Muğamın təntənəsi
Milli mədəni
irsimiz
Bu yaxınlarda təsadüfən televerilişlərin birində toy müğənnilərindən birinin gileyinə sevindik ki, son vaxtlar sifarişləri azalıb, əvvəlki toyların, sanballı dəvətlərin dadı damaqlarında qalıb. Əslində, toy "krallarının", "kraliçalarının", "madonna" və "primadannoların" sifarişlərinin azlığından gileylənməsi sadə məsələ deyil. Bunun ciddi səbəbləri var. Birincisi, artıq hamı fonoqramma altında rəqs edib 5-10 min qazanan müğənnilərin kələyini başa düşüb və onlardan tədricən uzaqlaşır. Bu gün beş-altı müğənni gileylənir, sabah onu şikayətlənəcək. Bir müddət sonra görəcəyik ki, müğənnilər toy tutanda bayram edir. İkincisi, toylarda musiqiçilərin heç kimə rəhm etməyən aramsız çalğısına, insanın səhhətini, əsəblərini dağıdıb məclisdən qaçmağa vadar edən yüksək səslərə artıq heç kimin dözməyə taqəti qalmayıb. Üçüncüsü, bayağı mətnlər, yeknəsəq musiqi, fasiləsiz dingildəyən ritm artıq bezdirici və mənasız olub. Hamı bu qənaətə gəlib ki, olunca olmasa yaxşıdır.
Lakin zənnimizcə, daha ciddi amillər mövcuddur. Onlardan ən vacibi dövlət səviyyəsində muğamın himayəyə alınmasıdır. Ölkənin birinci xanımının təşəbbüsü ilə muğam UNESCO-nun milli mədəni irsi siyahısına daxil edildikdən sonra bütünlükdə dövlət səviyyəsində himayəyə alındı. Bölgələrdə, telekanallarda muğama xüsusi yer ayrıldı. Ölkədə muğam müsabiqələri təşkil olundu. Son illər bu müsabiqələrin davamlı təşkili ənənəyə çevrilib. Tamaşaçılar, minlərlə sadə insan muğam ifaçıları ilə toy "kralları", "kraliçaları" arasındakı fərqi görmək imkanı əldə etdilər. Biz son illərdə muğam ifaçılarının müsiqiyə münasibətini, onların yüksək ifa və səhnə mədəniyyətini, etiket və əxlaqımızla uzlaşan davranışlarını gördük və buna sevindik. Muğam ifaçıları bizə doğmadır, yaxındır, aramızda qırılmaz bağlılıqlar var. Ən başlıcası isə onları pul dalınca qaçan, qarderoblarını açıb ayaqqabıdan tutmuş paltara kimi ekrana çırpan görmədik. Elə buna görə də onlara daha dərindən bağlandıq.
Digər bir tərəfdən isə gündəmdə olmaq, özünü birinci elan etmək üçün "mənim xalqım məni tanıyır, məni seçir" deyib digərlərinə hikkə gələn toy müğənnilərini də gördük. Gündəmdə qalmağı, piyar qurmağı, özünü birinci elan etməyi qarşısına məqsəd qoyan toy müğənniləri imarətlərini, mülklərini verilişlərdə reklam etdikcə nüfuzdan, özlərini qiymətə mindirdikcə dəyərdən düşürlər.
Dövlət başçısının bu yaxınlarda Milli Konservatoriyanın yeni binasının açılışında dediyi sözlər böyük fəlsəfi məna kəsb edir. Azərbaycan Prezidenti xüsusi vurğuladı ki, bizi bir xalq kimi qoruyan mədəniyyətimiz, musiqimiz olub. Musiqimizi mədəniyyətimizi qoruya bilməsəydik, bir xalq kimi assimilyasiyaya uğrayardıq: "Hər bir ölkə üçün, xüsusilə o qədər də böyük olmayan ölkələr üçün belə bir təhlükə vardır. Bu təhlükədən özümüzü qorumaq üçün milli-mənəvi dəyərlər möhkəm olmalıdır. Mənəvi dəyərlərin də tərkib hissəsi bizim milli musiqidir. Ona görə biz həm öz keçmişimizə hörmətlə yanaşmalıyıq, eyni zamanda, gələcəyə baxaraq bu müsbət meyilləri cəmiyyətdə gücləndirməliyik ki, Azərbaycan dəyərləri sarsılmasın, əriməsin, bizim həyat tərzimiz daim ənənəvi olsun və milli musiqimiz yaşasın".
Bizi sevindirən odur ki, bu gün bütün ölkə muğamın təntənəsinin şahididir. Muğam bizim keçmişimiz, bu günümüz və sabahımızdır. Bayağı sənət, mənəviyyatımıza uyuşmayan musiqi tədricən sönükləşir, dəyərdən düşür. Muğam isə ecazkar bir sənət növü kimi bütün əzəməti ilə ucalır. Biz iki müəllif artıq neçə ildir ki, muğamın tarixi, məşhur muğam ifacıları və onların hamiləri ilə bağlı araşdırmalar aparırıq. Bizi bu müqəddəs işə sövq edən, həvəsləndirən başlıca amil dövlətimizin muğama, onun inkişafına göstərdiyi böyük qayğı olub.
Səadət
VEYSOVA,
Azərbaycanın
əməkdar müəllimi,
Seyfəddin
QƏNİYEV,
filologiya elmləri doktoru
Azərbaycan.-2014.- 25 may.- S.7.