Şəhərsalmada memarlıq elementlərindən
düzgün istifadə olunmalıdır
Şəhərlərimiz getdikcə daha da gözəlləşir, kəndlərimiz abadlaşır, sakinlərinin rahatlığı artır. Yeraltı və yerüstü nəqliyyat vasitələrinin sayı çoxalır. Ölkədə gedən tikinti işlərinin dinamikası, sürəti və miqyası hamını heyran edir.
Şəhər dinamikasının düzgün qiymətləndirilməsi, qanunauyğun inkişafı dövlət tərəfindən dəstəklənir. Yeni şəhərsalma doktrinasının sovetlər birliyinin şəhərsalma siyasətinin fundamental araşdırmalarına əsaslanmadan tərtib edilməsi mümkün deyil. Bu baxımdan Sumqayıt şəhərini sovet şəhərsalma siyasətinin nümunəsi kimi göstərmək olar.
Bakı, Gəncə, Naxçıvan, Sumqayıt və başqa şəhərlərimizin baş planları ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hələ ötən əsrin 70-ci illərində layihə institutları tərəfindən tərtib edilmişdi. Bu layihələrdə şəhərlərin ərazilərinin inkişafının ümumi məkan konsepsiyası, ərazilərin tikintisi və abadlaşdırılması, baş planların texniki-iqtisadi göstəricilərinin əsaslandırılmaları öz əksini tapmışdır.
Prezident İlham Əliyev hələ 2004-cü ilin aprel ayında demişdir ki, şəhər və digər yaşayış məntəqələrində yararsız və tarixi dəyəri olmayan tikililər sökülərək yerinə milli memarlıq üslubunda, şəhərsalma qaydalarına uyğun bina və başqa tikililər inşa olunmalıdır. Bununla bağlı həmin ərazilərin müfəssəl planlaşdırma layihələri hazırlanmalı, ərazilərdə aparılan abadlıq və yaşıllaşdırma işləri həll olunmalıdır. Binaların hansı hündürlükdə tikilməsinə diqqət yetirilməlidir. Şəhərlərin və digər yaşayış məntəqələrinin konseptual planlarının hazırlanmasının onların sürətli inkişafına təsiri də qeyd olunmuşdur.
Bazar iqtisadiyyatı şəraitində dövlətin şəhərsalma siyasəti o vaxt idarə oluna bilər ki, hüquqi əsaslarla tərtib olunmuş şəhərsalma sənədlərinin icrası təmin edilsin. Bu baxımdan şəhər ərazilərinin torpaq sahələrindən səmərəli istifadə olunması vacibdir. Şəhərsalma sahəsində içtimaiyyətin, dövlətin, hüquqi və fiziki şəxslərin maraqları şəhərsalma qayda və normalarının, sənədlərinin, başqa qanunverici aktların və onların icrasına nəzarətin yerinə yetirilməsi vasitəsilə təmin olunmalıdır. Ölkə rəhbəri demişdir: "Bakının gələcək tikintisi düşünülmüş, təsdiq edilmiş baş plan əsasında aparılmalıdır". Bu, təkcə Bakı şəhəri üçün yox, bütün şəhərlərimizə və digər yaşayış məntəqələrimizə də aiddir.
Son 10 il ərzində bir çox yaşayış məntəqələrində yararsız və tarixi dəyəri olmayan binalar sökülərək yerində yeni, milli koloritə uyğun, klassik memarlıq elementlərindən istifadə olunan bina və qurğular inşa edilmişdir. Dövlətin apardığı şəhərsalma siyasətinin əsas prioritetlərindən biri də yollar, körpülər, yol ötürücülərinin yeni sistemini yaratmaqdır. Bu sahədə ictimai nəqliyyat və bunun tərkibində metro tikintisi önəmli yer tutur.
Dünyanın nufuzlu qəzetlərdən biri Bakı haqqında belə yazmışdır: "Sürətlə inkişaf edən Azərbaycanın paytaxtı Bakıda "Alov Qüllələri" adlı binalar kompleksi tikilməkdədir. Bununla yanaşı, şəhərdə kosmosdan da görünən ultramüasir hotellər inşa olunur."
Həqiqətən də Bakı son illərdə çox gözəlləşmişdir: Fəvvarələr meydanı, Dənizkənarı Bulvar - Milli Park yenidən qurulmuşdur. Burada öz memarlıq həllini tapmış və ətraf mühitlə vəhdət təşkil edən Biznes Mərkəzi, Park-Bulvar, Muğam Mərkəzi, Xalça Muzeyi, Büllur Saray İdman-Konsert Kompleksi inşa edilmişdir. Əzəmətli Bayraq Meydanı şəhərsalma baxımından çox əlverişli məkanda ucaldılmış və dinamik silueti ilə bu böyük memarlıq məkanının simvoluna çevrilmişdir. Heydər Əliyev prospektinin yenidən qurulması onu şəhərin ən gözəl guşələrindən birinə çevirmiş, dünya memarlıq inciləri sırasında özünə dəyərli yer tapmış Heydər Əliyev Mərkəzi istifadəyə verilmişdir.
Bu istiqamətdə aparılan siyasət Bakı ilə yanaşı, bütün regionlarda öz əksini tapmışdır.
Memarlıq və şəhərsalma sahəsində beynəlxalq ekspertlərdən ibarət müsabiqənin münsiflər heyəti "Bakı Ağ Şəhər" layihəsini ən yaxşı şəhərsalma layihəsi elan edib. Bu layihənin tərtib olunması Prezident İlham Əliyevin 2006-2010-cu illərdə "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"nın təsdiq edilməsi haqqında fərmanının icrası çərçivəsində həyata keçirilmişdir.
Müasir şəraitdə şəhərlərin baş planlarının dəqiqləşdirilməsi və yenidən tərtib edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan şəhərsalma sahəsində ekoloji infrastrukturların yaradılması öz yerini tutmalıdır. Ətraf mühitin çirklənməsi ilə mübarizə ekoloji infrastruktur yaradılmadan səmərəli ola bilməz. Bu, şəhərlərin mədəni və təbii landşaftlarını özündə birləşdirən yeni binaları, yol-nəqliyyat, sənaye və park komplekslərini, təbii yaşıllıq massivlərini, süni və təbii su hövzələrini nəzərdə tutur.
Azərbaycan dövlətinin apardığı yeni şəhərsalma siyasəti bu istiqamətdə irəliləyir və inkişaf edir. 2011-ci il dekabrın 21-də "Bakı Ağ Şəhər" layihəsinin təməlqoyma mərasimində Prezident İlham Əliyev demişdir: "Şəhər içində şəhər yaradacağıq".
"Ağ Şəhər" layihəsi bundan sonra icra edilməyə başlandı. Bu, ölkəmiz, şəhərimiz üçün əlamətdar hadisədir. Bu şəhərin adı da gözəldir, memarlığı, quruluşu da. Onun məhz Bakıda yaradılması rəmzi məna daşıyır. Çünki "Qara Şəhər" ərazisində "Ağ Şəhər" yaradılır.
"Ağ Şəhər" sahəsi 221 hektar ərazidə salınacaq. Burada bütün şəhərlərdə olduğu kimi inzibati binalar, ticarət və ictimai iaşə mərkəzləri, istirahət parkları, yeni bulvar inşa olunacaq. Bir sözlə, əhalinin rahat hərəkəti və istirahəti üçün bütün şərait yaradılacaq.
Böyük Bakının Regional İnkişaf Planının hazırlanması isə gələcəyə optimist baxışları reallaşdırmaqla raytaxtımızın yaxın zamanda şəhərsalma və memarlıq səviyyəsi baxımından dünyanın ən gözəl şəhərlərindən biri olmasına zəmin yaradır. Təkcə paytaxtda deyil, bütün regionlarda olan şəhər və digər yaşayış məntəqələri də görkəmini dəyişir.
Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarında bölgələrdəki şəhər və yaşayış məntəqələrinin yeni şəhərsalma və memarlıq tələblərinə uyğun yenidən qurulmasına xüsusi diqqət yetirilir. Yeni bina və qurğuların inşa olunması, yolların salınması, park və xiyabanların yenidən qurulması, əhalinin rahat yaşaması və istirahəti üçün bütün tələb olunan infrastrukturun yaradılması tələb olunur. Bunun da nəticəsində regionlarda memarlıq və şəhərsalmanın müasir üslub və əsaslarından istifadə edilərək bu regionların milli koloritinə uyğun yeni tipli yaşayış evləri, məktəblər, uşaq bağçaları, inzibati binalar, muzeylər, xatirə mərkəzləri, idman kompleksləri inşa olunur. Hər yerdə milli memarlıq məktəblərinin element və formaları əsasında gözəl və əzəmətli memarlıq nümunələri yaradılır.
Bu il yanvarın 21-də Gəncədə Heydər Əliyev Mərkəzinin açılışı mərasimində Prezident İlham Əliyev demişdir: "Gəncəyə xas olan xüsusi memarlıq üslubu qorunur, saxlanılır, harada lazımdırsa bərpa edilir, ictimai yerlər salınır. Bu da çox önəmlidir. Mən dəfələrlə demişəm ki, Bakıda və başqa şəhərlərdə ictimai yerlər yaradılmalıdır - parklar, bağçalar, ictimai zonalar ki, insanlar burada asudə vaxtlarını keçirsinlər".
Şəhərsalma strategiyası düzgün qurulmalıdır. Çünki əhali getdikcə artır. Ölkənin inkişafı, sənayenin planlaşdırılması, şəhərsalma strategiyası da buna uyğun aparılmalıdır.
Bunların hamısı onu göstərir ki, Azərbaycanda şəhərsalma fəaliyyətinin yeni hüquqi şəraitinin yeni erası başlanmışdır. Hazırda şəhərsalma prinsiplərindən biri ölkə Prezidentinin dediyi kimi, urbanizasiyanın stimullaşdırılmasıdır. Bununla əlaqədar şəhər yerlərinin üç əsas funksiyası olan iş, yaşayış, istirahət şəhərsalma mütəxəssisləri tərəfindən şəhər orqanizminə səmərəli şəkildə daxil edilməlidir.
Müstəqilliyimizin bərrasından sonrakı ilk illərdə aparılan tikintilər əksər hallarda şəhərsalma qaydalarına cavab vermirdi, onların tikintisində müxtəlif yararsız inşaat materiallarından istifadə olunurdu. Son illər bu sahədə də çox böyük dəyişikliklər baş vermişdir. İndi tikinti-quraşdırma işlərinə başlamazdan əvvəl ərazinin inkişafının ümumi məkan konsepsiyası və torpaqdan istifadənin əsas istiqamətləri müəyyən olunur. Ərazilərin tikintisi, abadlaşdırılması və inkişafı, əhalinin məşğulluğunun tənzimlənməsi, ətraf mühitin və mədəni irs obyektlərinin mühafizəsi nəzərə alınır, yeni müasir tikinti materiallarından istifadə olunur. Bu, şəhərsalma doktrinasının əsasını təşkil edən amillərdən biridir. Dövlət yeni şəhərsalmada aparılan bu siyasəti dəstəkləyir və bunların icrasını tələb edir.
Lakin qeyd edək ki, Bakının mərkəzində müxtəlif memarlıq üslublarında, bəzən şəhərsalma baxımından yersiz olan yeni çoxmərtəbəli binalar sıxlıq yaradıb, küçələri daraldıb. Prezident İlham Əliyev "2010-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr edilmiş konfransda bununla əlaqədar demişdir: "Biz şəhərin mərkəzində bütövlükdə yeni binaların tikintisinə baxmayaraq, bunları çox ciddi şəkildə məhdudlaşdırmalıyıq. Ona görə bu məsələlərə çox ciddi nəzarət olmalıdır və bu işlər planlı şəkildə görülməlidir".
Prezident Bakının inkişafını nəzərə alan təsdiq olunmuş yeni şəhərsalma konsepsiyasının mövcudluğunu bir daha bildirərək ona ciddi əməl olunmasını tələb etmişdir.
Son vaxtlar şəhərlərimizdə yeni yaradılan Heydər Əliyev kompleksləri, bayraq meydanları şəhərsalmada layiqli yerlərini tutmuşlar. Monumental biçimi və dəyərli əzəməti ilə fərqlənən bu komplekslərin memarlıq kompozisiya həlli bunların uzaq məsafədən yaxşı baxılmalarına da hesablanmışdır.
Bununla belə, memarlarımız layihələndirmədə müəyyən səhvlərə də yol verirlər. Belə ki, heç də bütün heykəl kompleksləri üçün yer düzgün seçilmir, heykəllə onun postamenti arasında qeyri-mütənasiblik hiss olunur. Bəzi hallarda heykəlin arxasında yerləşən tikililərin fon rəngi və fakturası onun böyüklüyünü, əzəmətini, ideya-bədii dəyərini azaldır.
Bakıda, eləcə də digər
şəhərlərdə investisiya
yatıran bəzi şirkət sahibləri bir
sıra tikililərin memarlıq məsələlərinin həllində
özlərini söz sahibi
hesab edirlər. Əksər hallarda memara yaradıcı mövqeyi olmayan bir xidmət personalı kimi baxırlar. Memara göstəriş verməyi
adi hal hesab
edirlər ki, bunun da nəticəsində
şəhərlərimizdə memarlıq üslublarına
"porodiya"lar yaranır.
Bakı,
Gəncə, Sumqayıt
və başqa şəhərlərimizdə sovet
dövründə inşa
olunmuş binaların
fasadları əksəriyyət
hallarda klassik üslubda yenidən qurulur. Lakin istifadə edilən klassik elementlərdə heç bir mütənasiblik, miqyas
hiss olunmur. Bu elementlərdən həddən
artıq və harada gəldi istifadə edilir. Bunu Azərbaycan Texniki Universtitetinin sağ və solundakı binaların fasadlarının yenidən
qurulmasında, Hüseyn
Cavid parkının
sol tərəfində inşa
olunan çoxmərtəbəli
binada görmək olar. Ümumiyyətlə, bina fasadlarının
yeni tərtibatı əksər hallarda onların daxili funksional plan-məkan quruluşuna uyğun gəlmir.
Bakı şəhərinin ətrafında
və digər bölgələrdə yol
kənarlarında müxtəlif
memarlıq elementlərindən
istifadə olunan hasarlar ucaldılıb. Bunlar vizual
olaraq bəzi hallarda pis görönmür.
Amma çox təəssüflə
qeyd etmək lazımdır ki, bu hasarlar bəzən
yerləşdiyi ərazilərdə
tunel hissi yaradır, sıxıntı
gətirir.
Yol ətrafının
memarlıq həlli Binəqədi rayonu ərazisində müsbət
həllini tapıb. Burada landşaft
memarlıq forma və
üsullarından mükəmməl
istifadə edilir və bu, yol
boyu göz oxşayır.
Hazırda ölkəmizin 52 şəhər
və 730 digər yaşayış məntəqəsində
tərtib və təsdiq edilmiş layihələr əsasında
tikinti-quraşdırma işləri
icra olunur. Fasadların yenidən
qurulmasında, eləcə
də yeni tikiləcək bina və qurğuların layihələrində şəhərlərin
baş memarları, şəhərsalma şuraları
öz sözünü
deməlidir.
Məmməd
İBRAHİMOV,
əməkdar memar
Azərbaycan.-2014.- 25 may.- S.5.