Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması
ərəfəsində regionda geosiyasi vəziyyət
28 May Respublika
Günüdür
Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Birinci Dünya müharibəsi başa çatmamışdı. Müharibənin sonuncu ilində Cənubi Qafqazda müstəqil dövlətlərin elan edilməsinə baxmayaraq, bu akta gətirən zəncirvari proseslər 1917-ci ilin fevralında Rusiyada çar monarxiyasının devrilməsi ilə başladı. 1917-ci ilin yazında irəli sürülən "Azərbaycan muxtariyyəti" ideyası düz bir il sonra müstəqil Azərbaycan Respublikasının bəyan edilməsi ilə nəticələndi.
Rusiyada 1917-ci il Oktyabr çevrilişindən
sonra sabiq imperiyanın ərazisi kimi Qafqaz regionu - Xəzər
hövzəsi beynəlxalq rəqabət meydanına
çevrildi. Rusiya imperiyasının müttəfiqləri
İngiltərə və Fransa artıq Antanta çərçivəsində
olmuş üçüncü tərəfdaşlarının
ərazilərinə sahiblənmək xətti yeridirdilər. Sovet Rusiyası müharibədən
çıxmış, Antanta daxilində parçalanma baş
vermiş, Böyük Britaniya ilə Fransa arasında 1917-ci il
dekabrın 23-də bağlanmış məxfi konvensiyaya
görə sabiq müttəfiqləri olan Rusiya imperiyasında
ərazi bölgüsü aparılmış, Qafqaz regionu
Böyük Britaniyanın nüfuz dairəsinə aid
edilmişdi. Lakin bu ikitərəfli razılaşma idi.
Antantaya qarşı vuruşan mərkəz dövlətləri
içərisində Qafqaz regionu ilə bağlı fəal
siyasət yeridən Osmanlı dövləti və onun müttəfiqi
Almaniya imperiyası idi. Rəqib tərəflərin
içərisində Qafqazla daha sıx bağlı tarixi olan
Osmanlı dövləti idi ki, o da Sovet Rusiyasını
tanımayan Cənubi Qafqaz komissarlığı ilə
"Ərzincan barışığı"nı
imzalamışdı. Region
uğrunda ingilis-türk, ingilis-rus, ingilis-alman, alman-rus rəqabəti
gedirdi. "Ərzincan barışığı"nın
imzalanmasıyla Rusiya qoşunları Qafqaz cəbhəsindən
geri çəkilməyə başladı. Lakin bu, hələ Rusiyanın bir əsrdən
çox əsarətdə saxladığı Qafqaz bölgəsindən
imtinası deyildi. Elə həmin ay -
dekabrın 16-da Qafqazda sovet hakimiyyətini bərqərar etmək
üçün Qafqaz işləri üzrə müvəqqəti
fövqəladə komissar vəzifəsi təsis edildi. Beləliklə, 1918-ci ilin əvvəllərindən
sovet Rusiyası, Osmanlı dövləti, həmçinin
Britaniya Qafqazlarla bağlı fəal xarici siyasət yeritməyə
başladılar. Bütün bu mübarizənin
əsasında regionun geosiyasi, geoiqtisadi əhəmiyyəti
dayanırdı. Qafqaz yalnız "xammal, yanacaq, ərzaq
mənbəyi" deyil, həm də Avropa və Asiya,
xüsusilə Rusiya və Türkiyə arasındakı
mövqeyə və mühüm iqtisadi və strateji yollara
malik idi.Geostrateji əhəmiyyətini İ.Stalinin bu məzmunda
şərtləndirdiyi Qafqazın "sovetləşdirilməsi"
hədəfinin arxasında sovet Rusiyasının daha geniş
planları var idi. Qafqazda sovet hakimiyyətini bərqərar
etməli olan S.Şaumyan eyni zamanda daha bir missiyanı yerinə
yetirməli idi. "Türkiyə Ermənistanı"
haqqında dekretin icrası da ona
tapşırılmışdı. Qafqazla
bağlı dekret icra edilməyincə 2-ci dekretin icrası
real deyildi. Bu müstəvidə Qafqazın geosiyasi
mövqeyini Azərbaycanın milli istiqlal xadimi M.B.Məmmədzadə
belə səciyyələndirmişdi: "Rus
çarlarının yolu ilə gedən Lenin böyük Ermənistan
vasitəsilə Aralıq dənizinə və Hind okeanına
çıxacaq, Avropa kapitalistlərinin öz müstəmləkələrinə
gedən yollarını kəsmək surətilə dünya
inqilabı yaradacaqdı. Böyük Ermənistan
bu məqsədlə ona çox lazım idi. Ancaq bunun üçün Qafqaz hərəkət
bazası halına gəlməli idi. Qafqaz
sovetləşdirilməli idi".
Sovet Rusiyasının qarşısında regionla
bağlı rəqabət aparan dövlətlərdən daha
ciddi maneə "Qafqazda, xüsusilə Azərbaycanda milli və
istiqlal hərəkətləri" hesab edilirdi. Bütün
imkanlarını Bakıya sahib olmağa səfərbər edən
sovet Rusiyası aktiv əməli tədbirlər görməkdə
idi.
Bakı uğrunda diplomatik, siyasi, ideoloji, hərbi
mübarizə 1918-ci ilin əvvəllərindən
sentyabrın 15-dək intensiv xarakter
daşımışdır. "Təcili surətdə
hərbi və pulla Bakıya yardım göstərilsin"
tapşırığını verən mərkəzi
bolşevik hakimiyyəti, "vahid və bölünməz
Rusiya" tərəfdarı olan siyasi və hərbi qüvvələr
Qafqaz cəbhəsindən dönən və həmçinin
hələ də İranda qalan rus əsgərlərindən
faydalanmağa səy göstərirdi.
İran ərazisindən rus qoşunlarının
çıxarılması prosesini Britaniya qüvvələri
də diqqətlə izləyirdi. Rus qoşunları barədə
müfəssəl məlumata malik ingilis kəşfiyyatı hələ
1917-ci ilin sonunda L.Biçeraxovun 1070 nəfərlik hərbi
birləşməsinə xüsusi əhəmiyyət
vermişdi. Qafqaza göndərilmək
üçün ingilis hərbi hissəsinin təşkili məsələsi
hələlik İrandakı rus hərbçilərindən
istifadəni ehtiyat variantı kimi saxlayırdı.
Cənubi Qafqaz komissarlığının
yaradılması prosesində ABŞ, Fransa, həmçinin
Britaniya nümayəndəsi iştirak etmişdir. İngiltərə,
Fransa və İtaliya hökumətlərindən fərqli
olaraq, ABŞ hökuməti "Rusiyadakı hadisələr
aydınlaşmayınca Zaqafqaziya hökumətini
tanımaq" istəmədi. Britaniya isə
əksinə, Qafqaz Federasiyasını bütünlüklə
dəstəkləməyi qərara almışdı. Bakı neftinə sahib olmaq əsas məsələlərdən
birincisi idi. Böyük Britaniyanın
xüsusi xidmət əməkdaşları bölgədə
müvafiq missiya yerinə yetirirdi. Baş nazir Lloyd Corc həmin
missiyanın motivini belə izah etmişdi: "Biz
antibolşevik kampaniyasını deyil, antialman cəbhəsini
təşkil etdik və maliyyələşdirdik. Əgər almanlar Bakıya soxulsaydılar və bu
rayonun tükənməz neft ehtiyatlarını... ələ
keçirsəydilər, müharibə sonsuzadək davam edərdi".
Bu baxımdan ingilislərin Bakıdakı
bolşevik hökuməti ilə əməkdaşlıq
üçün təkidli səyləri anlaşılır.
Brest-Litovsk sülhündən sonra Almaniya ilə müharibə
aparmaq üçün Britaniya Rusiyaya pul, silah, təlimatçılar
vəd etməklə, hər cür yardım təklif edirdi .
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində
Cənubi Qafqaz 2 fərqli qanlı prosesə cəlb olundu. Birincisi, Cənubi
Qafqazın müsəlmanlara məxsus torpaqlarında kütləvi
şəkildə dinc müsəlman əhalinin qətliamı
ilə nəticələnən proseslər idi ki,
bolşevik-daşnak hərbi-siyasi müttəfiqliyi nəticəsində
baş vermişdi. Region uğrunda rəqabətin
beynəlxalq məzmun almasında daxili siyasi qüvvələrin
mövqeyi də təsirsiz qalmamışdı. Bolşeviklərin sivil yolla hakimiyyətə yiyələnmək
ehtimalı azaldıqca güc vasitələrinə
üstünlük verilirdi. Daşnaklarla iş birliyinin əsasını
da qüvvələr nisbətini müsəlmanlara qarşı
gücləndirmək təşkil edirdi. Müsəlman
əhalinin son dərəcə amansızlıqla, qısa
müddətdə kütləvi şəkildə məhv
edilməsi məhz Azərbaycan xalqını Osmanlı
dövlətindən yardım istəmək məcburiyyətində
qoydu. "Turançılıq" layihəsini
gerçəkləşdirmək istəyən Osmanlı dövlət
xadimlərinin Qafqazla bağlı bir neçə variantda
planlarının reallaşmasına imkan verən şərait
yaranırdı. Osmanlı dövləti
Qafqazda "türkçülük" və
"turançılığ"ın əsaslarına
söykənən bir siyasətin gerçəkləşdirilməsini
planlaşdırmışdı.
Almaniyanın
müttəfiqi olan Osmanlı dövlətinin Brest-Litovsk
müqaviləsinin şərtlərinə əməl etmək
tələbi Zaqafqaziya Seymini seçim qarşısında
qoymuşdu: ya müqavilədə təsbit olunmuş ərazilərin
Osmanlı imperiyasına verilməsini qəbul etməli, yaxud
da Rusiyadan ayrılaraq müstəqil tərəf kimi
davranmalı idi.
Osmanlı dövləti ilə danışıqlarda
Transqafqaz sülh nümayəndə heyətinin
başçısı A.Çxenkeli etiraf edirdi ki,
"Türkiyə, obyektiv olaraq Cənubi Qafqazın müstəqilliyinin
elan edilməsində maraqlıdır. Cənubi Qafqazın
müstəqilliyi şimaldan Türkiyənin təhlükəsizliyini
təmin edir".
Azərbaycan
xalqının Osmanlı dövlətinə rəğbəti
və yardım istəyi, digər tərəfdən Zaqafqaziya
Seyminin Brest-Litovsk müqaviləsinin şərtləri ilə
barışmaması və Türkiyə ilə müharibəyə
cəlb olunması nəticəsində Osmanlı dövlətinin
Qafqazda yeni ərazilər ələ keçirərək irəliləməsi
adekvat olaraq regionda marağı olan digər xarici qüvvələrin
aktiv reaksiyasına gətirib çıxardı.
Osmanlı dövlətinin müttəfiqi Almaniya Qafqazda
gedən proseslərdən kənarda qalmamaq və öz mənafeyini
təmin etmək üçün Batum konfransına
qatıldı.
Almaniyanın Qafqaz siyasətinin əsas prinsipləri
müəyyənləşdirildi. Qafqazın
təbii sərvətlərindən maksimum dərəcədə
faydalanmaq istəyən almanlar Batumun və
Gürcüstanın alman nəzarətində qalmasına
çalışırdılar. Osmanlı
dövlətinin Qafqaz regionu ilə bağlı planlarına
mane olmaq üçün Almaniya Rusiyanın Batum konfransına
qatılmasına çalışırdı. Rusiya Zaqafqaziya hökumətini tanımaq istəmədiyindən,
Zaqafqaziya nümayəndə heyətlərinin və
Osmanlı dövlətinin kəskin müqaviməti
Rusiyanın Batum konfransında iştirakına imkan vermədi.
Gürcüstan Almaniyanın himayədarlığını
istədikdə, Almaniya, Zaqafqaziya Federasiyasının tərkibindən
çıxıb müstəqilliyini elan etdiyi təqdirdə,
Gürcüstanın qəyyumluğunu öz üzərinə
götürəcəyini bildirdi. Gürcüstanın
öz müstəqilliyini elan etməsi Almaniyanın qəyyumluğunu
qəbul etməsini şərtləndirirdi. Almaniyanın
Qafqaz siyasəti Gürcüstan miqyasında gerçəkləşdi:
"Region uğrunda beynəlxalq rəqabətdə Almaniya
Gürcüstanı özü üçün mümkün
real qənimət bilirdi: "...nəyin bahasına olursa-olsun,
heç olmasa, Gürcüstanı əlimizdə
saxlamalıyıq. Əks təqdirdə, Qafqazın digər
hissələri də tez və ya gec əlimizdən
çıxacaqdır" .Artıq mayın 25-də "Poti
şəhərinə 3000 alman əsgəri
çıxarıldı, may ayının 30-da isə alman
diplomatik missiyası Tiflis şəhərinə gəldi.
Tezliklə Gürcüstanın bütün dəmir
yolları və su nəqliyyatı, habelə
Çitauriyanın marqans mədənləri almanların nəzarəti
altına keçdi" .
Beləliklə,
1918-ci ilin yazından başlayaraq "...müharibə və
siyasət sahəsində Ənzəlidən ingilislərin, Azərbaycandan
Nuru Paşanın (Ənvərin qardaşı) və
Gürcüstandan almanların son məqsəd olan Bakı ilə
bağlı kəskin yarış və "qovhaqov"u
başlamışdı" .Sovet Rusiyası isə regionla
bağlı daha ciddi addımlar atmışdı.
Rusiya hərbi-siyasi qüvvələrinin qanlı siyasəti
regionun bir hissəsində - Bakı quberniyasında hakimiyyəti
ələ keçirmələri ilə nəticələnmişdi. Bakıda
bolşevik diktaturasının qurulmasına imkan verən amil
kimi Ənzəlinin həmin ərəfədə tamamilə
bolşevik nəzarətində olması da sayıla bilər.
Belə ki, 1918-ci ilin yanvarında Britaniya hərbi
ekspedisiyası Bağdaddan çıxaraq Ənzəliyə qədər
sürətlə irəliləyə bildi. Artıq fevralın ortalarında Qəzvinə
çatan Britaniya hərbi heyəti Ənzəlinin tamamilə
bolşevik nəzarətində olması səbəbindən
Bakıya gələ bilməmişdi. Bakı
Qafqazın siyasi müqəddəratına təsir edəcək
həlledici seçim ərəfəsində idi.
Osmanlı qoşunlarını Bakının neft mədənlərindən
uzaqda saxlamaq üçün ingilislər türklərə
qarşı müharibəyə hazırlaşan bolşeviklərlə
iş birliyinə can atırdılar. Bakının
müdafiəsi üçün ingilis yardımını qəbul
etmək məsələsi Rusiya hakimiyyətinin yerli icraedici
qurumu statusunda çıxış edən Bakı bolşevik
hökumətində kəskin fərqli fikir
ayrılığı yaratmışdı.
Britaniya
missiyasının rəhbəri general Denstervil Bakıya sahib
olmadan hər hansı cəhdin faydasız olduğunu
vurğulayırdı: "Mən həmişə Xəzər
(dənizi) üzərində nəzarətin necə
böyük əhəmiyyətə malik olduğunu (demişəm)
və bunun həyata keçməsinə dair bir neçə
plan hazırlanmışdı" .
1918-ci ilin yazından etibarən Bakıdakı vəziyyət
haqqında ingilis kəşfiyyatının əhatəli məlumatları
Britaniya missiyasının Qafqazda əməkdaşlıq edə
biləcək siyasi qüvvələri müəyyənləşdirməyə
yardım edirdi. Yaranmış şəraitdə ermənilərin
təklifindən yararlanmağı məqbul bilməyən
ingilis hərbi kəşfiyyatı ehtiyat etsə də, eyni
vaxtda Ənzəliyədək gəlib, ermənilərlə,
bolşeviklərlə birgə Xəzər donanması üzərində
nəzarəti ələ almağı mümkün
sayırdı. Bakıdakı bolşevik
hakimiyyəti ilə Ənzəli bolşevikləri arasında
əlaqədə erməni vasitəçiliyi şirnikləndirici
görünsə də, Bakıda vitse-konsul Ponald Mak-Donellin
aparıcı rol oynadığı ingilis kəşfiyyat xidməti
Denstervil missiyasının gəlişi üçün zəmin
hazırlamaqla məşğul idi. Erməni
Milli Şurası ingilis yardımını qəbul etməyə
hazır olsa da, bolşevik hakimiyyətinin mövqeyi fərqli idi.
İngilislərin Cənubi Qafqazda daşnaklarla
müttəfiqliyi qarşılıqlı maraqlara əsaslanırdı.
Osmanlı ordusuna qarşı çıxan
qüvvələrdən eser və menşeviklər Rusiyadan
ayrılmağı rədd etdikləri halda, daşnaklar Cənubi
Qafqazın Rusiyadan ayrılıb Britaniya nüfuz dairəsinə
keçməsini qəbul edə bilərdilər. Britaniya missiyasının Qafqaza gəlməsinə
razılıq verən eserlər (sosial-inqilabçılar)
Ənzəliyə, L.Biçeraxovun yanına hazırlıq
üçün 200 nəfər göndərmişdilər.
L.Biçeraxovun gəlişi isə Qafqazda məhsul
yetişən vaxta, iyunun əvvəli üçün nəzərdə
tutulmuşdu. Lakin Brest-Litovsk sülh
müqaviləsinin imzalanması "Qafqaz
tarazlığını yenidən pozdu".Osmanlı
hücumundan qorxan Gürcüstan Almaniyanın himayəsini qəbul
etdi. Lakin alman-gürcü qoşunları
Osmanlı qüvvələrinin Azərbaycana doğru hərəkətini
dayandıra bilmədi. Alman
qoşunlarının əlinə keçməmək
üçün Britaniya missiyası Tiflisdən Vladiqafqaza
köçdü. Vəziyyətin dəyişilməsi
ilə Britaniya hökuməti Denstervil missiyasının, o
cümlədən Biçeraxovun Qafqaza getməsini təxirə
saldı. Osmanlı ordusunun Azərbaycandan keçməsinin
qarşısını almaq üçün Britaniyanın hərbi
naziri türkləri Həmədanda saxlayıb, Xəzər
istiqamətində irəliləməsinə yol verməmək
göstərişi verdi. 1918-ci
ilin yayı üçün, heç olmasa, kiçik dəstə
ilə belə ingilislərin Xəzər hövzəsinə
daxil olmasına hökumət hədsiz əhəmiyyət
verirdi. Hətta bir-iki ingilis zabitinin
Bakıya göndərilməsi, neft mədənlərinin məhv
edilməsi, Xəzər donanmasının ələ
keçirilməsi, türklərə qarşı yerli
hökumətə (Bakı bolşevik hökumətinə)
yardım göstərilməsi və s. nəzərdə
tutulurdu. Denstervil isə bu fikirdə idi ki,
2 ingilis zabitinin Bakıya göndərilməsi heç bir nəticə
verməyəcəkdir, Bakı şəhəri "effektli
kömək almaq ümidindədir və neft mədənlərini
dağıtmağa ehtiyac yoxdur". Bu
mövqe reallığa əsaslanırdı. Londondan göstərişlər verildiyi iyun günlərində
Osmanlı imperiyası ilə Cənubi Qafqaz respublikaları
arasında "Sülh və dostluq" müqavilələri
imzalanmışdı. Azərbaycan
hökuməti müqavilənin dördüncü bəndinə
istinadən Osmanlı hökumətindən yardım istəmişdi.
Bakı XKS isə Gəncə üzərinə
yürüş haqqında əmr vermişdi. Məğlubiyyət
anında düşmənə qalmasın deyə, neft mədənlərinə
od vurmaq əmri də bolşeviklərin
planına daxil idi.
Qafqaz regionu - Xəzər hövzəsi uğrunda beynəlxalq
və daxili siyasi qüvvələrin apardıqları
savaşın nəticələrindən zərər çəkən
əsasən Azərbaycan xalqı, Azərbaycan torpaqları
olmuşdur. Daxili siyasi qüvvələrin mövqeyindən məharətlə
faydalanan sovet Rusiyası mahiyyətcə soyqırımı
aktı olan kütləvi qırğınlar törətməklə
Bakı quberniyasında hakimiyyətini qura bildi. Bolşevik dəstəyinə güvənən erməni
yaraqlıları Bakı quberniyasından geniş
coğrafiyada, o cümlədən Yelizavetpol (Gəncə),
xüsusən İrəvan quberniyalarında müsəlman əhalini
qətliama düçar etdilər. 1917-ci ilin
fevralından 1918-ci ilin martına qədərki
dövrdə İrəvan quberniyasında 200 azərbaycanlı
kəndi dağıdılmış, 135 min nəfərdən
çox əhali doğma torpaqlarından qovulmuş və ya məhv
edilmişdi. Bu qanlı proseslə paralel
Zaqafqaziya Seyminin Osmanlı dövləti ilə
danışıqları və hərbi əməliyyatları
gedirdi. Həmin prosesdə də İrəvan
quberniyasının ərazilərinin müqəddəratı
həll olunurdu. Quberniyanın 7 qəzasından 5-i
(Sürməli, Aleksandropol, Şərur, Eçmiədzin və
İrəvan qəzasının böyük bir hissəsi)
artıq Osmanlı qoşunlarının nəzarəti
altına keçmişdi, 2 qəzadan ibarət ərazidə
isə erməni dövlətinin yaradılması
planlaşdırılırdı. Ermənilərin
"ingilis-rus siyasəti naminə türklərə
qarşı fitnə-fəsadlara son qoyacaqları" şərtilə
müstəqil dövlət yaratmalarına Osmanlı dövlətinin
razılıq verməsini Azərbaycan təmsilçiləri
də məqbul bilmişdi: "Kəndi daxilində hüsn-i
intiqamla meşyu, daima fırsat ardından koşan və ilk
imkan bulunca arxamızdan xəncəri vurmaq zehniyətində
qalan erməni arzu-yı millisi münker və hər zaman
türk siyasəti əleyhində mudahelat-ı əcnəbiyəyi
ihtar edən intriqalara vasitə olacaq bir buçuk milyonluq bir
erməni kütləsi bulundurmaqmı, yoxsa türk akvamı
ilə muhat, sevkül-ceyş nokta-yı nazarınca
zararsız və amal-ı milliyesince təmin olunmuş
kiçik bir erməni kantonumu? Siyasət-i milliyemiz nokta-yı
nazarından bizcə ikinci şəkil daha faydalı və
münasib olsa gərək... Biz daha erməni kantonu təsisindən
bəhs etdikdə məqsədimiz erməniləri müdafiə
deyil, kəndi siyasətimiz, türk siyasət-i umumiyesi
nokta-yı nəzərindən baxır və məsələni
bu siyasət kaidəsinə həll etmək istəyirik...".
Beləliklə, yaradılması
razılaşdırılmış erməni federasiyası
üçün siyasi mərkəz lazım idi. Aleksandropolun
Türkiyəyə keçməsindən sonra belə mərkəz
kimi İrəvan şəhəri nəzərdə
tutulmuşdu. Birinci Dünya müharibəsinin
son mərhələsində hərbi əməliyyatların gedişatı
Osmanlı dövlətinin məğlubiyyəti ilə
müşayiət olunanda artıq türk
qoşunlarının nəzarət altında
saxladığı əraziləri tərk etməsi erməni
nizamı qüvvələrinin həmin əraziləri zəbt
etməsi ilə nəticələndi. Həmin
ərazilər Osmanlı dövlətinin Batum konfransında Azərbaycan
nümayəndələrinə güzəştə getmədiyi
torpaqlar idi. Osmanlı tərəfinin
üzərində israrla dayandığı həmin ərazilər
nə özünə, nə də Azərbaycan Cümhuriyyətinə
qalmadı. Naxçıvan, Şərur,
Sürməli istisna olmaqla (onların müqəddəratı
da çox keşməkeşli oldu və sovet hakimiyyəti illərində
həllini tapdı) İrəvan, Uluxanlı, Vedibasar,
Gümrü ermənilər tərəfindən tutuldu.
Sonda
İrəvan quberniyasının Osmanlı nəzarəti
altında olan əraziləri və Azərbaycan Cümhuriyyətinə
aid hissələri Ararat (erməni) respublikasının hakimiyyəti
altına keçdi. Cənubi Qafqazın azərbaycanlıların
kompakt yaşadığı tarixi yurdu olmuş İrəvan
quberniyasının əksər ərazisi Azərbaycan dövləti
üçün itirildi.
Regiondakı
geosiyasi vəziyyətdən yaranmış Azərbaycan
Cümhuriyyəti düz bir il əvvəl
"Azərbaycan muxtariyyəti" üçün nəzərdə
tutulmuş əraziləri tam əhatə edə bilmədi.
Muxtariyyətin əhatə edəcəyi ərazilərə
dair 1917-ci ilin dekabrında mövqe belə idi: "Azərbaycan
muxtariyyətindən bəhs olunuyorsa, həmən İrəvan,
Gəncə və Bakı quberniyaları ilə sair Zaqafqaziya
uyezd və mahallarından bəhs olunuyor deməkdir".
"Azərbaycan müxtariyyəti"nin
gerçəkləşməsinə imkan verməyən daxili
və xarici qüvvələrin müqavimətinə
baxmayaraq, son dərəcə mürəkkəb şəraitdə
qismən kiçik ərazidə müstəqil Azərbaycan
dövlətini qurmaq mümkün oldu.
Azərbaycan Cümhuriyyəti mövcudluğunun sonunadək İrəvan quberniyasına aid hüquqlarını reallaşdırmağa səy göstərdi. Cümhuriyyətin yaranması ərəfəsində yad hakimiyyət altında olan Bakı quberniyası, Bakı şəhəri uğrunda mübarizə artıq beynəlxalq məzmun aldı. Beynəlxalq münasibətlərdə "Bakı məsələsi"nin meydana gəlməsi Qafqaz-Xəzər regionu uğrunda rəqabətin kəskinləşməsinin yaratdığı problem oldu. Azərbaycan Cümhuriyyətinin bəyan edilməsindən sonra hakimiyyətin qarşısına qoyduğu bir nömrəli vəzifə paytaxt elan etdiyi Bakı şəhərini düşmən qüvvələrdən azad edib geri qaytarmaq idi.
Azərbaycan hökuməti müvəqqəti yerləşdiyi Gəncədə Bakı uğrunda qətiyyətli mücadilə apardı. Britaniya hərbçilərinin Azərbaycan milli mənafeyinə düşmən qüvvələrlə eyni cəbhədə mövqe tutması, Rusiya-Almaniya məxfi sövdələşməsi (sovet Rusiyasının Almaniya vasitəsilə Osmanlı imperiyasına təzyiqi Bakı üzərinə yürüşü ləngitsə də, dayandıra bilmədi), Osmanlı dövlətinə qarşı təzyiqlər müstəvisində Azərbaycan-Osmanlı birgə əməliyyatları Bakının azad olunması ilə nəticələndi. Beynəlxalq vəziyyətin Antantanın xeyrinə dəyişməsi Rusiyanın Almaniya və onun müttəfiqləri ilə bağladığı sazişə marağını zəiflətdi. Digər tərəfdən, Türkiyə və Azərbaycanın təzyiqi Almaniyanın Rusiya ilə avqust sazişindən imtina etməsində az əhəmiyyətli deyildi .
Cümhuriyyətin bəyan edilməsi ərəfəsində regionda əsas aktorlar kimi fəaliyyət göstərmiş dövlətlərdən Böyük Britaniya, Rusiya Azərbaycan dövlətinin müqəddəratına sonadək təsir göstərdilər. Almaniya və Osmanlı imperiyaları dünya müharibəsində məğlub olduqlarından regionla bağlı proseslərə müdaxilə etmək iqtidarında deyildilər. "Böyük müharibənin bütün çətinliklərində müttəfiq olan Almaniya və Türkiyə Cənubi Qafqaz siyasətində bir-birinə qarşı durmalı olmuşdu" . Qalib Antantanın parçalamaq istədiyi Osmanlı dövlətində başlanan milli-istiqlal savaşı artıq yeni bir Türkiyənin yaranmasından xəbər verirdi. Türkiyə milli-istiqlal hərəkatı ilə sovet Rusiyasının regionda uzlaşan maraqları və Antanta qüvvələrinin əməli (hərbi) yardım göstərməməsi Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda məşum rol oynadı.
Firdovsiyyə
ƏHMƏDOVA,
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Tarix kafedrasının müdiri, əməkdar
müəllim
Azərbaycan.-2014.- 27 may.- S.7.