Təhsil naziri Salyan şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, mayın 26-da təhsil naziri Mikayıl Cabbarov bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Salyan şəhərində Neftçala, Hacıqabul, Salyan, Kürdəmir və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbulda magistratura, xaricdə təhsil, təyinat, məktəblərin təmiri ilə əlaqədar müraciətlər edilmişdir. İş yerlərinin dəyişdirilməsi, tələbələrin bir ali təhsil ocağından digərinə köçürülməsi, ucqar kənd məktəblərində kadr çatışmazlığı, təhsildə yeniliklərin tətbiqinə dair təkliflər də qəbul zamanı qaldırılan məsələlər sırasında olmuşdur.

Nazirliyin struktur rəhbərlərinin, təhsil şöbələri müdirlərinin də iştirak etdikləri görüş gün ərzində davam etmişdir.

Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, təkliflərlə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilmişdir.

Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

 

Azərbaycan.-2014.- 27 may.- S.3.