Gənclər və idman naziri Şəmkir şəhərində vətəndaşları qəbul etmişdir

 

Mayın 26-da gənclər və idman naziri Azad Rəhimov bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Tovuz, Şəmkir rayonlarından, Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, 50-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda müraciətlərin xeyli hissəsi qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili ilə bağlı olmuşdur.

Vətəndaşlar, eyni zamanda, idman sahəsində fəxri adların verilməsi, idman avadanlıqları ilə təminat, Olimpiya idman komplekslərinin, idman qurğularının tikintisi və təmiri ilə əlaqədar müraciət etmişlər.

Qəbulda, həmçinin ipoteka kreditlərinin verilməsi, işlə təminat və digər məsələlər də qaldırılmışdır.

Bir sıra müraciətlər yerindəcə həllini tapmış, araşdırılması tələb edilən məsələlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülmüşdür.

 

Azərbaycan.-2014.- 27 may.- S.3.