Naxçıvanda II Beynəlxalq Rəsm Festivalı başa çatdı

 

Naxçıvan şəhərində Naxçıvan MR Rəssamlar Birliyinin təşkilatçılığı ilə “Naxçıvan - bəşəriyyətin beşiyi” adlı II Beynəlxalq Rəsm Festivalı bu gün başa çatdı. Birliyin sədri, Azərbaycanın əməkdar rəssamı Ülviyyə Həmzəyeva festivalın  Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr edilmiş tədbirlər planı çərçivəsində Ali Məclis tərəfindən keçirildiyini bildirib. Onu da qeyd edək ki, əgər 2012-ci ildə keçirilən  birinci festivalda 4 ölkədən 20-yə yaxın rəssam iştirak edirdisə, bu dəfə Azərbaycan, Türkiyə, İran, İtaliya, Rusiya, Qazaxıstan, Gürcüstan olmaqla 7 ölkədən, eləcə də muxtar respublikanın istedadlı fırça ustaları ilə birlikdə 36 rəssam iştirak etmişdir.

 Festivalda iştirak edən fırça ustaları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər Əliyev Muzeyi ilə tanış olmuşlar. Naxçıvan Dövlət Xalça, Dövlət Tarix və Açıq Səma Altındakı muzeylər və digər tarixi abidələrlə tanışlıq qonaqlarda bu torpağın qədimliyi və gözəlliyi ilə bağlı zəngin təəssürat yaratmışdır.

Festivalın ən maraqlı hissəsi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində bütün rəssamların iştirakı ilə keçirilən yaradıcılıq tədbiri oldu.  Belə ki, hər bir rəssam Azərbaycanın ən qədim guşələrindən sayılan  Naxçıvanı kətan üzərində əks etdirməyə çalışdı.  Kompleksdə hər bir rəssam üçün ayrıca molbert, ağ kətandan hazırlanmış tablolar qoyulmuşdu, boyalar, fırçalar düzülmüşdü. Muxtar respublikanın zəngin təbiəti, heyrətamiz rəngləri, bənzərsiz mənzərələrini

7 ölkənin fırça ustaları kətana köçürdülər.

Türkiyəli xanım rəssam Nilufer İnaltonqun çəkdiyi “Haçadağ mənzərəsi” Haçadağın boynuna atılan çiçək çələnginə bənzəyirdi. Gürcü rəssamlarından Tamara Lamparadze, Georgi Barataşvili, Gia Markozaşvili fərqli və maraqlı tablolar yaratdılar. Nuh peyğəmbərin məzarı üzərində ucaldımış türbəyə heyran qalan rusiyalı rəssam Yuliya Suxovetskaya dedi: “Gördüklərimdən o qədər təsirlənmişəm ki, buraya bir daha gəlməyi düşünürəm. Nuh peyğəmbərin yenidən həyat verdiyi bəşəriyyətin ilk məskəni olan Naxçıvanın insanları da mənə elə gəlir ki, məhz buna görə istedadlı, yaradıcı, qurucudurlar”.

İranlı rəssam Səyyid Əyyaminin çəkdiyi Naxçıvanqaladakı Muzey Kompleksinin  bədii foto qədər reallığa yaxın olması hamını valeh etdi. Azərbaycanın istedadlı rəssamları Nəvai Mətin, Mirteymur Məmmədov, İrina Eldarova, yerli rəssamlardan Məmmədəli Ələkbərov, Sabir Məmmədov, Cavid İsmayılov, Tural Həsənli, Bəhruz Quliyev və digərləri öz rəsmləriylə festivala əlavə zinət verdilər.

Festivalın sonuncu günü mayın 23-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda çəkilmiş əsərlərdən ibarət sərgi keçirildi və festival iştirakçılarına xatirə hədiyyələri təqdim olundu.

Festival Naxçıvan Dövlət Universitetində gənc rəssamların əsərlərindən ibarət sərgiyə baxışla sona çatdı.

 

Elxan MƏMMƏDOV,

Azərbaycan.-2014.- 24 may.- S.7.