Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşündə Bakı Bəyannaməsi qəbul edilmişdir

 

Xəbər verdiyimiz kimi, mayın 26-da Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun, Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunun və Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun birinci üçtərəfli görüşü keçirilmişdir.

AzərTAc xəbər verir ki, görüşün yekununda Bakı Bəyannaməsi qəbul olunmuşdur.

Bəyannamədə deyilir ki, tərəflər ortaq mədəni irs, tarixi köklər və ənənəvi mənəvi dəyərlərə söykənən dostluq münasibətlərinin müştərək məqsədlərin həyata keçirilməsində və müasir təhdid və çağırışların aradan qaldırılmasında mühüm rolunu qeyd etdilər, bir-birilərinin ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət və dəstəyə əsaslanaraq, üç ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə edərək, siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat və humanitar, o cümlədən mədəniyyət, elm, səhiyyə, təhsil, turizmidman sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladılar. Qarşılıqlı maraq doğuran mühüm regional və beynəlxalq məsələlər üzrə Xarici İşlər nazirlikləri arasında, həmçinin Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində məsləhətləşmələri davam etdirəcəkləri barədə razılığa gəldilər. Nazirlər Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda ölkələrinin namizədliyini dəstəkləməyə hazır olduqlarını təsdiqlədilər, üç ölkə arasında əməkdaşlığın regional və beynəlxalq sülh, təhlükəsizlik, sabitlik, iqtisadi inkişafrifaha töhfə verdiyini qeyd etdilər.

Sənəddə bildirilir ki, tərəflər terrorizm, ekstremizmonun bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi və qanunsuz silah alveri, həmçinin insan alveriqeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirəcəklərini xüsusi qeyd etdilər. Birgə layihə və əməkdaşlıq təşəbbüsləri vasitəsi ilə müxtəlif sahələrdə, xüsusilə enerji, ticarət, nəqliyyat, mədəniyyət, turizm, təhsil və ətraf mühitin qorunması sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi barədə öhdəliklərini təsdiq etdilər.

Bəyannamədə diqqətə çatdırılır ki, nazirlər Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanda olan enerji və nəqliyyat layihələrinin vacibliyini vurğulayaraq, həmin sahələrdə əlaqələrin genişləndirilməsinin, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsinin təminatı məqsədi ilə birgə irimiqyaslı layihələrdə iştirakın əhəmiyyətini qeyd etdilər, tarixi və mədəni irsin qorunması sahəsində əməkdaşlığı davam etdirəcəklərini vurğuladılar.

Sənəddə, həmçinin bildirilir ki, tərəflər siyasi dialoqun, əlaqələndirmənin, regional və beynəlxalq məsələlərdə əməkdaşlığın gücləndirilməsinə yönəldilən üçtərəfli görüşün müntəzəm olaraq keçirilməsinin vacibliyini bəyan etdilər.

Bəyannamədə növbəti görüşün 2014-cü ilin ortalarında Aşqabad şəhərində keçiriləcəyi qeyd edilir.

 

Azərbaycan.-2014.- 27 may.- S.3.