Azərbaycan estradasının yaradıcılarından biri

 

Tofiq Əhmədov-90

 

 

Azərbaycanın orta və yaşlı nəsli xalq artisti, musiqi sənətimizin görkəmli nümayəndəsi Tofiq Əhmədovun yaradıcılığını yaxşı xatırlayır. O, gözəl klarnet və saksafon ifaçısı, bacarıqlı dirijor, mahnı və digər ürəyəyatımlı musiqiləri ilə tanınan gözəl bəstəkar, bir sözlə, Azərbaycanda milli estrada musiqisinin yaradıcılarından və onun inkişafına təkan verən incəsənət xadimlərindən biridir. Onun əsərləri vaxtaşırı efirlərdə səslənir və məmnuniyyətlə dinlənilir.

Tofiq Əhmədov XX əsr musiqi tarixində estrada üslubunda öz dəst-xətti, imzası olan tanınmış sənətkarlardandır. Ölkə Prezidenti İlham Əliyevin "Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında" bu il fevralın 17-də imzaladığı sərəncam unudulmaz sənətkarla bağlı yaddaşımızı bir daha təzələdi.

Tofiq Qəzənfər oğlu Əhmədov 1924-cü ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Musiqiyə ecazkar bağlılığı kiçik yaşlarından özünü büruzə verib. Əslində, elə seçəcəyi sənət yolu da əvvəlcədən bəlli olub - bunu təbiətin ona verdiyi yüksək istedadı müəyyənləşdirib.

Tofiq Əhmədov əvvəlcə sənət dünyasına klarnet və saksafon ifaçısı kimi daxil olub. 1941-ci ildə 17 yaşlı gənc görkəmli bəstəkar Tofiq Quliyevin diqqətini cəlb edib. Bu vaxt o, bəstəkarın rəhbərlik etdiyi estrada simfonik orkestrində çalışırdı. 1942-ci ildə isə Tofiq Quliyevin dəvəti ilə Xəzər Donanması Estrada Ansamblına gəlir. Bir neçə il bu kollektivdə işləyir.

Tofiq Əhmədov getdikcə musiqi dünyasının daha dərin sirlərinə yiyələnmək arzusu ilə yaşayır. Odur ki, mükəmməl musiqi təhsili almağı qərarlaşdırır. Azərbaycan Dövlət Konservatoriyasının Nəfəsli alətlər şöbəsinin klarnet sinfinə daxil olur və 1952-ci ildə oranı bitirir.

Növbəti ildən isə musiqiçinin həyat və fəaliyyətinin Moskva dövrü başlanır, bu şəhərdə işləyərək öz səriştə və biliyini xeyli artırır. 1953-cü ildən isə o, estrada sahəsində püxtələşmiş bir sənətkar kimi daha geniş fəaliyyətə başlayır. Məşhur truba ifaçısı Edi Roznerin rəhbərlik etdiyi estrada orkestrində çalışır və dörd ilə qədər burada konsertmeysterlik edir.

Ümumiyyətlə, Tofiq Əhmədovun yaradıcılığının əsas dövrü o vaxtlara təsadüf edir ki, sovetlər cazı burjua musiqisi kimi qələmə verirdi. Bu səbəbdən də hakimiyyət orqanları bu musiqini qəbul etmirdi. Təbii ki, belə bir şəraitdə bəstəkar öz sevimli janrında yazıb-yaratmaqda, caz musiqisi sahəsində geniş fəaliyyətlə məşğul olmaqda çox çətinlik çəkirdi.

Azərbaycanda da caza eynilə, bəlkə bundan da tünd münasibət bəslənilirdi. Cazın nisbətən yayılıb sevilməsinə, Vaqif Mustafazadə dövrünə gəlib çatmasına isə hələ vardı. Bu yol Tofiq Əhmədovdan başlanırdı.

XX əsrin 50-ci illərində caz musiqisini "estrada" adı altında pərdələyərək Moskvanın çoxsaylı konsert və teatr salonlarında geniş istifadə edirdilər. Tofiq Əhmədov da, təbii ki, cazla belə "üstüörtülü" halda məşğul olmaq məcburiyyətində qalmışdı. O, axşamlar klub orkestrində çalışırdı. Alt-saksafonda mahir ifası ilə dinləyicilərin zövqünü oxşayırdı.

Ötən əsrin 50-ci illərinin ortalarında Tofiq Əhmədov Bakıya qayıdır. Əvvəlcə kiçik bir kvartet, daha sonra septet yaradır. Öz ətrafına instrumental musiqi ilə məşğul olan istedadlı və bacarıqlı peşəkarları toplayaraq gözəl kollektiv təşkil edir. 1957-ci ildən fəaliyyət göstərən "Biz Bakıdanıq" adlı estrada orkestrində bilik və bacarığını ustalıqla nümayiş etdirən sənətkar 1961-ci ilə qədər bu ansambla rəhbərlik  edir, Azərbaycan estradasının yaradıcılarından və fəal təbliğatçılarından olur.

Beləliklə, Tofiq Əhmədovun təşkilatçılıq qabiliyyəti çoxlarının diqqətini cəlb edir və Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin estrada orkestrini yaratmaq, kadr seçmək ona həvalə olunur. 1961-ci ildə "Biz Bakıdanıq" estrada ansamblının solistləri də daxil olmaqla, yeni bir orkestr yaradılır. Kollektivə A.Zeynallı  adına Musiqi Texnikumundan, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasından (indi BMA) tələbələr və məzunlar dəvət olunur. Bu axtarışlar sayəsində orkestr mükəmməl bir kollektiv kimi püxtələşir.

Tofiq Əhmədovun səbirli olması, hər hansı hadisəyə təmkinlə yanaşması, istənilən situasiyada məntiqlə hərəkət etməsi onu yaxşı orkestr rəhbəri və dirijor kimi səciyyələndirirdi. Qarşıya çıxan çətinliklərdən ən böyüyü isə repertuar məsələsi idi. Məlum səbəbdən, yəni cazın müəyyən dairələrdə kifayət qədər qəbul edilməməsi ucbatından bu sahədə ciddi boşluq vardı. Ona görə də Tofiq Əhmədov caz əsərləri yazmağa başlayır və onlarda milli musiqi ahənglərindən, ladlardan istifadə edirdi. Xalq mahnılarını caz üslubunda aranjiman edir, onların üzərində işləyərək orkestr üçün fantaziyalar yaradırdı. Bunlarla yanaşı, instrumental musiqilər də bəstələyir və həmin əsərlərin solo hissələrini özü ifa edirdi.

Beləliklə, Azərbaycan Radio və Televiziya Estrada Orkestrinin və caz musiqisinin inkişaf tarixləri bir-biri ilə sıx bağlıdır desək, yanılmarıq. Bunların hər ikisi milli caz musiqisinin inkişafına və dünya miqyasında tanınmasına əvəzsiz töhfələr vermiş Tofiq Əhmədovun çoxşaxəli fəaliyyəti, gərgin əməyi sayəsində mümkün olmuşdur. Bu gün həmin orkestrin ifaçılıq sənətini təhlil edərkən onun zəngin repertuarının və improvizasiyalarının yüksək professional səviyyəyə çatmış olduğunu yəqin edirik.

Bu orkestr sənətkara özünün istedadını, musiqi biliklərini və ifaçılıq qabiliyyətini, eləcə də kollektivə rəhbərlik etmək bacarığını ortaya qoymağa dəstək verdi. Bununla Tofiq Əhmədov Azərbaycan estradasının yaradıcılarından və təbliğatçılarından biri olduğunu təsdiqlədi. Bu dövrdə orkestr keçmiş SSRİ-nin müxtəlif yerlərinə, eləcə də xarici ölkələrə qastrol səfərlərinə çıxaraq Azərbaycan musiqisi pərəstişkarlarının sayının artmasına xidmət edirdi.

Bu mərhələdə yenə də repertuar orkestrin rəhbərini ən çox düşündürən məsələlərdən idi. O, bədii rəhbər kimi bu amilə xüsusi diqqət yetirərək bir çox bəstəkarlarla əməkdaşlıq edirdi. Qara Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev kimi görkəmli bəstəkarlara estrada orkestri üçün əsərlər yazmağı sifariş verirdi. Baxmayaraq ki, bu şəxsiyyətlər, əsasən, simfonik janrda işləyirdilər.

Qara Qarayevin "Estrada rəqsi", Fikrət Əmirovun "Rəqs qravürləri", "Üç miniatür" və başqa əsərləri məhz belə yaranmışdı.

Tofiq Əhmədov daha çox bəstəkar Tofiq Quliyevlə yaradıcılıq əlaqələri saxlamışdır. Onun məsləhət və tövsiyələrini dinləmiş, hər bir fikrinə ciddiyyətlə yanaşmışdır. T.Quliyev simfonik orkestr üçün çoxlu sayda pyes yazmış və onun bəstələdiyi nəğmələrin çoxu məhz bu kollektivin müşayiəti ilə ifa edilmişdir.

Orkestrin repertuarında bəstəkar Rauf Hacıyevin əsərləri də özünə geniş yer almışdı. Bəstəkarın "Bizim ritmlər", "Lirik rəqs" və başqa pyes və mahnıları orkestr tərəfindən ustalıqla ifa olunmuşdur. Bundan başqa, Səid Rüstəmovun, Cahangir Cahangirovun, Vasif Adıgözəlovun, Ramiz Mustafayevin, Xəyyam Mirzəzadənin, Ramiz Mirişlinin, Oqtay Rəcəbovun, Ruhəngiz Qasımovanın, Eldar Mansurovun, Faiq Sücəddinovun və başqalarının musiqiləri də orkestrin repertuarında özünə layiqli yer tutmuşdur.

Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Gülağa Məmmədov, Rauf Atakişiyev kimi görkəmli müğənnilərin bu orkestrin müşayiəti ilə ifa etdikləri əsərləri xatırlasaq, onun populyarlığını və nüfuzunu şərh etməyə ehtiyac qalmaz. Getdikcə orkestrə müğənnilərin yeni nəsillərinin nümayəndələri gəlirdi. Müxtəlif illərdə bu orkestrlə Natəvan Şeyxova, İlhamə Quliyeva, Rauf Adıgözəlov, Mobil Əhmədov, Züleyxa Mirismayılova, Yalçın Rzazadə, Mübariz Tağıyev, Akif İslamzadə, Flora Kərimova, Elmira Rəhimova kimi istedadlı, tanınmış müğənnilər, sənətkarlar səhnəyə çıxmışlar. O, ömrünün sonunadək bu kollektivin bədii rəhbəri və baş dirijoru olmuşdur.

Tofiq Əhmədovun özü də çox sayda mahnı yazıb. Təsadüfi deyil ki, müasiri olan neçə-neçə tanınmış şair - Fikrət Qoca, Famil Mehdi, Rəfiq Zəka Xəndan, Tofiq Mütəllibov, Nüsrət Kəsəmənli onunla sıx yaradıcılıq əlaqələri saxlayırdılar. "Sağ ol, dağlar", "Ana gözləri", "Güldür məni" və bir sıra digər yaddaqalan və bu gün də sevilə-sevilə dinlənilən nəğmələr məhz həmin əməkdaşlığın nəticəsində yaranıb. Tofiq Əhmədov orkestr üçün də bir çox əsərlər yazıb. O da təsadüfi deyil ki, orkestr Finlandiyanın Helsinki şəhərində gənclərin VIII ümumdünya, Bolqarıstanda keçirilən ənənəvi "Qızıl Orfey" festivallarında və digər beynəlxalq tədbirlərdə yüksək mükafatlar alıb.

Görkəmli bəstəkar, ifaçı və musiqi təşkilatçısı Tofiq Əhmədov Azərbaycanın xalq artisti adına layiq görülüb. Bu, onun milli caz musiqisinin inkişafına və dünya miqyasında tanınmasına verdiyi töhfələrə görə aldığı ən dəyərli mükafat idi.

Böyük sənətkar 1981-ci il martın 21-də dünyasını dəyişdi. Sənətkarın vəfatından sonra da orkestr onun qoyduğu ənənələri uğurla davam etdirməkdədir. 2010-cu ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən və vaxtilə Tofiq Əhmədovun rəhbərlik etdiyi estrada simfonik orkestrinə bəstəkarın adı verildi. Bu isə qədirbilən, sənəti yüksək qiymətləndirən xalqın onun xatirəsinə bəslədiyi hörmətin bir nümunəsidir.

Prezident İlham Əliyevin "Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında" imzaladığı sərəncama əsasən, görkəmli musiqi ustadının Heydər Əliyev Sarayında yubiley tədbiri yüksək səviyyədə təşkil edildi. Musiqi sənətinin tanınmış nümayəndəsinin xatirəsi sanballı tədbirlərlə anıldı.

Deyirlər, sənət yaxşı sənətkara həmişə sadiq olur. Tofiq Əhmədov sənətinə sadiq idi, sənəti də ona başucalığı gətirdi, əbədiyaşarlıq qazandırdı.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2014.- 25 may.- S.6.