Tam müstəqil siyasət
yürüdən ölkə
Prezident İlham Əliyev Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.
Prezident İlham Əliyev bəyan edib ki, bizim qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Bəzən ölkəmiz dünya iqtisadiyyatında yeni təmayülləri hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. Məsələn, Azərbaycan resursla zəngin olan ölkələr sırasında enerji səmərəliyi sahəsində ən yüksək nailiyyət qazanmış və Şərqi Avropada "yaşıl iqtisadiyyat"ın tədqiqini aparan ilk ölkə olmuşdur.
Azərbaycanın neftlə yanaşı böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının daha böyük həcmdə dünya bazarlarına çıxarılması ölkəmizin iqtisadi potensialını gücləndirməklə qarşıda yeni perspektivlərə yol açır.
Prezident İlham Əliyev ötən 10 illik fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmiş, onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir. Ötən müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı", habelə 14 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi Azərbaycanın qeyri-neft sektorunda mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Bu və digər inkişaf proqramları nəticəsində paytaxtla yanaşı, bölgələrin də siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yeni iş yerlərinin açılması üçün sistemli addımlar atılmışdır. Regionların yüksəlişinə xidmət edən kompleks tədbirlərin davamlı səciyyə daşıması isə tamamilə təbiidir: inkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlığın, tarixi məşğulluq ənənələrinin saxlanılması vacib şərtlərdəndir.
Regional inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyev respublikanın bölgələrinin sosial-iqtisadi inkişafında davamlığın təmin edilməsi məqsədilə 27 fevral 2014-cü il tarixində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında fərman imzaladı. "Biz populizmdən uzağıq. Qeyri-real vədləri heç vaxt vermirik. Ancaq nəyi deyiriksə, ona da əməl edirik. İki proqramın icrası bunu bir daha təsdiq edir" deyən Prezident İlham Əliyev üçüncü dövlət proqramının da uğurla icra edilməsi üçün bütün iqtisadi potensialın olduğunu bildirib. Fərmanda da qeyd olunur ki, ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək.
Prezident İlham Əliyevin ötən 10 illik fəaliyyətinin təhlili göstərir ki, bu müddətdə iqtisadi inkişaf strategiyası uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir. Əldə olunan uğurların beynəlxalq təşkilatların hesabatlarında əksini tapması bu siyasətə alternativin olmadığını bir daha sübuta yetirir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "The Business Year" nəşrinin təqdimat mərasimində bildirib: "Bu gün dünyanın müxtəlif ölkələrində, nüfuzlu beynəlxalq qurumlarda, ayrı-ayrı mötəbər tədbirlərdə inkişafın Azərbaycan modeli, Azərbaycan fenomeni haqqında çox danışılır. Bu fenomen nədən ibarətdir və Azərbaycan belə yüksək göstəriciyə necə nail oldu? Hesab edirəm ki, bunun əsasında ümummilli lider Heydər Əliyevin formalaşdırdığı ideya-siyasi xəttin, inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən zənginləşdirilərək, müasir dövrün reallıqları, inkişaf meyilləri nəzərə alınmaqla, konseptual şəkildə, konkret proqramlar əsasında uğurla davam etdirilməsi amili durur. Cənab İlham Əliyevin 10 illik prezidentliyi dövründə Azərbaycanın identikliyi, özünəməxsus cəhətləri sürətlə inkişaf etdirildi və bütün dünyaya təqdim olundu".
Prezident İlham Əliyevin 13 iyul 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılmışdır. Agentlik "ASAN xidmət" mərkəzlərini yaratmaqla onların vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərinə cəlb edilən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanı kimi fəaliyyət göstərir. İdeyanın maraqlı cəhətlərindən biri odur ki, həmin xidmətlər şərti müəyyən edilmiş "bir qapı" prinsipi üzrə təqdim edilir. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana bilir. Adından göründüyü kimi, yeni mərkəzlər insanların, eləcə də sahibkarların işini asanlaşdırır, onların neqativ hallarla üzləşməsinin qarşısını alır. Bu yenilik, ölkə başçısının da qeyd etdiyi kimi, bütün dünyada "Azərbaycan milli brendi" kimi qəbul olunur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "The Business Year" nəşrinin təqdimat mərasimində çıxışı zamanı Azərbaycanın inkişaf dinamikasından bəhs edib və əsas istiqamətləri göstərib. Əli Həsənov bildirib: "Azərbaycan həm də dünyaya səs salan şirkətləri, brendləri ilə tanınmışdır. Bu gün Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq yatırım edən, Avropanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemində, ciddi rəqabət şəraitində özünə mövqe qazanmış SOCAR dünyanın bp, "Statoyl", "Şevron" və digər transmilli enerji nəhəngləri ilə bir sırada dayanır. Yaxud "ASAN xidmət" məhz Azərbaycan brendi kimi dünyada ad çıxarmış, bir sıra ölkələrdə bu mütərəqqi təcrübənin tətbiq edilməsi müzakirə mövzusuna çevrilmişdir. Eləcə də "The Business Year" tərəfindən fəaliyyəti qiymətləndirilən və rəhbərləri bugünkü tədbirə qatılmış çoxsaylı şirkətlərimiz dünyanın nüfuzlu biznes dairələrində öz adları ilə, eyni zamanda Azərbaycanın brendi kimi tanınır, ölkəmizi layiqincə təmsil edirlər. Deməli, Azərbaycan həm özünün inkişaf nümunəsi, həm də brendləri ilə dünyada tanınan bir ölkəyə çevrilmişdir".
Ümumilikdə 2003-cü ildən bəri qəbul edilən fundamental qərarlar, imzalanan sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə söykəndiyini, reallığa uyğun olduğunu deməyə ciddi əsaslar verir. Bu mərhələnin statistikası keçilən yolun möhtəşəmliyini, Azərbaycanı müasir dövlətə çevrilməsinə xidmət edən siyasətin səmərəliliyini bir daha təsdiqləyir.
Ümumilikdə ötən 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olmuş, ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış, orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir. Son 10 ildə strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artmışdır.
Azərbaycan iqtisadiyyatı, "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatına əsasən, rəqabət qabiliyyəti səviyyəsinə görə 39-cu, MDB-də 1-ci olmuş, ölkəmiz ilk dəfə dünyanın "yuxarı orta gəlirli" və "yüksək insan inkişaflı" ölkələr qrupuna daxil olmuşdur. Nüfuzlu reytinq agentliklərinin hamısı Azərbaycana investisiya kredit reytinqi vermiş və Azərbaycan Qafqaz ölkələri arasında investisiya reytinqinə malik yeganə ölkə olmuşdur.
Prezident İlham Əliyev Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaq üçün mühüm addımlar atır. Ölkə başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə, ixracyönümlü iqtisadiyyata transformasiya və insan inkişafı konsepsiyası əsas götürülməklə sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsiplərini özündə əks etdirən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası təsdiq edildi. Bu konsepsiya Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir. Hazırda konsepsiyada müəyyən edilmiş hədəflərin reallaşdırılması ilə bağlı ardıcıl və zəruri tədbirlər həyata keçirilir ki, bu da növbəti illərdə ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşmasını təmin edəcək.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "The Business Year" nəşrinin təqdimat mərasimində bildirib: "Azərbaycan öz təcrübəsi ilə bütün dünyaya göstərmişdir ki, ərazisinin 20 faizi işğal edilmiş, bir milyondan artıq qaçqın və məcburi köçkün vətəndaşı olan kiçik bir dövlət belə ağıllı, düşünülmüş iqtisadi siyasət nəticəsində dünya nəhənglərinin iqtisadi tənəzzüldən əziyyət çəkdiyi bir dövrdə qibtə olunacaq inkişaf və tərəqqiyə imza ata bilər".
Azərbaycanın Cənubi Qafqaz regionunda lider mövqeyini qoruyub saxlaması və davamlı inkişaf etməsi ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da artırmışdır. Əldə olunan nəticələr deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin uğurla yürütdüyü iqtisadi siyasət nəticəsində respublikamız ən qısa zamanda inkişaf etmiş ölkələrin səviyyəsinə yüksələcək.
Elnur HACALIYEV,
Azərbaycan.-2014.- 25 may.- S.1.