Qədim Naxçıvanın yeni inkişaf mərhələləri

 

"Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir, bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır".

 

İlham ƏLİYEV

 

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası qədim və zəngin tarixə, mədəniyyətə və dövlətçilik ənənələrinə malikdir. Bu region muxtar respublika elan olunduqdan sonra keçən 90 ildə sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlər qazanmış, özünün siyasi, mədəni zənginliyi ilə seçilmişdir.

1897-ci ildə Rusiyada keçirilmiş əhalinin ilk siyahıyaalınmasına görə indiki Naxçıvan Muxtar Respublikası ərazisinin əksəriyyətini əhatə etmiş Naxçıvan və Şərur-Dərələyəz qəzasında birlikdə 177,3 min nəfər əhali yaşamışdır. Bu rəqəm 1999-cu ildə 354,1 min nəfərə, 2009-cu ilin əvvəlində isə 389 min nəfərə çatmışdır.

Müstəqilliyin bərpasından sonrakı ilk illərdə muxtar respublikada ictimai sahələrin yaranması, sosial-iqtisadi inkişaf ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1995-2008-ci illərdə muxtar respublikada sənayenin inkişafı, tikintinin vüsət alması, əsas fondların müntəzəm olaraq istifadəyə verilməsi və yeniləşməsi diqqəti cəlb etmişdir. Bu, muxtar respublikada əvvəlki bütün illərdə formalaşmış iqtisadi potensiala bərabərdir, hətta ondan dəfələrlə artıqdır. Onu da qeyd edək ki, inkişafın çox hissəsi son beş ilin payına düşür.

Naxçıvan iqtisadi rayonunda 2003-2008-ci illərdə adambaşına düşən gəlirlər 2,8, işləyənə görə hesablanmış orta əməkhaqqı 4, əhalinin şəxsi vəsaiti hesabına mənzil tikintisinin ümumi sahəsi 5,2 dəfə artmış, son 12 ildə istehsal və xidmət üzrə yeni sahələr və müəssisələr yaradılmışdır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramının reallaşdırılması çərçivəsində Naxçıvan iqtisadi rayonunun müsbət mənada fərqli inkişafını qeyd etmək zəruridir. Belə ki, bu proqramın icrasının axırıncı ilində -  2008-ci ildə muxtar respublikada 164 sənaye, tikinti müəssisəsi, sosial obyektlər istifadəyə verilmişdir. Həmin ildə ÜDM 2007-ci ilə nisbətən 35,5 faiz artmış, adambaşına düşən ÜDM həcmi ondan əvvəlki ilə nisbətən 44 faiz çoxalaraq  2057,3 manata çatmışdır. 2008-ci ildə 164452 min manatlıq sənaye məhsulu yaradılmışdır ki, bu da ondan əvvəlki ilə nisbətən 26,7 faiz çoxdur. 29,9 milyon manatlıq məhsul dövlət bölməsində, 135,4 milyon manatlıq məhsul isə xüsusi sahibkarlıq müəssisələrində istehsal edilmişdir. Son illərdə yerli tələbatı ödəyən sənaye sahələri və müəssisələri də inkişaf etməkdədir. Məsələn, keçən il bütün maliyyə mənbələri hesabına 309.598 min manatlıq investisiyalardan istifadə edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 38,9 faiz çoxdur. Həmin müddət ərzində tikinti təşkilatlarının öz maliyyəsi hesabına 251.333,5 min manatlıq tikinti-quraşdırma işləri görülmüşdür.

Muxtar respublikada istehsalın əsas sahələrindən olan kənd təsərrüfatında da nailiyyətlər özünü göstərməkdədir. Belə ki, keçən il dənli və dənli-paxlalı əkin sahələrindən 87,4 min ton taxıl istehsal edilmiş, sahələrin orta məhsuldarlığı 24,8 sentner olmuşdur. Dən üçün qarğıdalı, şəkər çuğunduru, dən üçün günəbaxan, kartof, tərəvəz, bostan məhsulları əvvəlki illərlə müqayisədə xeyli artmış, meyvə, üzüm istehsalı əsaslı surətdə çoxalmış, onların əkin sahələri nəzərəçarpacaq dərəcədə genişləndirilmişdir.  Bu müsbət irəliləyiş indi də ardıcıl davam etdirilir. Daxili tələbatı ödəmək və xaricə məhsul çıxarmaq üçün muxtar respublikada son 15 ildə heyvandarlığın inkişafı, bu sahədə məhsuldarlığın yüksəldilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Mal-qaranın sayı artırılmış və maddi-texniki bazasının möhkəmləndirilməsi ön plana çəkilmişdir. 2008-2015-ci illərdə əhalinin təhlükəsiz və keyfiyyətli ərzaqla təmin edilməsi, idxaldan asılılığın azaldılması və sahibkarlığın inkişaf etdirilməsi məqsədilə 2008-ci il sentyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Dövlət Proqramı qəbul edilmişdir. Bu, 2015-ci ilədək həmin sahədə görüləcək işlərə istiqamət vermişdir.

Muxtar respublikada nəqliyyatın inkişafı da diqqət mərkəzində saxlanılmışdır. 2008-ci ildə 8.702 min ton yük, 52.408 sərnişin daşınmışdır. Avtomobil yollarının uzunluğu 1.473 kilometrə çatmış, 1996-cı ildən başlayaraq Naxçıvan-Təbriz-Naxçıvan dəmiryol xətti işə salınmış, 2004-2008-ci illərdə 348,7 kilometr magistral və 408,7 kilometr yerli yol əsaslı təmir olunmuş, Naxçıvan Beynəlxalq Hava Limanı yenidən qurulmuşdur.

Keçən il 2007-ci ilə nisbətən əhaliyə 24,4 faiz çox istehlak malları satılmış və digər pullu xidmətlər göstərilmişdir. İstehsalın artması, maddi sahədə müəssisə və təşkilatların sürətlə çoxalması, onların səmərəliyinin yüksəldilməsi və digər amillər əhalinin gəlirlərinin artmasına da müsbət təsir göstərmişdir. Muxtar respublikanın iqtisadiyyatında bir işçinin aylıq əməkhaqqı orta hesabla 235,2 manata çatmış, 15 il bundan əvvəllə müqayisədə 10 dəfədən çox artmışdır.

Ümummilli lider Heydər Əliyev demişdir: "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur".

Bazar iqtisadiyyatı şəraitində yeni istehsal sahələrinin yaradılmasının məqsədi əhalinin məşğulluğunun təmin edilməsi, daxili bazarın qorunması, sahibkarlıq üçün stimuldur. 2008-ci ildə ümumi daxili məhsulda özəl bölmənin payı 86 faiz, kənd təsərrüfatında 99,8 faiz, sənayedə 82,3 faiz, nəqliyyatda isə 80,6 faiz olmuşdur. Muxtar respublikada 254 növdə məhsul istehsal olunur, onun 99 növü ərzaq, 155-i isə qeyri-ərzaq növüdür. 2008-ci ildə 6 min 434 yeni yeri açılmışdır ki, bunun da əksəriyyəti daimidir.

Sahibkarlıqda lazımi səviyyədə təşəkkül tapmış və onun inkişafına əsaslı sosial-iqtisadi zəmin və hüquqi mühit yaranmışdır. Belə ki, 1995-ci ildən başlayaraq muxtar respublikada dövlət və kooperativ mülkiyyətinin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi siyasəti sayəsində sahibkarlığın fəaliyyətinin müxtəlif formaları qərarlaşmış və inkişafa başlamışdır: təkcə 2000-2008-ci illərdə 239 yeni istehsal və xidmət sahəsi yaradılmışdır. Yeni yaradılmış müəssisələr 83 növdə və 224 çeşiddə məhsula olan tələbatı ödəyir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan 3.700 nəfər fizikihüquqi şəxsə nəzarət kitabçası və sahibkarlıq sənədi verilmişdir.

Aqrar bölmədə sahibkarları texnika ilə normal təmin etmək məqsədilə "Naxçıvan Aqrolizinq" təşkilatı fəaliyyət göstərir. Son beş ildə sahibkarlara 32.303 manat məbləğində güzəştli kredit verilmiş, bunun 92,2 faizi sənaye, 6,3 faizi kənd təsərrüfatına, qalanı isə xidmət sahələrinə yönəldilmişdir. Bundan başqa, 2008-ci ildə sahibkarlara Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10.108 manat məbləğində kredit ayrılmışdır. Ümumiyyətlə, bu fond vasitəsilə 180 layihə həyata keçirilmişdir.

Prezident İlham Əliyev demişdir: "Biz sahibkarlığı qorumalıyıq, bu mənim mövqeyimdir, mənim siyasətimdir. Hamı bilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti sahibkarları dəstəkləyir, onlara inanır". Hazırda muxtar respublika rəhbərliyinin fəaliyyətinin istiqamətləri sırasında da sahibkarlığın inkişafı başlıca istiqamətlərdən biri kimi dayanır və bu istiqamət sürətlə irəliləyir.

Əlverişli coğrafi əraziyə malik Naxçıvan iqtisadi rayonunda qədimdən mövcud olan gömrük əlaqələri muxtariyyət və xüsusilə müstəqilliyin bərpasından sonrakı illərdə daha da inkişaf etmiş, səmərəli gömrük infrastrukturu formalaşdırılmışdır. Muxtar respublikanın dövlət sərhədində 3 məntəqə yaradılmışdır və onlar bütün gün ərzində öz fəaliyyətini davam etdirir. Keçən il bu məntəqələrdə 50 min ton yük dövriyyəsi həyata keçirilmiş, 31 ölkə ilə ticarət əlaqəsinin yaradılması sayəsində 108,7 milyon ABŞ dolları məbləğində xarici ticarət dövriyyəsi olmuşdur. Bunun da 61,2 faizi idxalın, 38,8 faizi ixracın payına düşür. Muxtar respublikada əhalinin sosial müdafiəsini təmin etmək sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 555 milyon manatadək vəsait ayrılmışdır. Mədəniyyət və turizm sahəsində çox böyük irəliləyişlər olmuşdurbu proses indidavam edir.

Ümumiyyətlə, muxtar respublikada sosial-iqtisadi inkişafın daha yüksək səviyyəsi son 20 ildə baş vermişdir. Son onillikdə isə regionda meyvəçiliyin, tərəvəzçiliyin, ərzaq təhlükəsizliyinin, əhalinin məşğulluğunun inkişafı məsələləri üzrə dövlət proqramları qəbul edilmiş və reallaşdırılmağa başlanılmışdır. Keçən 10 il ərzində iqtisadiyyatın inkişafına 3,7 milyard manat əsaslı vəsait qoyulmuş, eyni zamanda sosial inkişafa da əsaslı vəsait qoyuluşunun hər il müntəzəm olaraq ayrılması xətti davam etdirilmişdir. İqtisadisosial sahələrin inkişafına yönəldilmiş 3,7 milyard manatlıq əsaslı vəsait qoyuluşunun 16,4 faizi dövlət və 53,6 faizi isə qeyri-dövlət əsaslı vəsaitləri olmuşdur. Qeyd edək ki, regionun sosial-iqtisadi inkişafına nail olmaq üçün daxili maliyyə mənbələrindən də vəsaitin artırılması daim muxtar respublika rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Elə bunun nəticəsidir ki, regionda daxili mənbələr hesabına əsas kapitala yönəldilən vəsaitlər ildən-ilə çoxalır və belə vəsaitin məbləği son 10 ildə 15,8 dəfə çoxalmışdır.

İnfrastrukturun yaradılması sahəsində də xeyli görülmüşdür. Belə ki, son on ildə muxtar respublikada beynəlxalq hava limanı, 5 avtovağzal kompleksi istifadəyə verilmiş, 50 körpü, 707 kilometr yeni avtomobil yolları, 7,3 kilometrlik qaz kəməri çəkilmiş, regionun qazla təminatı bütünlüklə başa çatdırılmışdır. Bu müddətdə 4 elektrik stansiyasının tikilib istifadəyə verilməsi sayəsində muxtar respublika elektrik enerjisi idxalçısından elektrik enerjisi ixracatçısına çevrilmişdir. Eyni zamanda, 4 qonaq evi-hotel tikilmiş, bağ, park və yaşıllıqlar salınmışdır. Görülmüş işlər və tədbirlər sayəsində muxtar respublikada turizmin bazası xeyli möhkəmləndirilmiş, bu regiona gələn turistlərin sayı 5,2 dəfə artmışdır.

Bütünlükdə ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da elmin, təhsilin, səhiyyə və mədəniyyətin inkişafı ön planda dayanmışdır. Elə bunun sayəsində də yuxarıda göstərilən qeyri-istehsal sahələri və sferası da sürətlə inkişaf edir. Son on ildə muxtar respublikada elmin inkişafına xərclər 10 dəfədən çox artmış, təhsil xərcləri 5,1 dəfə çoxalmış, 84 ümumitam orta təhsil məktəbi, 11 məktəbəqədər müəssisə tikilib istifadəyə verilmişdir. Regionun bütün məktəbləri kompyuterlə və digər informasiya-kommunikasiya texnologiyaları avadanlığı ilə təmin edilmişdir. Bütünlükdə səhiyyə və onun inkişafına sərf olunan xərclər 5,5 dəfə artmışdır. Bunun nəticəsində diaqnostika-müalicə mərkəzi, 2 bərpa mərkəzi, çoxsaylı xəstəxana və poliklinikalar tikilmiş, həkimlərin sayı 5,8 faiz, bütünlükdə müalicə mərkəzlərinin sayı 1,3 faiz çoxalmışdır.

İdmanın inkişafına da xüsusi diqqət göstərilir. İdman qurğularının sayı 4,2 faiz artmış, bir olimpiya idman korpusu, 2 üzgüçülük mərkəzi, stadion və 7 şahmat məktəbi istifadəyə verilmişdir.

Son on ildə əhalinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 55,1 dəfə artmış, əhalinin gəlirləri 9,5, əmanətləri 17,1 dəfə çoxalmışdır. Yoxsulluq səviyyəsi 35,1 faizdən 4,5 faizə enmişdir. Bu müddətdə ümumi sahəsi 1,5 milyon kvadratmetr olan yeni evlər tikilib istifadəyə verilmiş, əhalinin sayı 433,2 min təşkil etmiş, ömür uzunluğu 4,5 yaş artaraq 75,9 yaşa qalxmışdır.

Muxtar respublikada ötən il hər nəfərə düşən pul gəlirləri 4.027,5 min manatbir işciyə hesablanmış orta aylıq əməkhaqqı 376,6 manat olmuşdur ki, bu da əvvəlki ildəkindən xeyli artıqdır.

Prezident İlham Əliyevin dediyi kimi: "Qədim Naxçıvan bu gün yeniləşir, yenidən qurulur, gözəl binalar, xiyabanlar salınır". Bu sözlər Naxçıvan Respublikasının hər bir sakininin qəlbində qürur doğurur.

 

Asif ŞİRƏLİYEV,

iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2014.- 25 may.- S.6.