdən heç də az deyildir. Homer haqlı olaraq deyirdi ki, bir halda ki insan yaşayır, o, iztirab çəkməyə məhkumdur. Doğrudan da belədir, vəzifəsindən, var-dövlətindən, yaşından asılı olmayaraq, hər kəs bu və ya digər dərəcədə iztirab çəkir. Çünki sakit həyat şəraitində nə vaxtsa üzləşə biləcəyimiz xoşagəlməz hadisələr, fəlakətlər haqqında düşünmürük.

Həyatın təhlükəsizliyinin təmin edilməsinə laqeyd münasibət acı nəticələr doğura bilər. Məhz bu səbəbdən dünyada hər il yüz minlərlə insan müxtəlif təbii, texnoloji və ya sosial faciə və fəlakətlərin qurbanı olur. Bu baxımdan telekanallarda bir reklam çarxında nümayiş etdirilən səhnə çox ibrətamizdir. Burada göstərilir ki, ekstremal şərait yaşanan hansısa regionda amerikalı əsgər çox yaraşıqlı bir avtomobildə gəlib kafenin qarşısında dayanır. Kafedə yeyib-içəndən sonra oradan çıxır və fit çala-çala, kefi kök vəziyyətdə maşına minir və motoru işə salır. Elə həmin andaca maşınla birlikdə yanıb külə dönür. Ekstremal şəraitlərdə vəziyyət tələb edirdi ki, əsgər maşına oturmazdan əvvəl maşına nə isə qoyulub-qoyulmadığını yoxlasın. Lakin əsgər bunu etmədiyindən, laqeydliyi səbəbindən şəraitin qurbanına çevrilir.

Ötən əsrin ən böyük zəlzələləri haqqında hesabat və ədəbiyyat məlumatlarında bir milyondan çox insanın həyatına son qoymuş 340 hal haqqında məlumat verilir. Bundan o qədər də az olmayan sayda da sel qurbanları qeyd olunur. Yalnız 1970-ci ilin 12-13 noyabrında Benqal körfəzi sahilləri və adaları rayonunda baş vermiş daşqınlar 500 mindən artıq insanın həyatına son qoymuşdur.

Bunlar təbii fəlakətlərdən bir qisminin doğurduğu acı nəticələrdir. Təhlükəli məqam odur ki, belə fəlakətlər ildən-ilə artır. Yalnız son 40 ildə təbii fəlakətlərin sayı beş dəfədən çox artmış və nəticədə dörd milyona yaxın insan onların qurbanı olmuşdur. Lakin faciələrin miqyası yalnız təbii fəlakətlərlə məhdudlaşmır. Son onilliklərdə bəşəriyyət həm də insanların özlərinin yaratdığı və yerdə bütün canlılar üçün əsas təhlükə mənbəyi olan böyük texnoloji qəzaların da acı nəticələrini yaşamaqdadır.

Elm və texnikanın müasir inkişaf səviyyəsi ona gətirib çıxarmışdır ki, bu qəbildən olan təhlükələr zaman-zaman daha ağır faciələrə, fəlakətlərə səbəb olmuşdur. Doğrudur, müxtəlif texniki qurğuların etibarlığının artırılması və qəza hallarının azaldılması istiqamətində daim cidd-cəhdlər edilir. Lakin buna baxmayaraq, bütün dünyada texnogen qəzaların kəmiyyəti yüksəlir. Bu sahədə çalışan mütəxəssislər də dərk edirlər ki, belə qəzalar qaçılmazdır.

Təsadüfi deyildir ki, Yaponiya, Koreya, Amerikanın bir çox avtomobil şirkətləri istehsal etdikləri və artıq satışa buraxdıqları yüz minlərlə avtomobili istehsal zamanı bəzi qüsurlara yol vermələri səbəbindən istifadəçilərdən geri alırlar.

Təhlükənin ciddi xarakter daşıması yalnız xeyli sayda insanın onun qurbanına çevrilməsi ilə bağlı deyil, həm də ətraf mühitin məhv edilməsi, qlobal pisləşməsi, bir sözlə, ekoloji tarazlığın pozulması ilə əlaqədardır. Bu isə sonda insanlarda bərpa edilməyən, geriyə qayıdışı mümkün olmayan genetik dəyişikliklərə gətirib çıxara bilər.

Zəhərli maddələrin, partlayıcı qurğuların təsir gücü əvvəlki dövrlərdə olduğundan indi qat-qat çoxdur. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, məsələnin nə dərəcədə ciddi xarakter aldığını təsəvvür etmək mümkün olsun.

Sinirləri iflic edən ən güclüVi-iks (VX) qazı Birinci Dünya müharibəsi dövründə istifadə edilmiş zəhərləyici fosgen qazından 300 dəfə çox zəhərlidir.

Müasir dövrdə istifadə edilən partlayıcı qurğular da əvvəlkilərlə müqayisədə daha ciddi fəsadlar doğurur. Bununla bağlı 28 oktyabr 1995-ci ildə Bakı metrosunda baş vermiş və 300 nəfərə yaxın insanın ölümünə səbəb olmuş faciəni xatırlamamaq qeyri-mümkündür. Metroda baş vermiş ən böyük faciə kimi Ginnesin rekordlar kitabına düşmüş bu fəlakət də məhz belə qurğulardan yararlanmış erməni terrorçularının əməllərinin nəticəsində baş vermişdir. Bu qəbildən olan fəlakətlər bir sıra hallarda, təbiət hadisələrinin səbəb olduğu kortəbii fəlakətlərlə müqayisədə daha ciddi təsirlərə malik olur. Göründüyü kimi, müasir dövrdə elmi-texniki tərəqqi insanların artan maddi və intellektual tələbatlarını təmin etməklə bərabər, həm də onların həyatı üçün daha ciddi təhlükələr yaradır.

Bundan heç də az olmayan çətinliklərlə insanlar həm də iqtisadi sahədə üzləşirlər. Belə ekstremal şəraitlər içərisində sosial fəlakətlər də xüsusi yer tutur. Bu fəlakətlər bir qrup şəxsin (siyasi xadimlər, cəmiyyətlər və s.) və ya dövlət hakimiyyətinin fəaliyyəti nəticəsində cəmiyyətdə siyasi sabitliyin azalması və əhalinin xoşa gəlməyən iqtisadi duruma düşməsi ilə şərtlənən fəaliyyəti nəticəsində yaranır və bəzi hallarda bu, insanların kütləvi məhvinə gətirib çıxarır. Hazırda bir sıra ölkələrdə əhali belə faciələri yaşamaqdadır. Doğrudur, respublikamızda bu qəbildən, yəni iqtisadi çətinliklərə səbəb olan ekstremal şərait hiss olunmur. Lakin bununla arxayınlaşmaq olmaz. Çünki müasir dünyamızda insanların təhlükəsizliyinin təmin edilməsi və onların ekstremal şəraitlərdən sığortalanması artıq bir dövlətin problemi olmaq hüdudundan kənara çıxır. Məhz bu səbəbdəndir ki, BMT 1990-2000-ci illəri "Təbii fəlakətlərin təhlükəsizliyinin azaldılması onilliyi" elan etmişdir.

Sosial fəlakətlərdən danışarkən qonşu respublikanın ölkəmizə ərazi iddiası ilə bağlı məcbur edildiyimiz müharibə vəziyyətini xatırlatmamaq mümkün deyildir. Artıq neçə ildir ki, bu vəziyyət respublika vətəndaşlarının bir neçə nəsil insanları üçün psixi travma mənbəyinə çevrilmişdir.

Ümumiyyətlə, son dövrlərin hadisələri insanları təkcə minimal zaman müstəvisində qurbanların çox böyük kəmiyyəti ilə heyrətləndirmir, həm də doğurduğu psixoloji vəziyyətlə onları sarsıdır: qəflətən həyata keçirilmiş destruktiv aksiya milyonlarla insanın şüurunda dünyanın dayanıqlı və adət olunmuş mənzərəsini boşa çıxarır. Dünya mədəniyyəti nümunələrinin məhvi ilə yanaşı, bir andaca təhlükəsizlik, müdafiə olunmaq hissi itirilir. Heç şübhəsiz ki, praktik planda əhaliyə son dərəcə yüksək stressogen ekstremal şəraitlərin dağıdıcı nəticələrini kompensasiya etməyə imkan verə biləcək təcili kömək göstərilməsinin yeni strategiya və texnologiyalarının işlənilməsi, tətbiqi zəruridir. Lakin buna paralel olaraq həm ekstremal şəraitlərə hazır olmaq, həm də onun doğurduğu psixi pozuntuların və arzuolunmaz psixi reaksiyaların aradan qaldırılması ilə bağlı yeni və adekvat psixoloji yardım üsullarının işlənilməsi də son dərəcə vacibdir.

Təbii fəlakətlər zamanı həmin yerdə yaşayan əhaliyə kömək lazım olur. Təcrübə göstərir ki, əksər hallarda hamını eyni vaxtda xilas etmək üçün xilasedicilər və xüsusi texnika çatışmır. Ona görə də belə vəziyyətlərdə ekstremal şəraitlə üzləşən insanın əsas vəzifəsi öz-özünü xilas etmək və ya xilasedicilər gələnədək sağ qalmaqdır. İlk növbədə yadda saxlamaq lazımdır ki, qorxu çıxış yolu deyildir. Əksinə, qorxuya qalib gələ bilməyən insanlar birinci məhv olurlar.

Amma öz-özünə və eləcə də başqalarına kömək etmək üçün baş vermiş təhlükəli hadisəyə hazır olmaq lazımdır. Bunun üçün öncə hər kəs yaşadığı yerdə mövcud ola biləcək mümkün təhlükəli və böhranlı situasiyalarda özünü necə aparmaq haqqında zəruri biliklərə malik olmalıdır. Çünki insan belə ekstremal şəraitlər haqqında məlumatlı olmadıqda tez bir zamanda qərar qəbul etmək imkanları da məhdudlaşır. Mütəxəssislərin fikrincə, müxtəlif xarakterli ekstremal şəraitlərə hazır olmaqla, əsas amil məhz hadisə ilə bağlı məlumatlı olmaqdır. Hətta bu amilin ekstremal şəraitlərə hazırlığın 80 faizini təşkil etdiyini də qeyd edirlər. Yəni insanlar müxtəlif tipli fəlakətlər, onların hər birinin təbiəti, başvermə səbəbləri, əsas xarakter xüsusiyyətləri, mümkün qədər çalışıb zədə almamaq üçün necə davranmaq, hansı hərəkətləri etmək haqqında lazımi biliklərə malik olmalıdırlar. Lakin müşahidələrimiz və təcrübə göstərir ki, insanlar heç də həmişə bu biliklərə malik olmurlar. Sadə bir fakta müraciət edək. Əhalinin müxtəlif qruplarından olan min nəfərdən çox insana bir sualla müraciət etdik: "Siz böyük marketlərə, qapalı məkanda keçirilən kütləvi tədbirlərə, təhsil aldığınız müəssisələrə və s. gedərkən orada ehtiyat çıxış yolunun olması ilə maraqlanırsınızmı?" Sorğuda iştirak edənlərin, demək olar ki, hamısı "ehtiyat çıxış yolu nəyimizə lazımdır?" cavabını verdi.

Onlara izah etdikdə ki, bəlkə, getdiyiniz yerlərdə olarkən həyatınız üçün təhlükə doğura biləcək bir hadisə baş verdi. Bu zaman ehtiyat çıxış yolunun harada olduğunu bilməməyiniz səbəbindən hamınız eyni bir qapıya (giriş qapısına) istiqamətləndiniz. Onda nələrin baş verə biləcəyini təsəvvür edirsinizmi? Onlar bu barədə heç vaxt düşünmədiklərini söylədilər.

Çox vaxt insanlar onları gələcəkdə baş verə biləcək bəzi ekstremal şəraitlərin qarşısını almaqla bağlı nəticə çıxarmağa yönəldən rəvayətlərin mənasını belə düzgün başa düşmürlər. Bu baxımdan məşhur alim Nyutonla bağlı lətifəni xatırlatmaq yerinə düşər: deyilənə görə, Nyutonun biri böyük, digəri balaca olmaqla, iki pişiyi var imiş. Nyuton öz mənzilində yaradıcılıqla məşğul olarkən həmin pişiklər tez-tez ya mənzilə daxil olmaq, ya da oradan çıxmaq istədikdə Nyuton qapını açmağa məcbur olur ki, bu da onun fikirlərini yayındırır və səmərəli işləməsinə mane olurmuş. Bu səbəbdən də Nyuton pişiklərin mənzilə daxil olub-çıxmaqları üçün qapıdan iki (biri böyük, digəri kiçik) yarıq açır.

Lətifəni oxuyanlar böyük pişik keçən yarıqdan kiçik pişiyin də keçə bilməsinin Nyutonun "ağlına gəlməməsinə" ürəkdən gülür və hətta bəziləri onun ağlına şübhə ilə yanaşırlar. Amma əslində, Nyuton pişiklərin hər ikisinin eyni vaxtda qapıdan çıxma halını da nəzərə alaraq, ekstremal şəraitin yaranmamasını qabaqlamaq məqsədi ilə bunu etmişdir. Yəni hər bir insan baş verə biləcək ekstremal hadisələrə hələ bu hadisələr baş verməzdən əvvəl hazır olmalı və qabaqlayıcı tədbirlər görməlidir.

Yeri gəlmişkən bir cəhəti qeyd etmək lazımdır ki, apardığımız araşdırmalar göstərir ki, çox sayda insanın yaşadığı, işlədiyi, təhsil aldığı binalarda ehtiyat çıxış yolları ilə bağlı vəziyyət o qədər də yaxşı deyildir. Belə ki, bəzi binalarda belə çıxış yolları ya nəzərdə tutulmayıb, ya da çıxış yolları bərbad vəziyyətdədir, yaxud da bağlıdır.

Doğrudur, respublikamızda Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra bu məsələlərə, eləcə də ekstremal şəraitlərdə əhalinin təhlükəsizliyinin təmin olunması ilə bağlı digər vacib məsələlərə xüsusi diqqət yetirilir. Fövqəladə hallarda xilasetmə və qəza bərpa işlərinin vaxtında və yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və bu sahədə çalışan insanların peşəkarlıq səviyyəsini artırmaq məqsədi ilə nazirlik vaxtaşırı təlimlər keçirir. Eyni zamanda, nazirliyin xətti ilə insanların diqqətini çəkə və onların sayıqlıq səviyyəsini artıra biləcək reklam çarxları, bukletlər hazırlanır və əhali ilə bu istiqamətdə müxtəlif görüşlər keçirilir.

Lakin buna baxmayaraq, müxtəlif xarakterli hadisələrin baş verməsi səbəbindən dünyasını dəyişən və ya xəsarət alan insanların sayı ildən-ilə artır. Bu baxımdan Fövqəladə Hallar Nazirliyinin 2014-cü ilin birinci rübünə dair açıqladığı statistika ciddi maraq doğurur. Statistik məlumatda göstərilir ki, 2013-cü ilin birinci rübü ilə müqayisədə təbii və texnogen mənşəli hadisələrin sayı 624 ədəd və ya 41 faiz çoxdur. Yanğınlara dair statistikada da artım var. Digər tərəfdən, nəzərə alsaq ki, respublikamızda yol-nəqliyyat hadisələri zamanı hər gün 3-4 nəfər insan dünyasını dəyişir və xeyli sayda insan xəsarət alır, məsələnin nə qədər ciddi xarakter aldığını başa düşmək o qədər də çətin olmaz. Yəni yalnız Fövqəladə Hallar Nazirliyinin xətti ilə problemin aradan qaldırılması mümkün deyil. Burada hər kəsin özünün təhlükəsizliyi qayğısına qalması və ekstremal şəraitdə davranış qaydalarını bilməsi və ona ciddi surətdə əməl etməsi zəruridir.

Həm də nəzərə almaq lazımdır ki, təbii və antropogen xarakterli fəlakətlər zamanı baş verən maddi itkilər, insan tələfatları və s. yeni ekstremal şəraitlər dalğası yaradır. Belə ki, fəlakətdən xilas olunmuş insan yaşayış yerinin dağılması və ya yaxın insanların itkisi və s. ilə bağlı yeni ekstremal şəraitlə üzləşir. Bu vəziyyətlərdə psixi fəaliyyətin və davranışın təşkil olunmasına kömək edə biləcək "psixoloji müdafiə"nin olmasına baxmayaraq, belə vəziyyət insanları rasional davranış nümayiş etdirmək və fəaliyyət göstərmək qabiliyyətindən uzun müddətə məhrum edə bilər. Belə məhrumetmənin ağırlıq dərəcəsi çox vaxt insanın hadisəni necə qəbul etməsi və ya onu necə qiymətləndirməsi ilə bağlı olur. Çünki hadisəyə münasibət çox vaxt stresin "özəyini" təşkil edir. Belə hallarda təhlükənin obyektivlik dərəcəsi o qədər də önəm kəsb etmir. Burada mühüm olan məqam təhlükənin necə qiymətləndirilməsidir. Təhlükəni yanlış qiymətləndirmə sonda müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Bu isə daha çox ekstremal şəraitlərin səbəb olduğu emosional yaşantıların xarakterindən, intensivlik dərəcəsindən, köməksizlik situasiyasının olmasından və s. asılıdır. Görkəmli alim E.Şostrom hesab edir ki, emosiyalar bizim onun köməyi ilə digər insanlarla həyata keçirdiyimiz ünsiyyət vasitəsidir. Stress situasiyasında yeni həyat və fəaliyyət şəraitinə adaptasiya prosesində emosiyalar qəzəb, qorxu, inciklik formasında təzahür edir. Bu zaman adaptasiya prosesi müqavimətlə qarşılaşır. Təbii ki, ekstremal şəraitdə məhz belə emosiyaların yaranması səbəbindən adaptasiya imkanları məhdudlaşır. Bu isə təsadüfi deyildir. Belə ki, ekstremal şərait bütün qüvvələrin səfərbərliyə alınmasını tələb edir. Belə şəraitlərdən çıxış yolunun tapılması, çətinliklərin aradan qaldırılması yüksək fiziki və psixi gərginliklə, eləcə də situasiyanın tələbləri ilə şəxsiyyətin imkanları arasında ziddiyyətlərin yaranmasıyla müşayiət olunur ki, bu da fəaliyyətin pozulmasına gətirib çıxara bilər. Ekstremallıq xoşagəlməzlik və çətinliyin olması deməkdir. Bu isə onu müşayiət edən yaşantıların mənfi xarakterli olmasını müəyyən edir.

Belə vəziyyətlərdə insan bəzən öz "Mən"i üzərində nəzarəti itirir, sanki ikiləşmə baş verir. Hələ öz zamanında Hegel qeyd edirdi ki, əgər şüur digərləri haqqında bilikdirsə, mənlik şüuru insanın özü haqqında bilikləridir, bu, həm özünü, həm də başqalarını aşkarlayan, bir növ, mənəvi işıqdır. Mənlik şüuru isə, S.S.Korsakovun fikrincə, mənim ruhumda nəyin baş verdiyinin duyumu, biri digərini əvəz edən ruhi vəziyyətlərin hiss edilməsi kimi çıxış edir.

Bəzi müəlliflərin (V.İ.Lebedev və b.) fikrincə, mənlik şüuru, "Mən" hissi insan şüurundakı bütün digər anlayışlar kimi abstraksiya və ümumiləşdirmə nəticəsində meydana gəlir. "Mən" anlayışının təsəvvür edilməsi xüsusiyyəti ondan ibarətdir ki, onda ümumiləşmiş, abstraksiya olunmuş biliklər subyektin fərdi mövcudluğunun yaşantıları ilə bilavasitə qaynayıb-qarışır. Qavrayış, fikirlər, cismani duyğular özününkü kimi deyil, sahibsiz qavrayış və fikirlər kimi yaşanılarsa, onda insan nə xarici şəraitə düzgün bələdləşə, nə də ona uyğunlaşa bilər. Belə vəziyyətin aradan qaldırılması isə səriştəli mütəxəssis köməyi olmadan mümkün deyildir. Yəni ekstremal şəraitlərdə meydana çıxa biləcək müxtəlif xarakterli çətinliklərin, maddi dağıntı və itkilərin aradan qaldırılması, insanların əvvəlki normal həyata qaytarılması üçün müxtəlif peşə sahələrinin səriştəli mütəxəssislərindən təşkil olunmuş mobil qrupların formalaşdırılması və daim onların hazırlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi zəruridir. Belə mobil qruplar həm ekstremal şəraitlərin meydana gəlməsindən əvvəl, həm ekstremal şəraitlər zamanı, həm də ekstremal şəraitlərin təsiri kəsildikdən sonrakı dövrdə müvafiq tədbirlər həyata keçirməklə bağlı fəaliyyət göstərməlidirlər.

Birinci halda mobil qruplarla ekstremal şəraitlərdə necə davranmaq, psixi pozulmalara məruz qalmış insanlara hansı tibbi yardım göstərmək, hansı şəxsi keyfiyyətlərə malik olmaq, qorxuya necə üstün gəlmək və s. ilə bağlı müəyyən profilaktika işi həyata keçirilməlidir.

Bu məqsədlə həyata keçirilən profilaktika işi mobil qruplarda fəaliyyət göstərəcək insanlarda psixi möhkəmlik, yəni onlarda cəsarət, iradə, soyuqqanlıq, dözüm, qorxu hissinə üstün gəlməyə qabillik tərbiyə edilməsində böyük əhəmiyyət kəsb edir. Əhali ilə də bu istiqamətdə müvafiq iş aparılmalıdır. Belə ki, insanın ekstremal situasiyalara mümkün reaksiyaları haqqında əhaliyə doğru və kifayət qədər tam və dolğun informasiya verilməsi ilk zəruri profilaktik tədbir hesab olunur.

Ekstremal şəraitlər baş verməzdən əvvəl əhalinin vaxtında belə şəraitlər haqqında məlumatlandırılması da vacib profilaktik tədbirlərdəndir. Digər tərəfdən, bu istiqamətdə aparılmalı olan tədbirlərdən biri də öncədən müdafiə tədbirlərinin operativ və fəal surətdə yerinə yetirilməsi ilə bağlıdır.

Ekstremal şəraitlərin baş verdiyi dövrdə isə başqa xarakterli tədbirlərin həyata keçirilməsi zəruridir. Bu tədbirlər bir tərəfdən xilasetmə işlərinin həyata keçirilməsinə yönəlməlidirsə, digər tərəfdən psixogen pozulmalara məruz qalmış insanlara tibbi yardım göstərilməsinə, fəlakətin tibbi-psixoloji aspektləri haqqında əhalinin məlumatlandırılmasına, əhalidə küyədüşmə (panika) əhvalının, mülahizələrinin və davranışının qarşısının alınmasına xidmət etməlidir.

Məlumdur ki, əsassız küyədüşmə nəzarət olunmayan qorxulardan yarana bilər. Onun qarşısının alınması üçün şayiələrin yayılmasının qarşısını almaq, "şayiəni" yayan hay-küyçülərə sərt müqavimət göstərmək, insanların enerjisini xilasetmə işlərinə yönəltmək və s. lazımdır. Burada insanların ekstremal şəraitlərdə psixoloji passivliyi, faciə ilə mübarizəyə hazırlığın olmaması ilə şərtlənən bir çox amillər də diqqətdən kənarda qalmamalıdır.

Ekstremal amillərin təsiri kəsildikdən sonra ekstremal şəraiti doğuran hadisə nəticəsində insanların məruz qaldığı, sinir-psixi pozulmaların və onların nəticəsində somatik pozulmaların inkişafının profilaktikası istiqamətində müvafiq tədbirlər həyata keçirilməlidir.

 

İsmayıl ƏLİYEV,

BDU-nun Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor

 Rövşən CAVADOV,

BDU-nun Gender və tətbiqi psixologiya kafedrasının dosenti

Azərbaycan.-2014.- 24 may.- S.5.