Muzeylər şəhəri

 

Qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından tarix-diyarşünaslıq muzeyləri mühüm əhəmiyyət kəsb edir. Sabahını uğurlu qurmaq üçün gərək keçmişini də dərindən biləsən.

Xaçmaz Tarix-Diyarşünaslıq  muzeyində rayonun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.

İki filialyeddi şöbədə fəaliyyət göstərən muzeyin binası  1930-cu ildə tikildiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü.  İndi Xaçmaz şəhərinin Heydər Əliyev prospektində, Şəxsiyyətlər muzeyinin ərazisində bənzərsiz memarlıq üslubunda yeni muzey binası inşa edilib.

Muzey Xaçmaz rayonunun ərazisində bu günədək qədim türklərə aid 4 min yaşı olan kurqanlarda aşkarlanan çoxsaylı  eksponatlarla zəngindir. Muzeydə həmçinin Xaçmazdakı 28 min hektar meşə sahəsi ilə bağlı guşə də yaradılıb. Bu bölmədəki dəmirçi və dulusçu emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdəki yaşayış tərzini və məşğuliyyətini əks etdirir. Mədəniyyət bölməsində müxtəlif sənət əsərləri, xüsusilə də xalçaçılığa aid nümunələr, bəzək əşyaları sərgilənir.

Muzeyin girişində -  foyedə ulu öndər Heydər Əliyevin abidəsi qoyulub. Burada ümummilli lider, eləcə də Prezident İlham Əliyevin müxtəlif illərdə Xaçmaz rayonuna səfərlərini əks etdirən fotolar sərgilənir.  Muzeyin birinci mərtəbəsi "İstiqlal" bölməsi adlanır. Dövlətçilik tariximiz, ölkəmizdə baş verən hadisələr burada ardıcıllıqla əks olunur. Burada istiqlal tariximizi yaşadan  maraqlı eksponatlar toplanılıb.

 Böyük Vətən müharibəsində döyüşən xaçmazlılara xüsusi guşə həsr edilib. İkinci Dünya müharibəsi illərində 8 min 739 nəfər xaçmazlı döyüşlərdə iştirak etmiş, onlardan 2 min 800-ü həlak olmuşdur. Muzeydə döyüş iştirakçılarına aid döş nişanları, ordenmedallar, döyüşlərdə istifadə olunan "Makismak" pulemyotu da nümayiş olunur. Bu bölmədə həmçinin 20 YanvarQarabağ müharibəsi şəhidlərinə aid eksponatlar da yer alıb.

Muzeylə rayonda fəaliyyət göstərən təhsil müəssisələri arasında sıx əlaqə mövcuddur. Müəllimlər Azərbaycan tarixinə aid dərslərini muzeydə keçirlər. Konfrans zalında göstərilən filmlərdə şagirdlər tariximizə qiyabi səyahət edir, biliklərini cilalayırlar. Xaçmaz regional televiziyası ilə birlikdə ətraf rayonların təhsil müəssisələrini əhatə edən "Bilik" kuboku yarışı  keçirilir. Muzeydə həmçinin ideoloji tədris bölməsi də yaradılıb. Burada tariximizə, görkəmli şəxsiyyətlərə və dövlətçiliyimizə həsr edilən filmlər nümayiş olunur.

 

Aqil ƏLİSULTANOV,

Xaçmaz Tarix-Diyarşünaslıq muzeyinin direktoru

Azərbaycan.-2014.- 25 may.- S.7.