Coşqun fəaliyyətin
elmi salnaməsi
XX əsrin
sonlarında yenidən dövlət müstəqilliyini bərpa
edən Azərbaycan sabit bazar iqtisadiyyatına, insan hüquq və
azadlıqlarına, birgəyaşayış
qaydalarının sivil normalarına əsaslanan demokratik,
hüquqi, dünyəvi cəmiyyətin formalaşması,
dünya birliyində layiqli yerini tutması istiqamətində
mühüm uğurlar qazanmışdır. Tarixi baxımdan
qısa zaman kəsiyində qazanılmış bu uğurlar
qeyri-adi idarəçilik və dövlətçilik
bacarığına, zəngin həyat təcrübəsinə
və fenomenal biliyə malik
xalqımızın ümummilli lideri Heydər Əlirza
oğlu Əliyevin adı ilə bilavasitə
bağlıdır. Odur ki, bu gün Azərbaycan
Respublikasının çiçəklənməsi, getdikcə
möhkəmlənən beynəlxalq nüfuzu ulu öndərin
tarixi missiyasının məntiqi nəticəsidir.
Heydər
Əliyev Azərbaycanı müstəqilliyin bərpasının
ilk illərində baş verən anarxiya, hərc-mərclik
girdabından, siyasi çəkişmələrdən, vətəndaş
müharibəsindən, parçalanmaq, müstəqilliyini
itirmək təhlükəsindən xilas etmiş, bizə
sabit inkişaf yoluna çıxmış bir dövləti əmanət
qoymuşdur.
Bu gün
xalqımızın milli sərvəti olan Heydər Əliyevin
zəngin və həmişəyaşar irsinin sistemli
araşdırılması, öyrənilməsi və təbliği
Azərbaycan tarix elmi qarşısında duran qlobal,
ümummilli və ümumdövlət əhəmiyyətli vəzifələrdən
biridir.
2009-cu ildə
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun
strukturunda "Əliyevşünaslıq" şöbəsinin
yaradılması məhz bu zərurətdən irəli gəlirdi.
Qısa müddət ərzində fəaliyyət göstərməsinə
baxmayaraq şöbə Heydər Əliyevin nəzəri
irsinin və dövlətçilik fəaliyyətinin tədqiqi
sahəsində mühüm işlər görmüş, dahi
rəhbərin coşqun fəaliyyətini özündə əks
etdirən arxiv sənədlərini və materialları
toplayaraq sistemləşdirmişdir. Bununla da Heydər Əliyevin
nəzəri irsinin elmi əsaslarla öyrənilməsi
üçün mühüm mənbə bazası
formalaşmağa başlamışdır. Şöbə əməkdaşları
tərəfindən Heydər Əliyevin fəaliyyətinin, nəzəri-siyasi
baxışlarının müxtəlif aspektlərini
özündə əks etdirən müxtəlif sənədlər
toplusu hazırlanmış, məqalələr, kitablar,
dissertasiyalar yazılmışdır. Başqa sözlə,
"Əliyevşünaslıq" şöbəsi Heydər
Əliyev irsinin araşdırılması sahəsində
mühüm elmi mərkəz
funksiyasını yerinə yetirir.
Ulu
öndərin zəngin tarixi-nəzəri irsi, dövlətçilik
fəaliyyəti və inkişaf strategiyası haqqında
yüzlərlə əsərlər yazılmışdır.
Lakin bu əsərlərin böyük əksəriyyəti və
əsasən publisistik səpkidə yazıldığı
üçün elmi-akademik tələblərlə tam
uzlaşmır. Ona görə də ümummilli liderin
çoxcəhətli elmi-nəzəri və əməli fəaliyyətinin
kompleks şəkildə elmi əsaslarla öyrənilməsinə
böyük ehtiyac duyulur. Bu ehtiyacı nəzərə alaraq
AMEA Tarix İnstitutunun rəhbərliyi ulu öndərin həyat
və fəaliyyətinə həsr olunmuş ikicildlik akademik
nəşrin hazırlanmasını qərara
almışdı. Qısa müddətdə "Əliyevşünaslıq"
şöbəsinin kollektivi iki cildlik "Heydər Əliyev"
fundamental monoqrafiyasını hazırlayaraq geniş oxucu
kütləsinə təqdim
etdi. Bu dəyərli elmi tədqiqat əsərinin ərsəyə gəlməsində
çox böyük əməyi və rolu olmuş
A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın
müxbir üzvü, əməkdar elm xadimi, dövlət
mükafatı laureatı Y.M.Mahmudovun xidmətləri
xüsusi qeyd olunmalıdır.
Geniş
tədqiqatçılar heyəti tərəfindən
yazılmış "Heydər Əliyev" iki cildlik elmi
araşdırma dahi şəxsiyyətin ömür yolunun
akademik səviyyədə
araşdırılması yolunda mühüm
addımdır.
Ulu
öndərin irsinə yeni elmi baxışı ifadə edən
bu qiymətli tədqiqat əsəri çoxsaylı və zəngin
mənbələr əsasında
yazılmışdır. Həmin mənbələr
sırasında Heydər Əliyevin həm sovetlər, həm
də müstəqillik dövründəki məruzələri,
nitqləri, müsahibələri,
xatirələri xüsusi yer tutur. Onun əsərlərində
xalqımızın tarixi, milli-mənəvi dəyərləri,
iqtisadiyyatı haqqında, eləcə də Azərbaycan
Respublikasının ayrı-ayrı regionları barədə
çox dəyərli və qiymətli fikirlər, elmi-nəzəri
ümumiləşdirmələr, müddəalar vardır.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin Azərbaycan
Respublikasının sosial-iqtisadi, siyasi və mədəni
inkişaf problemləri ilə bağlı fikirləri
dövrü mətbuat səhifələrində və
xüsusi nəşrlərdə çap olunsa da, 1969-1987-ci
illərdə onun zəngin fəaliyyətinin əks
olunduğu bir çox sənədlər indiyədək
çap olunmadığından, arxiv fondlarında
saxlanıldığından həmin materiallar elmi dövriyyəyə
ilk dəfə məhz haqqında bəhs etdiyimiz iki cildliyə
daxil edilmişdir.
Monoqrafiyanın
hazırlanmasında Azərbaycan Respublikası Dövlət
Arxivinin, Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Siyasi Sənədlər Arxivinin, Azərbaycan
Respublikası Milli Məclisinin, Milli Təhlükəsizlik
Nazirliyinin, AMEA Tarix İnstitutunun və bir çox nazirliklərin
arxiv materiallarından istifadə edilmişdir.
Monoqrafiyanın
strukturu Heydər Əliyevin siyasi fəaliyyətinin iki
ictimai-siyasi dövrdə - sovet dövrü və müstəqillik
dövrünə uyğun olaraq müəyyənləşdirilmişdir.
Kitabın
birinci cildinin ilk bölməsində Heydər Əliyevin həyat
və fəaliyyətinin 1969-cu ilə qədərki dövrdə
onu əhatə edən ictimai-siyasi mühit
işıqlandırılmışdır. Tədqiqat
işinin bu hissəsində, həmçinin, Heydər Əliyevin
dövlət təhlükəsizlik orqanlarında işlədiyi
dövr (1944-1969-cu illər), DTK kimi imperiyapərəst bir
qurumun milli maraqlarımızın müdafiəsinə yönəldilməsi
istiqamətində göstərdiyi fəaliyyət, həmin
orqanlarda milli kadrların hazırlanması və yerləşdirilməsi
sahəsində gördüyü işlər, eləcə də
erməni separatizminə
qarşı apardığı mübarizə zəngin faktlar əsasında
təhlil və tədqiq edilmişdir.
Monoqrafiyanın
birinci cildinin ikinci bölməsində Heydər Əliyevin Azərbaycan
SSR-in rəhbəri (1969-1982-ci illər) işlədiyi
dövrdə respublikanın sosial-iqtisadi, mədəni, mənəvi
inkişafının əsas meyilləri dərindən və hərtərəfli
öyrənilmiş, zəngin arxiv materialları əsasında
həmin mərhələnin bitkin tarixi, məntiqi elmi mənzərəsi
verilmişdir.
Monoqrafiyada
Heydər Əliyevin ictimai-siyasi həyatının
mühüm mərhələsini təşkil edən
keçmiş SSRİ dövlətinin rəhbərlərindən
biri kimi çoxşaxəli fəaliyyəti də müfəssəl
şəkildə işıqlandırılmışdır.
Burada Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin
sosial-iqtisadi həyatının ən mühüm sahələrinin
inkişafında oynadığı rolu, sovet dövlətinin
xarici siyasət xəttinin həyata keçirilməsində
onun fəal iştirakı, həmin illərdə Azərbaycanın
inkişaf və tərəqqisi üçün
gördüyü böyük işlər və digər məsələlər
geniş, əhatəli şəkildə
araşdırılmışdır. Yeri gəlmişkən
ümummilli liderin SSRİ-nin siyasi rəhbərliyində təmsil
olunduğu zaman göstərdiyi
çoxşaxəli fəaliyyətini əks etdirən
materialların əksəriyyəti Moskva arxivlərindən əldə
edilmişdir.
"Heydər Əliyev"
monoqrafiyasının II cildi ulu öndərin Azərbaycan
Respublikasına rəhbərliyinin ikinci dövrünü əhatə
edir. Ölkəmizdə dövlət müstəqilliyinin
qorunub saxlanılması uğrunda mübarizə, dövlət
təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan
demokratik, hüquqi və dünyəvi milli dövlət
quruculuğunun vüsət alması,
milli təhlükəsizliyin təmin edilməsi, yeni
iqtisadi xəttin müəyyənləşdirilməsi ilə
Azərbaycan Respublikasının dünya birliyinə uğurlu
inteqrasiyası və digər mürəkkəb məsələlərin
həlli cilddə öz geniş əksini tapmışdır.
II cildin
"Azərbaycanın müstəqilliyinin bərpası və
qorunub saxlanması uğrunda mübarizə" adlı birinci
hissəsində SSRİ dövlətinin dağılması ərəfəsindən
1996-cı ilədək olan dövrdə ölkəmizdə cərəyan
edən hadisələr geniş
işıqlandırılmışdır. Burada 1980-ci illərin
sonunda Azərbaycan ərazi bütövlüyünün
qorunub saxlanması uğrunda mübarizədə üzə
çıxan milli azadlıq hərəkatında Heydər Əliyevin
əvəzsiz rolu müəyyənləşdirilir,
ümummilli liderin Naxçıvana gəlişinin respublikada
siyasi proseslərin gedişinə təsiri, milli azadlıq
mübarizəsinin vüsət almasında onun xidmətləri
ətraflı şərh olunur. Eyni zamanda, dövlət
müstəqilliyinin bərpasından sonrakı ilk illərdə
ölkədə yaranmış daxili vəziyyət, hakimiyyət
böhranı, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi və onun daxili vəziyyətə
təsiri dərindən
araşdırılır. Burada həmçinin ümummilli
liderin Naxçıvan MR-in rəhbəri işlədiyi
dövrdə muxtar respublikada dövlət quruculuğu istiqamətində
gördüyü işlər, həmin illərdə qəbul
edilmiş tarixi qərarlar kompleks şəkildə təhlil
edilərək göstərilir ki, Azərbaycan
Respublikasının müstəqil dövlət kimi sonrakı
inkişafının bir çox konseptual məsələləri
məhz Heydər Əliyev tərəfindən
Naxçıvanda çalışarkən işlənib
hazırlanmışdır.
Monoqrafiyanın
II cildinin "Heydər Əliyev və Azərbaycan
Respublikasında demokratik dövlət quruculuğu" adlanan
ikinci hissəsi altı fəsildən ibarətdir. Bu hissədə
Azərbaycan Respublikasında hüquqi dövlətin və
demokratik cəmiyyətin formalaşması, hüquq mühafizə
sisteminin möhkəmləndirilməsi, milli təhlükəsizliyin,
insan hüquq və azadlıqlarının təmin
olunması, ordu quruculuğunun davam etdirilməsi,
çoxpartiyalı siyasi sistem və demokratik seçkilər,
Yeni Azərbaycan Partiyasının cəmiyyətin
aparıcı qüvvəsinə çevrilməsi, ulu öndərin
iqtisadi inkişaf strategiyası, Azərbaycan
Respublikasının neft siyasəti, xarici siyasət, sosial siyasət,
milli-mənəvi dəyərlərin qorunması və digər
məsələlər zəngin tarixi faktlar əsasında
işıqlandırılır. Qeyd olunur ki, məhz bu
müdrik insanın səyləri və qətiyyəti sayəsində
milli dövlətçiliyimizi, müstəqilliyimizi qoruyub
saxlamaq mümkün oldu, qısa tarixi müddət ərzində
müasir demokratik hüquqi, dünyəvi dövlətin təməlləri
qoyuldu, əsas Konstitusiyamız qəbul edildi, ictimai həyatın
bütün sahələrində əsaslı islahatlar həyata
keçirildi və çox böyük tarixi nailiyyətlər qazanıldı.
İkinci
cilddə həmçinin ulu öndər Heydər Əliyevin
iqtisadi inkişaf strategiyasını və siyasi xəttini uğurla davam etdirən İlham Əliyevin
dövlət başçısı kimi fəaliyyəti
dövründə dinamik sosial-iqtisadi inkişaf yoluna
çıxan Azərbaycan Respublikasının Qafqaz regionunda
şəksiz lider dövlətinə çevrilməsi,
ardıcıllıqla davam etdirilən iqtisadi və siyasi
islahatların uğurlu nəticələri, regionların
sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının
həyata keçirilməsi, Dağlıq Qarabağ probleminin
həlli istiqamətində görülən işlər Azərbaycan
Respublikasının beynəlxalq aləmdə nüfuzunun daha
da artması və s. məsələlər sahəsində fəaliyyəti
öz əksini tapmışdır. Xüsusi vurğulanır
ki, dünyada iqtisadiyyatı ən sürətlə inkişaf
edən, ən islahatçı dövlət kimi tanınan Azərbaycan
Respublikasının son illərdəki bütün
uğurları məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi
dövründə qoyulmuş möhkəm bünövrənin
sayəsində mümkün olmuşdur.
Kitabda
Heydər Əliyev Fondunun ötən dövr ərzində
uğurlu fəaliyyətindən, o cümlədən Fondun
Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın bilavasitə təşəbbüsü
ilə görülən işlərə, ölkəmizin
hüdudlarından kənarda da yüksək qiymətləndirilən
humanitar sahələrdəki genişmiqyaslı fəaliyyətinə
də xüsusi diqqət yetirilmişdir.
Nəticə
etibarı ilə deyə bilərik ki, müəlliflər heyəti
qarşıya qoyulmuş əsas məqsədə - Heydər Əliyevin
Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə
ölkəmizin sosial-iqtisadi, mənəvi və mədəni
tərəqqisi naminə göstərdiyi çoxşaxəli
fəaliyyətin və tarixi xidmətlərin geniş mənzərəsini
yaratmağa nail olmuşdur. Tarixçi alimlərimizin
böyük zəhməti, səmərəli
axtarışları nəticəsində ərsəyə gətirilmiş
"Heydər Əliyev" iki cildlik fundamental tədqiqat əsəri
ulu öndərin şəxsiyyətinə, onun çoxşaxəli
siyasi-dövlətçilik fəaliyyətinə layiq əsər
olmaqla Əliyevşünaslığın,
bütövlükdə tarix elminin inkişafında
mühüm mərhələ kimi səciyyələndirilə
bilər.
Bu gün
"Əliyevşünaslıq" şöbəsi öz
elmi fəaliyyət istiqamətinə uyğun olaraq Heydər Əliyevin
nəzəri və əməli irsini əhatə edən əsərlər
üzərində elmi-tədqiqat işlərini uğurla davam
etdirir. Şöbə əməkdaşları üzərlərinə
götürdükləri ağır yükün məsuliyyətini
dərindən dərk edir. İndiyədək
görülmüş işlər, formalaşmış elmi
potensial bu şərəfli missiyanın gələcəkdə
də uğurla davam etdiriləcəyinə inam yaradır.
Ədalət QASIMOV,
AMEA A.A.Bakıxanov adına Tarix
İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin
müdiri,
tarix
üzrə elmlər doktoru
Azərbaycan.-2014.- 24 may.- S.6.