Antiazərbaycançı qüvvələrə xəbərdarlıq

 

Akademik Ramiz Mehdiyevin ABŞ səfirinə cavabı,

 əslində, bütün məkrli qüvvələrə tutarlı cavabdır

 

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın Azərbaycanla bağlı səsləndirdiyi bir sıra fikirlər ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Çünki səsləndirilənlər Azərbaycan reallığını əks etdirməyən, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətlərinin mahiyyətinə uyğun olmayan qərəzli və manipulyasiya xarakterli ifadələrdir. Bütün hallarda Azərbaycan öz inkişaf yolunda irəliləyir və bu kimi təsir vasitələrinin neqativ cəhdləri heç bir nəticə verməyəcək. Həmçinin bu cür manipulyasiyalarla ölkəmizdə ictimai rəyə neqativ təsir etmək mümkün deyil.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev müsahibəsində səfirin ölkəmizlə bağlı söylədiyi fikirlərə cavab verən şəxslərə minnətdarlıq edib: "Mən səfir Morninqstarın mövqeyi ilə bağlı öz münasibətini açıqlayan hər kəsə minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim insanların həqiqi vətəndaş mövqeyidir".

Akademik Ramiz  Mehdiyev qeyd edib ki, Riçard Morninqstar, ABŞ səfiri kimi, olduğu ölkənin suverenliyinə hörmətlə yanaşmağa borcludur. Akademik həmçinin səfiri Azərbaycana görə narahat olmamağa çağırıb: "Qoy, Morninqstar bizə görə narahat olmasın. Azərbaycanın inkişafının hazırkı səviyyəsi, iqtisadiyyatın artımı və dövlətçilik institutlarının möhkəmləndirilməsi bizə xalqın dəstəyinə arxalanaraq ölkənin müstəqilliyini qorumağa imkan verir. Ölkələrin müstəqilliklərinə həmişə dünyanı təkbaşına idarə edənlərdən təhlükə gəlib. Bu gün isə vəziyyət fərqlidir".

Prezident Administrasiyası rəhbərinin ABŞ səfiri ilə bağlı söylədiyi fikirlər ölkə ictimaiyyəti, siyasətçilər və politoloqlar tərəfindən birmənalı qarşılanıb.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev qəzetimizə açıqlamasında bildirib ki, akademik Ramiz Mehdiyevin müsahibəsində ABŞ səfirinin ölkəmizlə bağlı bir diplomata yaraşmayan fikirlərinə verdiyi cavab bütün Azərbaycan xalqının istəyinə uyğun oldu: "Ramiz Mehdiyev bütün Azərbaycan vətəndaşlarının fikrini ifadə edərək deyib ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət yürüdür və dünyanın heç bir dövləti Azərbaycanın daxili işinə qarışa bilməz. Heç bir dövlət Azərbaycana böyüklük etmək fikrinə düşə bilməz və ölkəmiz bu iddianı qəbul etmir". Akademik Ramiz Mehdiyevin dediyi kimi, Azərbaycana qarşı ikili standartların olduğunu Azərbaycan xalqı dərk edir, görürbu standartlara qarşıdır. Azərbaycan xalqı, dövləti imkan verməz ki, kimsə onunla hədə ilə danışsın və hər hansı bir şəkildə hökuməti şantaj etsin: "ABŞ səfirinin özünün ermənipərəst fikirləri olsa da, bu, onun şəxsi arxivində qalmalıdır. Əgər Amerika kimi bir dövlətin Azərbaycanda xarici siyasətini təmsil edirsə, heç olmasa, öz ölkəsinin müvafiq nazirliyi ilə fikirlərini razılaşdırmalıdır".

Musa Quliyev hesab edir ki, Ramiz Mehdiyevin səfirin fikirlərinə cavabı bütövlükdə Azərbaycana qarşı hər hansı bir qeyri-səmimi, qeyri-qanuni fikirdə olan digər şəxslərə də mesajdır. Azərbaycan marionet dövlət deyil ki, onunla istənilən şəxs istənilən formada davransın. Bu gün Azərbaycan dünyada söz sahibidir: "Hesab edirəm ki, akademik Ramiz Mehdiyevin cavabı hər kəsin ürəyindən xəbər verdi və artıq ABŞ-dakı müəyyən dairələr bunu dərk etməkdədirlər".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə də hesab edir ki,  Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müsahibəsindəki fikirlər Azərbaycanla bağlı hər hansı başqa bir fikirdə olanlara ciddi mesaj oldu: "Hörmətli akademik  ABŞ səfirinə lazımi formada cavab verərək Azərbaycan dövlətinin apardığı siyasəti, qurduğu münasibətləri, istənilən dövlətlə mövcud olan əlaqələri bir daha xatırladıb. Ramiz Mehdiyev qeyd edib ki, Azərbaycanın xarici siyasəti ətraf ölkələrlə sülhqonşuluq münasibətlərinə əsaslanır".

Deputatın sözlərinə görə, Prezident Administrasiyasının rəhbəri səfirin Azərbaycanda söz azadlığı və sərbəst toplaşmaq sahəsində ciddi problemlərinin olduğuna dair iddiasına tam dolğun münasibət bildirib. Akademikin ABŞ-ın özündə söz azadlığı və insan haqları ilə bağlı hər şeyin qaydasında olub-olmadığı barədə sualı maraq doğurmaya bilməz: "Cənab Ramiz Mehdiyev ABŞ əsgərlərinin Quantanamo həbsxanasındakı əməllərini bir daha səfirə xatırladıb. Həqiqətən, bütün dünya amerikalı əsgərlərin Quantanamo və ABŞ-ın digər Avropa şəhərlərindəki gizli həbsxanalarında müsəlman əsirlərə necə əziyyət verməsini izləyib. Məlum olub ki, həbs olunanların çoxunun cinayət və terrorizmə aidiyyəti yoxdur, onları Amerika xüsusi xidmət orqanlarının anlaşılmaz fərziyyələrinə görə saxlayıblar. İnsanlar qandallanaraq uzun illər boyu ən dəhşətli şərtlər altında saxlanılıblar. Dünyaya demokratiya dərsi keçmək istəyən dövlətdə baş verən hadisələri hər kəs görüb". Deputatın fikrincə, akademik Ramiz Mehdiyev ABŞ-da beynəlxalq hüquq normalarının pozulduğunu da faktlarla sübut edib. Akademik xatırladaraq ABŞ-ın nəinki ayrı-ayrı şəxslərə, eləcə də bütöv dövlətlərə qarşı beynəlxalq hüquq normalarını pozduğunubuna ən parlaq nümunə kimi Avropa liderlərinin telefon danışıqlarının dinlənilməsi məsələsini göstərib. ABŞ insan haqları sahəsində bu qədər çoxsaylı kobud qanun pozuntularına yol verdiyi halda nədən başqalarına demokratiya dərsi verməyə çalışır?!

Deputat sonda vurğulayıb ki, akademik Ramiz Mehdiyevin fikirləri antiazərbaycançı qüvvələrə xəbərdarlıq kimi qiymətləndirilməlidir.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 25 may.- S.4.