Vətənə məhəbbət dərsləri
Hərbi
hazırlıq müəllimlərimiz
Müəllim adı bütün zamanlarda şərəfli olub. İstər şəhərdə, istərsə kənddə insanlar bu peşə sahiblərinə həmişə hörmət, ehtiram bəsləyiblər. Yüksək müəllim adını daşıyanlar isə daim bunun məsuliyyətini, mənəvi cavabdehliyini hiss ediblər. Axı onlara xalqın ən qiymətli sərvəti - gənc nəsil, vətənin sabahı etibar edilib.
Müəllim nümunə deməkdir. Təsadüfi deyil ki, ziyalı sözünü işlədəndə də nədənsə, ilk növbədə, insanın gözü önünə müəllimlər gəlir. Çünki ömürlərə işıq müəllimin biliyindən, ziyasından düşür.
Hansı fənni tədris etməsindən asılı olmayaraq bu peşə sahibləri ziya, bilik bəxş edəndir. Haqqında danışacağımız müəllimin keçdiyi fənn isə bir qədər qeyri-adidir. O, artıq 30 ildən çoxdur orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı ilə məşğuldur.
Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbdə çalışan İsfəndiyar Əliyevin pedaqoji fəaliyyəti ən yaxşı müəllimlik nümunələrindəndir. Keçdiyi həyat yolu isə şagirdlərinə, yetirmələrinə bir örnəkdir.
İsfəndiyar Əliyev 1951-ci ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olub. 1968-ci ildə orta təhsilini başa vurduqdan sonra ordu sıralarına çağırılıb. İki illik hərbi xidmətini o vaxtkı Almaniya Demokratik Respublikasında keçirib.
Deyirlər, əsgərlik həyatı da bir məktəbdir. İsfəndiyar Əliyev bu məktəbdən yaşıdlarından bəlkə də daha çox bəhrələnib. Əvvəla, qürbət onun doğma torpağa, Vətənə məhəbbətini artırıb. Uzaqlarda yurdunun həsrətini çəkə-çəkə onun nə qədər əziz olduğunu bir daha dərk edib. Üstəlik də həmin illər İsfəndiyarın gələcək həyat yolunu müəyyənləşdirib. Burada, o, hərb sənətinin sirlərinə dərindən yiyələnib, mətinliyin, qəhrəmanlığın, mərdliyin nə olduğunu tam mənası ilə anlayıb. Özü də bərkdən-boşdan çıxaraq gənc zabit kimi formalaşıb.
Təbii ki, hərbidən doğma kəndinə
qayıdıb. Orada bir
müddət sovxozda işləyib. Amma o, təhsilini davam
etdirmək, xalqa daha çox xeyir vermək arzusu ilə
yaşayırdı. Ona görə də Xarici Dillər
Universitetinə daxil olur. Ali məktəbi bitirdikdən sonra
Bakıdakı 129 nömrəli təhsil ocağında
işləməyə başlayır. Elə həmin vaxtdan da
burada Gənclərin Çağırışaqədərki
hazırlığı rəhbəridir.
"Ömrümün
34 ilini gənclərin vətənpərvərlik tərbiyəsinə
həsr etmişəm. İşlədiyim illər ərzində
məqsədim vətənini, torpağını sevən, onların
müdafiəsinə daim hazır olan gənclər
yetişdirməkdən ibarət olub. İşimdən həmişə
zövq almışam, müəllim adı, şərəfli
peşəmlə həmişə fəxr etmişəm".
Bu, İsfəndiyar müəllimin öz tərcümeyi-halına
"sözardı" kimi yazdığı cümlələrdir.
Özü də gəlişi gözəl olduğu
üçün deyilən sözlər deyil. Onlarda sadə
bir həqiqət, bir insanın vicdan və ləyaqətlə
xalqına xidmətinin ifadəsi var.
İsfəndiyar
müəllim ulu öndər Heydər Əliyevin "Mən
Yer üzündə müəllimdən yüksək ad
tanımıram" sözlərini tez-tez xatırlayır.
Deyir ki, bu sözlər əslində dəyərli kəlamdır,
müəllimlərin üzərinə çox böyük məsuliyyət
yükü qoyur. Odur ki, İsfəndiyar Əliyevin özü
də həmin kəlamla verilən etimadı daim
doğrultmağa çalışır.
Təcrübəli
pedaqoq İsfəndiyar Əliyev onu da deyir ki, bu gün
bütöv şəxsiyyət probleminin müsbət həlli
məktəbdən, tədris sistemindən çox
asılıdır. Məqsəd uşaqların
aldığı biliklərin dərinləşdirilməsi
ilə bərabər, həm də onların
dünyagörüşünü, mənəvi zənginliyini
artırmaqdır. Müəllimlər şagirdlərə həm
də Vətəni sevməyi, xalqa sədaqəti,
qanunların aliliyinə hörmət bəsləməyi, saf mənəviyyatla
yaşamağı öyrətməlidirlər. Uşaqlar təkcə
özlərini deyil, ətrafındakıları
düşünməyi bacarmalı, insanlar üçün
yaşamağı da bəri başdan öyrənməlidirlər.
Qabaqcıl
müəllimin tədris etdiyi fənnin bir sıra özəllikləri
var. Belə ki, bu fənn təkcə bir sahədə bilik verməklə
kifayətlənmir. Həm də şagirdlərdə müəyyən
vərdişlər yaratmağa xidmət edir. Ən
başlıcası isə torpaq, yurd sevgisi aşılayır,
mərdlik, mübarizlik, hünər öyrədir. İsfəndiyar
müəllim bu fənni tədris etdiyi vaxtlardan həmin şərtlərə
önəm verir və bildiklərini uşaqlara həvəslə
öyrədir. Mayor rütbəsində ehtiyatda olan zabit
İsfəndiyar Əliyev yetirmələrinə anladır ki,
mərdlik insanın mənəvi gücünü və
möhkəmliyini ifadə edən davranış əlamətidir,
qorxuya nifrətdir. İnsan hara gedirsə-getsin, nə kimi
rütbələrə, vəzifələrə
qalxırsa-qalxsın, dəxli yoxdur, doğma yurda məhəbbət
onun xəyalından bir an belə silinmir. Xüsusilə
müharibə şəraitində olan bir ölkədə
ordu quruculuğu, gənclərin hərbi vətənpərvərlik
ruhunda tərbiyəsi, onların hərbi xidmətə
hazırlanması mühüm məsələlərdəndir.
Ehtiyatda olan zabit ixtisas dərslərində yetirmələrinin
Azərbaycan Silahlı Qüvvələri haqqında dolğun
şəkildə məlumatlandırılmasına, onların
zəruri hərbi nizamnamə qaydalarını mənimsəmələrinə,
ordu həyatı ilə tanışlıqlarına, habelə
gənclərin fiziki və psixoloji cəhətdən hərbi
xidmətə hazırlanmalarına xüsusi diqqət yetirir,
onlar arasında ölkənin hərbi məktəblərində
təhsil almaq istəyənlərin, yəni namizədlərin
seçilməsində güclü peşə təmayüllü
iş aparır. Yeniyetmələrə görkəmli sərkərdələrin,
milli qəhrəmanlarımızın döyüş yolu
haqqında söhbətlər edir, müxtəlif filmlərə
baxış keçirir. Yurdsevərliyin, vətənpərvərliyin
kökləri çox qədimdir. Vətənpərvərlik
millətin tarixinə, mədəniyyətinə dərin
hörmətdə, milli ənənələrə əməl
olunmasında, torpağın, onun sərvətlərinin
göz bəbəyi kimi qorunmasında təzahür edir.
Hazırda İsfəndiyar müəllimin onlarla yetirmələri
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində
hərbi bilik və bacarıqlarını nümayiş etdirərək
nümunəvi xidmət göstərirlər.
129
nömrəli məktəbin direktoru Samir Mehdizadə deyilənləri
belə təsdiqləyir:
- Məktəbimizdə
müasir dövrün tələblərinə uyğun gənclərin
çağırışaqədərki
hazırlığı kabinetinin yaradılmasında İsfəndiyar
müəllimin böyük əməyi olub. Bura 2005-ci ildən
Nizami və Nərimanov rayonları arasında baza kabineti kimi fəaliyyət
göstərir. Vaxtaşırı tədris vəsaitləri
yeniləşdirilir və təkmilləşdirilir, müxtəlif
ədəbiyyatlarla zənginləşdirilir. Fənnin tədrisində
Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunan
plakat və kitabçalardan geniş istifadə olunur.
Bütün bunlara görə də rayon hərbi rəhbərlərinin
seminar-məşğələləri məhz bu kabinetdə
keçirilir. İsfəndiyar Əliyevin özü
haqqında onu deyə bilərəm ki, o, tədris prosesinə
bir sıra yeniliklər gətirdiyi üçün novator hərbi
hazırlıq müəllimi kimi tanınıb. Buna İsfəndiyar
müəllimin əməksevərliyi, peşəsinə
vurğunluğu, işə yaradıcı yanaşması
imkan verib.
Bir
neçə kəlmə də 129 nömrəli məktəb
haqqında. Bura, pedaqoji kollektivin intellektual səviyyəsi ilə
seçilən bir məktəbdir. Təhsil ocağında dərslərin
keyfiyyətli və səmərəli keçirilməsinə,
informasiya-kommunikasiya texnologiyalarından istifadəyə
geniş yer verilir.
Məktəb
2012-2013-cü tədris ilində "İlin ən
yaxşı ümumtəhsil müəssisəsi"
müsabiqəsində iştirak etmişdir. Müsabiqə
çərçivəsində Təhsil Nazirliyində məktəbin
təqdimatı keçirilmiş, IX və XI sinif şagirdləri
test imtahanlarında iştirak etmişlər. Ötən ilin
göstəricilərinə görə təhsil
ocağının məzunlarının ali məktəblərə
qəbulu 70,91 faiz olmuşdur.
Məktəbdə
peşəsinin, tədris etdiyi fənnin bilicisi olan müəllimlər
çoxdur. Elə İsfəndiyar Əliyevin təcrübəsindən
digər məktəblərdəki həmkarlarının da
istifadə etməsi buna aydın misaldır.
İsfəndiyar
Əliyevin iş təcrübəsi neçə illərdir
ki, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
(SHXÇDX) Bakı şəhəri Nizami Rayon İdarəsi
tərəfindən bəyənilmiş və yüksək
qiymətləndirilmişdir. Ona təşəkkür məktubları
göndərilmiş, fəxri fərmanlar verilmişdir.
İsfəndiyar müəllim eləcə də 2009-cu ildə
Bakı Şəhər Təhsil İdarəsinin "Pedaqoji
sahədə səmərəli fəaliyyətinə və gənc
nəslin təlim-tərbiyəsində qazandığı
nailiyyətlərə görə" fəxri fərmanını
almışdır. 2010-cu ildə isə tədrisdə mütərəqqi
prinsiplik, yeniliklərin tətbiqinə, səmərəli
işinə görə Təhsil Nazirliyi onu "Azərbaycan
Respublikasının qabaqcıl təhsil işçisi"
döş nişanına layiq görmüşdür.
Gənclərin
Çağırışaqədərki
hazırlığı rəhbəri İsfəndiyar Əliyev
pedaqoji sahədəki səmərəli fəaliyyətinə
və Vətənini, torpağını sevən, doğma
yurdunun müdafiəsinə daim hazır olan gənclər
yetişdirdiyinə görə sonrakı illərdə də
dəfələrlə fəxri fərmanlar alıb. Bunlardan
biri məktəbin "Şahinlər" hərbi-idman
oyunları komandasının təşkili və oyunda
uğurla iştirak etməsi münasibətilə bu ilin mart
ayında verilib. Aprel ayında isə İsfəndiyar müəllim SHXÇDX-nin təşəkkürnaməsini
alıb.
Təcrübəli
təhsil işçisi "Gənclərin
Çağırışaqədərki hazırlıq" dərsliyi
proqramının tərtib edilməsində komissiyanın tərkibində
iştirak edib. 2011-2012-ci illərdə isə dərsliyin qiymətləndirmə
şurasının ekspert komissiyasının üzvü olub.
Yaxşı
müəllim olmaq çətindir. Ona görə ki, gərək
peşənin vurğunu olasan, uşaqları ürəkdən
sevəsən və tədris etdiyin fənni dərindən biləsən.
Deyirlər ki, hər bir insanın dəyəri onun niyyətindən,
arzularından bəlli olur. Məslək, əqidə,
mübarizə və əxlaq dərslərində ilk növbədə
şagirdlərinə cəsarət və qətiyyət
aşılayan İsfəndiyar Əliyevin bu illər ərzində
əsas amalı Vətən yükünü çəkə
bilən ləyaqətli gənclər yetişdirməkdir.
İradə ƏLİYEVA,
Azərbaycan.-2014.- 24 may.- S.6.